Onlayn ictimai-siyasi qəzet
ABŞ başda olmaqla Qərb istər Yaxın Şərq, istər Ukrayna, istərsə də Cənubi Azərbaycanla bağlı hər zaman eyni mövqedən çıxış ediblər. Eyni zamanda Almaniya və Fransanın timsalında Avropanın özünü güc mərkəzi kimi təqdim etməyə çalışmasının əlamətləri görünürdü. Böyük Britaniya isə fərqli mövqe sərgiləyərək Avropanın birliyini pozurdu.
Bu fikirləri Musavat.com-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı Münhen Təhlükəsizlik Konfransının gedişatında açıq hiss olunan ABŞ-Avropa qarşıdurması ilə bağlı bildirib.
O qeyd edib ki, Avropa ilə Tramp administrasiyasının Ukraynayla bağlı maraqları ziddir:
“Tramp müharibəni dayandırmaq istəyir, amma Avropa müharibənin Rusiyanın üstünlüyü ilə dayanmasından ehtiyat edir. Bu, Avropa üçün təhlükə yarada bilər. Eyni zamanda Avropa güc mərkəzi olduğunu göstərmək istəyir. Bu dəfə İngiltərə də dəstəyini göstərir. ABŞ ilə rəqabətin nəticə verəcəyi çətindir. ABŞ-nin təsir imkanları genişdir, Avropada hərbi bazaları mövcuddur. Belə görünür ki, ABŞ müəyyən məsələlərdə müttəfiqi İngiltərəyə görə Avropanın mövqeyini nəzərə almalı olacaq.
Hazırda əsas qarşıdurma Ukraynaya görədir. Müşahidələr göstərir ki, ABŞ Qərb birliyinin pozulması üçün Avropanın müəyyən istəklərini nəzərə alacaq. Avropa da sona qədər anti-ABŞ mövqeyində qalmayacaq”.
Akif Nağı hesab edir ki, ABŞ müxtəlif səviyyələrdə sülh prosesinin davamına cəhd edir:
“Avropa bunun əleyhinə olduğu üçün prosesə qarşı çıxır. Münhen Təhlükəsizlik Konfransına Rusiyanın dəvət olunmaması ondan xəbər verir ki, Avropa Rusiya ilə münasibətlərin yumşalmasında maraqlı deyil. ABŞ ilə Avropa arasında konfrontasiya bu məsələdə də özünü göstərir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ