İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qarabağ müharibəsində Türkiyədən nə istəyib? - İbrahim Kalının incə mesajı

Ərdoğanın sözçüsü ilk dəfə açıqladı ki, 44 günlük savaşda qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi Vaşinqtonu narahat edib, hətta Amerika təzyiq göstərib - ekspert rəyləri

“Qarabağ müharibəsində Azərbaycanın yanında olanda amerikalılar bizə dedilər ki, siz çox yaxşı iş görürsünüz. Amma bunun tam əksi ilə üzləşdik”. “Yeni Müsavat” xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın belə deyib.

Türkiyə hökumətinin rəsmisi qeyd edib ki, rəsmi Ankara beynəlxalq miqyasda müstəqil siyasət yürüdür: “Liviya məsələsində də belə oldu. Biz milli təhlükəsizliyimizə və maraqlarımıza toxunan məsələlərdə planlarımızı ABŞ və başqa ölkələrin icazəsi olmadan həyata keçiririk. Yeri gəldi, İsraillə toqquşduq. Ən böyük təzyiqi oradan görmədikmi? Onda da deyirdilər ki, iş bitib, belə edəcəklər və s. NATO üzvü kimi S-400-ləri almışıq. Bu bizim birinci seçimimiz deyildi, Türkiyə məcbur oldu. Bizim üstünlük verdiyimiz şey NATO alyansı çərçivəsində təhlükəsizlik ehtiyaclarımızı ödəmək idi. Xarici siyasətdə heç bir tərəddüd içində deyilik”.

“Bu, bütün dövlətlərlə körpüləri qırmaq və hamı ilə döyüşmək demək deyil. Müəyyən məsələlərdə razılaşırsınız, onların perspektivləri dəyişir. Xarici siyasətimizdə ABŞ-ın nə deyəcəyini, Avropanın nə deyəcəyini düşünmürük. Öz maraqlarımız nəyi tələb edirsə, onu həyata keçiririk. Razılaşa bilsək, birlikdə gedək deyirik, razılaşa bilmiriksə, yolumuza gedirik”, - Ərdoğanın sözçüsü vurğulayıb.

İbrahim Kalının dediklərindən anlaşılan gerçək budur ki, Vaşinqton 44 günlük Qarabağ savaşında Türkiyənin Azərbaycana mənəvi dəstəyindən ciddi narahat olub. Türkiyə prezidentinin köməkçisi təfərrüatları açıqlamasa da, Ankaranın, ümumiyyətlə, müstəqil siyasətindən ABŞ-ın narahat olduğunu gizlətməyib. Bu həm də o deməkdir ki, müharibə davam edərkən və ondan sonra Vaşinqtondan Türkiyəyə siyasi təzyiqlər olub. Qarabağ müharibəsi zamanı ABŞ-da prezident seçkiləri kampaniyası olsa da, müəyyən dairələrin Azərbaycana mənəvi dəstəyinin dayandırılması üçün Türkiyəyə qarşı fəaliyyətdə olduqlarını deməyə əsas verir. Türkiyə isə ilk dəfədir ki, bu faktı açıqlayır. Maraqlıdır, Amerika qardaş ölkəyə hansı təzyiqləri göstərib? ABŞ Türkiyədən nə tələb edə bilərdi?

Arzuxan Əlizadə: “Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir”

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a vurğuladı ki, ABŞ Türkiyənin güclənməsində maraqlı deyil. Partiya sədrinin sözlərinə görə, ABŞ-da siyasi dairələr Türkiyə və Azərbaycanın gücündən narahat olublar: “Görünür, Amerikada ilk vaxtlarda torpaqların işğaldan azad olunmayacağı qənaətində olublar, ona görə əvvəlcə Ankaranın mövqeyini bəyəniblər. Lakin sonrakı gedişat ABŞ-ı qane etməyib. Ancaq təzyiqlərin nəticəsi olmayıb. Türkiyə rəhbərliyi ayrı-ayrılıqda ciddi dəstək bəyanatları verdi. Türkiyə istehsalı olan ”Bayraktar"lar müharibənin taleyinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Bu gün də dəstək davam edir". A.Əlizadə qeyd etdi ki, həmçinin Şuşa Bəyannaməsini imzalamaqla iki qardaş dövlət hərbi müttəfiqliyini yüksəltdi: “Bundan narahat olan güclər var və birinin də Amerika olması istisna deyil. Amma Türkiyə müstəqil siyasət yürüdür və 44 günlük müharibə dönəmində hər nə qədər Ankaraya təzyiqlər olsa belə, siyasətini davam etdirir”.

Bakı mühüm layihələrdə bəzən müxtəlif ölkələrin qeyri-adekvat siyasəti ilə  qarşılaşır -

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə, Türkiyə bu təzyiqlərdə həqiqətin nədən ibarət olmasını yaxşı bilir: “ABŞ-da hər zaman Cənubi Qafqazın perspektivləri ilə bağlı baxış bucağı müzakirə edilirdi. Respublikaçılardan sonra Demokratlar hakimiyyətə gələndə Türkiyəyə, Ermənistana və Azərbaycana münasibət fərqləndi. Ona görə İbrahim Kalının sözlərində təəccüblü heç nə yoxdur. Türkiyənin regionda artan rolundan ABŞ narahatlıq keçirir. Vaşinqtonun marağı budur ki, onun icazəsi olmadan heç bir dövlət regional lider kimi fəaliyyət göstərməməlidir”.

Z.Məmmədov hesab edir ki, müharibə dövründə Azərbaycana ciddi təzyiqlər vardı, amma ABŞ-Azərbaycan, ABŞ-Türkiyə dialoqu nəticəsində hazırkı vəziyyətə gəlib çıxmışıq: “Vaşinqtonda yaxşı bilirlər ki, bölgədə geosiyasi konfiqurasiya dəyişirsə, Türkiyə və Azərbaycanı qarşısına almaq yanlışlıq olar. Təbii ki, müharibə vaxtı Minsk Qrupunun üzvləri ermənipərəst mövqeyi ilə seçilirdilər. Amma bu il ”907-ci düzəliş"lə bağlı qərarın ləğvi də bir il uzadıldı. Yəni Amerika bu reallıqları artıq qəbul edir".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Türkiyədə fəaliyyət göstərən siyasi ekspert Ramiyə Məmmədova isə Amerikanın Ankaradan gözləntiləri olduğunu düşünür:  “Ağ Evdə hesab edirlər ki, Türkiyə onların cızdığı dairədə hərəkət etməlidir. Bu dairədə ona müstəqil qərarlar qəbul etmək imkanları da verilir, amma hər şey ABŞ-ın müəyyən etdiyi ”sərhəd"lərdə başlayıb-bitməlidir. Ankara isə belə boyunduruq şərtlərini qəbul edə bilməzdi. Ona görə Suriya, Liviya, PKK məsələsi, Qarabağ müharibəsi, eləcə də bu gün Finlandiya və İsveçin NATO-ya üzvlüyündə öz müstəqil mövqeyini ifadə etməkdədir. Bundan əlavə, Rusiya-Türkiyə münasibətləri, Ukraynada gedən müharibədə Ankaranın sərgilədiyi mövqe Birləşmiş Ştatları razı sala bilməz. Əlbəttə, Kalın demək istəyir ki, bölgədə problemin həllini Amerika alqışlayıb, amma savaşda Türkiyənin bizə siyasi-mənəvi dəstəyi ürəyincə olmayıb. Lakin Ərdoğan hakimiyyəti dövlətin maraqlarından çıxış edərək siyasət aparır. Ankara əsla Vaşinqtonun təzyiqinə görə Qarabağ müharibəsində bizə mənəvi dəstəyi dayandırmazdı".

Siyasi şərhçinin fikrincə, Türkiyənin Cənubi Qafqazda Rusiyanın şəriksiz hegemonluğuna son qoymasını da qeyd etmək lazımdır ki, bir tərəfdən bu da NATO-ABŞ qüvvələrini razı salır: “Onlar bunu da görürlər və tam olaraq Türkiyəyə basqı etmirlər. Türkiyənin bölgədə varlığı elə dolayısı ilə NATO-nun mövcudluğu deməkdir. Türkiyə müstəqil siyasətinə və S-400-lər səbəbindən də Amerikadan təzyiqlərlə üzləşib. Yəni tək Qarabağ müharibəsi ilə sıxma-boğma məhdudlaşmır. Ancaq bu gün Ankara türkdilli ölkələrlə əlaqələri gücləndirir, Zəngəzur dəhlizinin açılmasında mövqeyini açıq bildirir, Ermənistanla sərhədlərin açılması şərtlərini bəyan edir, yəni postmüharibə dönəmində də Türkiyə Azərbaycanın yanındadır, ABŞ bu reallığı görməkdədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR