Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb. “Turan” səfirliyə istinadən xəbər verir ki, Libbi həbs olunanların azad edilməsinin vacibliyini qeyd edib.
“ABŞ əmindir ki, müstəqil və fəal vətəndaş cəmiyyəti məsuliyyətli cəmiyyətin tərkib hissəsidir və həbs olunanlar cəmiyyətdə vacib işlərini davam etdirmələri üçün azad edilməlidirlər”, deyə səfir bildirib.
Görüşdə Tofiq Yaqublunun qızı Nigar Həzi, jurnalist Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova və III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştirak ediblər.
Musavat.com bildirir ki, Azərbaycan Ombudsmanı yanında Milli Preventiv Qrupun(MPQ) üzvləri isə 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalistlərə və fəallara baş çəkiblər.
MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan şəxslərlə, o cümlədən Ələsgər Məmmədli, Ruslan İzzətli, Əvəz Zeynallı, Ülvi Həsənli, Sevinc Abbasova, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı, İmran Vəliyev və Teymur Kərimovla konfidensial qaydada görüşlər keçirilib, onların saxlanılma şəraiti və sağlamlıq vəziyyəti araşdırılıb, müraciətləri dinlənilib, deyə press-relizdə qeyd edilib.
Xatırladaq ki, adı çəkilən şəxslərin, demək olar ki, hamısı “Abzas Media” və “Toplum TV”-nin işləri üzrə həbs olunub. Daha bir nəfər - Teymur Kərimov Kanal-11 “Youtube” kanalının rəhbəridir.
Fikrət Yusifov
Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən sabiq maliyyə naziri, professor Fikrət Yusifov dedi ki, müstəqilliyimizin ilk illərindən bu günə qədər ABŞ və Qərbin Azərbaycana qarşı ədalətsiz davranışının şahidiyik: “Otuz il ərzində onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün real nəticəyə hesablanmış heç bir addım atmadılar. Atılan addımlar da gözdən pərdə asmaq üçün edildi və onların heç biri işləmədi. Bu güclər torpaqlarımızı işğaldan azad etdikdən sonra isə min bir oyun oynayaraq, Azərbaycanı cəzalandırmağa qalxıblar və artıq 3 ildən çoxdur ki, bu yolda dəridən-qabıqdan çıxırlar. Bütün bunların fonunda biz ABŞ-nin və Avropa İttifaqının səmimiliyinə necə inanamalıyıq? Azərbaycana qarşı etdikləri bu qədər haqsızlıqdan, ədalətsizlikdən sonra biz bunların səmimiyyətinə necə güvənə bilərik? Bu mümkün deyil. Bunlar 30 ildən çoxdur ki, bizə yalan danışırlar, haqsızlıq edirlər, iş bərkə düşəndə isə ikiüzlülük edib izləri azdırmaq üçün “bir neçə qapıya oynamaqla” vəziyyətdən çıxmağa çalışırlar. Ancaq 30 ildən çox bizim “ağımıza qara” deyən bu “ağalar” anlamaq istəmirlər ki, onlar dəvəquşu kimi başlarını otun içərisində gizlətsələr də, böyük gövdələri uzaqdan aydın görünür”.
Professor əlavə edib ki, Azərbaycan hökuməti bu çirkin oyunu oynayanların xislətini çox yaxşı bilir: “Biz bunların riyakarlığının arxasında gizlədilən oyunların əsl mahiyyətini vaxtında dəyərləndirməsəydik, indiyə qədər çox acılar yaşamış olardıq, hətta müstəqilliyimiz böyük təhlükə altına düşərdi. Müstəqil dövlət kimi ən böyük uğurlarımızdan biri də budur ki, biz istəklərini riyakarlıqla, yalanla reallaşdırmağı xarici siyasətlərinin ana xəttinə çevirmiş bu güclərə güvənmədik və çox haqlı olaraq bu gün də onlara güvənmirik. Dəfələrlə demişəm, bir daha təkrar edirəm, demokratiya, söz və insan azadlığı kimi alətləri çirkin bir vasitəyə çevirib, başqalarının haqqını ayaqlar altına almaq istəyənlərə qarşı biz həmişə ayıq-sayıq olmalıyıq. Baxın, bunlar bu gün Gürcüstanda nələr edirlər? On il bundan öncə eyni işi Azərbaycanda etmək istəyirdilər. Lakin biz içimizdən olan satqınlarla iş birliyi yaradıb Azərbaycanı daxildən qarışdırmaq istəyənlərə vaxtında “dur” dedik. Şuşa 3 ildən çoxdur ki, işğaldan azad edilib. Bütün diplomatik nümayəndələr oranı ziyarət etdikləri halda, ABŞ səfiri bu qədər vaxt ərzində bunu nədən etmirdi? Şuşa Azərbaycanın qəlbidir. Şuşaya bu münasibəti sərgiləyən səfirə və onun dövlətinə biz necə rəğbət bəsləyə bilərik? Mədəni paytaxtımıza səfər etməyən bir diplomat da Fransa səfiridir. Baxın, ABŞ və Fransa! Eyni oyunu oynayırlar. O yerdəki, ABŞ Azərbaycanla bütün körpüləri yandırmaq istəmir, orada Fransa prezidentini bizim üzərimizə qaldırır. Bunlar düşünürlər ki, biz bu oyunların necə qurulduğunu və necə oynanıldığını görə bilmirik. Cənablar, bilin ki, sizlər bu oyunu başlamazdan öncə biz nə edəcəyinizi bilirik. Elə keçən ilin sentyabr ayında bir günlük antiterror əməliyyatımız kimi – niyyətinizi öncədən bildik və siz nəfəsinizi dərməmiş əməliyyatı başlayıb bir sutka ərzində bitirdik! Sizin də bunu seyr etməkdə başqa çarəniz qalmadı... Bax bunları həzm edə bilmirsiniz! İndi ABŞ səfiri Azərbaycanda siyasi məhbuslardan, söz və insan azadlığından danışır. O məhbusların hamısı sizin qurduğunuz tora düşmüş zavallılardır...”
Afaq Mirayiq,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ