Onlayn ictimai-siyasi qəzet
ABŞ Kosmik Agentliyi (NASA) Ayın səthində nüvə reaktoru qurmaq planını sürətləndirir. Bu addım sadəcə elmi layihə deyil, bəşəriyyəti kosmosda yeni soyuq müharibəyə aparan təhlükəli bir ssenari işə salınıb.
Musavat.com xəbər verir ki, bu haqda “Politico” nəşri yazıb.
NASA rəhbərliyi açıq şəkildə Çin və Rusiyanın eyni planlar qurduğunu bildirir. Bu isə o deməkdir ki, Ayda nüvə reaktorları yalnız enerji deyil, gələcəkdə hərbi bazaların əsas infrastrukturu olacaq.
Amma ən qorxunc sual budur: Ayda nüvə enerjisi ilə işləyən obyektlər yalnız araşdırma məqsədi daşıyacaq? Yoxsa burada raket sistemləri, kosmik silahlar və hətta yeni müharibə texnologiyalarının sınaq meydanı qurulacaq?
Hərbi şərhçi Ramil Məmmədli Musavat.com-a deyib ki, ABŞ-ın Ayda nüvə reaktoru planı yeni bir mərhələnin başlanğıcıdır:
“Bu layihə ilə ABŞ kosmosda strateji üstünlük qazanmaq istəyir. Ayda nüvə reaktoru qurmaq gələcəkdə orada daimi hərbi-siyasi baza yaratmaq deməkdir. Çin və Rusiyanın da bu yarışda olması göstərir ki, Ay artıq yeni qarşıdurma meydanıdır. Bu, kosmosun militarizasiyasıdır”.
Hərbi şərhçi bildirib ki, ABŞ bu addımı ilə Rusiyanı tam sıxışdırmaq, Çinə qarşı isə üstünlük qazanmaq niyyətindədir. Bu da yeni təhlükələr yaradır:
“Ayda qurulacaq nüvə reaktoru sabah orada raket sistemlərinin, enerji ilə işləyən silah texnologiyalarının yerləşdirilməsinə zəmin ola bilər. Kosmosdakı nüvə yarışının nəticələrini proqnozlaşdırmaq mümkün deyil, bu, Yer kürəsi üçün də ciddi təhlükədir. NASA-nın Ayda nüvə reaktoru qurmaq planını yalnız elmi layihə kimi qiymətləndirmək yanlış olar. Dünyanın ən güclü dövlətləri kosmosda yeni müharibə mərhələsinə hazırlıq içindədirlər. ABŞ üstünlüyünü qorumağa çalışır, Çin və Rusiya isə meydanı boş buraxmır. Kosmosda baş verəcək bu qarşıdurma bəşəriyyəti yeni risklərə yaxınlaşdırır”.
Ramil Məmmədli vurğulayıb ki, ABŞ-ın Ayda nüvə reaktoru planı Rusiyanın və Çinin yaratdığı yeni təhlükələrə də cavabdır:
“Rusiya “Kinjal”, “Avanqard” və “Zirkon” kimi hipersonik raketlərlə ABŞ və NATO üçün ciddi strateji risk yaradıb. Bu raketlər çox sürətli və manevrli olduqları üçün Yer üzündə qurulan ən müasir hava və raketdən müdafiə sistemlərini dəf edə bilir.
ABŞ bu təhlükəyə cavabı kosmosdan vermək istəyir. ABŞ orbitdə lazer silahları və yüksək enerjili müdafiə sistemləri yerləşdirəcək. Bu texnologiyalar üçün fasiləsiz və güclü enerji lazımdır. Ayda qurulacaq nüvə reaktoru məhz bu ehtiyacı ödəyəcək. Məqsəd orbitdən Rusiyanın və Çinin hipersonik raketlərini hədəfə çatmadan məhv etməkdir”.
Hərbi şərhçi qeyd edib ki, ABŞ bu addımı ilə həm də geosiyasi güc mesajı verir:
“Vaşinqton göstərir ki, müharibənin gələcəyi yalnız Yer üzündə deyil, kosmosdadır. ABŞ oyunun qaydalarını dəyişir və rəqiblərin üstünlüyünü neytrallaşdırmağa çalışır. Bu isə yeni, daha təhlükəli bir silahlanma yarışının başlanğıcıdır.
Çin və Rusiya da Ayda enerji stansiyası qurmaq planlarını açıqlayıblar. Beləliklə, Ay tədricən böyük dövlətlərin qarşıdurma meydanına çevrilir. Bu yarış nəzarətsiz qalarsa, Yer üzündəki münaqişələr kosmosa da daşına bilər”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ