Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda yeni "savaş poliqonu" üçün ciddi hazırlıq aparılır. Üstəlik, bu hazırlığın arxasında məhz davamlı olaraq, regional sülhdən və sabitlikdən danışan Qərb siyasi dairələri dayanır. Xüsusilə də, ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda yeni "savaş poliqonu"nun sponsorluğunu öz üzərlərinə götürüblər. Və bu baxımdan, Qərb siyasi dairələrinin regional sülh prosesinə pozitiv dəstəyindən danışmaq tamamilə yersizdir, hətta yolverilməzdir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Cənubi Qafqaz siyasətində onilliklər boyu mövcud olmuş prioritetlər hələ də dəyişməz olaraq, qalmaqdadır. Keçmiş SSRI-nin dağılmasından sonra Qərb siyasi dairələri birmənalı şəkildə ermənipərəst mövqe tutmağa üstünlük verirdilər. Ermənistan Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini işğal etmişdi. Ancaq ABŞ işğalçı Ermənistana deyil, məhz Azərbaycana qarşı hərbi sanksiyaların tətbiqinə qərar vermişdi. Və ABŞ-ın Azərbaycana silah satışını qadağan edən 907-ci düzəliş də məhz həmin dövrdə icad olunmuşdu, elə indi də qüvvədədir.
Yəni, o dövrdən başlayaraq, indiyə qədər keçən müddət ərzində demək olar ki, elə bir ciddi dəyişiklik olmayıb. ABŞ, Avropa Birliyi və Fransa hələ də Ermənistanı hərtərəfli himayə edir. Ermənistanı yenidən silahlandırıb, Cənubi Qafqazda növbəti dəfə silahlı toqquşmalara zəmin hazırlamağa cəhd göstərir. Üstəlik, buna paralel olaraq da regional sülhə və sabitliyə dəstək verdiyini də vurğulayır. Və bu baxımdan, Qərbin siyasi riyakarlığı təkrarsız davranış məzmunu almaqdadır.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülh və sabitlik istiqamətində real fəaliyyət göstərən yeganə geopolitik iradə sahibi rolunda məhz Azərbaycan çıxış edir. Rəsmi Bakı artıq dəfələrlə Ermənistana və onun beynəlxalq himayədarlarına yekun sülh sazişinin imzalanmasını təklif edib. Ancaq buna baxmayaraq, həm rəsmi İrəvan, həm də ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını əngəlləməyə daha çox üstünlük verirlər. Qərb siyasi dairələri hətta Ermənistanı Qafqaz sülh masasından mümkün qədər uzaqlaşdırmağa çalışırlar. Və bu səbəbdən də Cənubi Qafqazda sülh prosesi dalana dirənib.
Təbii ki, rəsmi Bakı regional sülh prosesinin qarşısında olan əsas əngəlin hansı istiqamətdən yaradıldığını tam dəqiqliyi ilə bilir. Ona görə də, rəsmi Bakı Cənubi Qafqaza regiondan kənar müdaxiləni bloklamaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Hazırda Azərbaycan Qərb siyasi dairələrinin regional sülh prosesində vasitəçilik etməsinə birmənalı şəkildə qarşı çıxır. Rəsmi Bakı Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesinin ikitərəfli və birbaşa təmaslarla davam etməsinə üstünlük verir. Və bu, Qərb siyasi dairələrini qıcıqlandıran əsas məqamlardan biridir.
Məsələ ondadır ki, Qərb siyasi dairələri Cənubi Qafqaza təsir mexanizmlərinin mövcudluğunda maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Çünki belə mexanizmlər ABŞ və Qərbə bu regiona kobud müdaxilə imkanlarını təmin edir. Rəsmi Bakı isə tədricən Qərb siyasi dairələrini belə kobud müdaxilə mexanizmlərindən məhrum buraxır. Nəticədə Qərb bir tərəfdən qəzəblənir, digər tərəfdən isə Ermənistanı sülh prosesindən mümkün qədər uzaqlaşdırmağa çalışır. Və bu, Qərb siyasi dairələrinin regional sülhə ən ciddi əngəl olduqlarını birmənalı şəkildə təsdiqləyir.
Təbii ki, ABŞ və Qərbin Cənubi Qafqaza kobud müdaxilə mexanizmlərindən biri də ATƏT-in Minsk Qrupu sayılır. Belə ki, Minsk Qrupu və bu qurumun üç həmsədri - ABŞ, Fransa və Rusiya 30 il ərzində beynəlxalq ictimaiyyət adından Ermənistanın himayəsi ilə məşğul olublar. İşğalçı Ermənistanı Azərbaycandan müdafiə etmək üçün çoxsaylı bəhanələr uydurublar. Hətta beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstəriblər.
Yəni, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsini tələb edən dörd qətnaməsi mövcud olsa da, Minsk Qrupu həmin sənədlərin icrası istiqamətində heç bir addım atmayıb. Əksinə, həmsədrlər BMT qətnamələrini sabotaj etməklə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə birmənalı şəkildə dəstək veriblər. Nəticədə BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrinin icrasını məhz Azərbaycan ordusu təmin etməli olub. Və Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyəti üçün də heç bir siyasi-hüquqi predmet qalmayıb.
Ona görə də, rəsmi Bakı Minsk Qrupunun fəaliyyətinin ləğv olunduğunu bəyan etməsi tamamilə doğru yanaşmadır. Artıq bu qurumun mövcud olmasına da qətiyyən ehtiyac yoxdur. Bu səbəbdən də, Ermənistanla sülh danışıqlarını davam etdirən rəsmi Bakı Paşinyan hakimiyyətinə Minsk Qrupunun ləğv olunması barədə ATƏT-ə ortaq müraciətin göndərilməsini təklif edib. Və Azərbaycanın bu prinsipial mövqe Cənubi Qafqazda mövcud olan yeni geopolitik şərtləri tamamilə ifadə edir.
Ancaq rəsmi İrəvan Minsk Qrupundan imtina etmək istəmədiyini biruzə verir. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu barədə açıqlamasında Minsk Qrupu ilə sülh sazişinin müzakirə prosesində əməkdaşlığın mümkünlüyü vurğulanır. Yəni, rəsmi İrəvan Cənubi Qafqazda sülh və sabitlik şanslarını 30 il ərzində bloklamış Minsk Qrupunu növbəti dəfə regional proseslərə qaytarmaq niyyətini sezdirir. Və böyük ehtimalla rəsmi İrəvanın bu niyyətinin arxasında ABŞ-Fransa cütlüyünün geopolitik maraqları gizlənir.
Ağ Evdən bu barədə verilən açıqlamada isə ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləmək üçün istənilən formatda əməkdaşlığa hazır olduğu vurğulanır. Bu isə o deməkdir ki, ABŞ da Minsk Qrupunun yenidən regional geopolitik məkana qaytarılmasında maraqlıdır. Böyük ehtimalla rəsmi İrəvana bu barədə Ağ Evdən təlimatlar artıq göndərilib. Və bu, onu göstərir ki, Qərbdə Cənubi Qafqazdakı sülh prosesini bloklamaq üçün istənilən imkandan yararlanmağa çalışırlar.
Rəsmi Bakının Minsk Qrupunun yenidən geri dönüşünə imkan verəcəyi qətiyyən inandırıcı görünmür. Belə ki, Azərbaycan bu qurumla əməkdaşlığı dayandırdığını rəsmən bəyan edib. Üstəlik, rəsmi Bakı ABŞ, Avropa Birliyi və Fransanın regional sülh prosesinə hər hansı formatda müdaxiləsinə də açıq-aşkar müqavimət göstərir. Və bu baxımdan, həm Ermənistanın, həm də ABŞ-ın Minsk Qrupu oyunlarının baş tutacağı qətiyyən inandırıcı deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ