İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Minsk Qrupuna qadın həmsədr təyin etdi - yeni “ölü diriltmə” cəhdi, yoxsa...

Politoloq: “Amerika prosesdə Rusiyanın aktiv iştirakından ciddi surətdə narahatdır”

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri dəyişdirilib. Endryu Şofer həmsədrlikdən geri çağırılıb və onun yerinə Lora Okla təyin edilib. Lora Okla qadın diplomatdır. Qeyd edək ki, o, Minsk Qrupu yaradıldıqdan indiyə qədər keçən 30 ilə yaxın müddətdə ilk xanım həmsədrdir.  Minsk Qrupunun gözdən və gündəmdən düşdüyü, fəaliyyətinin demək olar dayandırıldığı bir vaxtda ABŞ-ın bu təsisatda həmsədri dəyişməsi və qadın siyasətçini təyin etməsi nədən xəbər verir?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bir müddət keçmiş həmsədr ölkələrin, o cümlədən ABŞ-ın Azərbaycanın israrlı mövqeyi qarşısında həmsədrlik “missiysı”ndan geri çəkildikləri təsəvvürü yaranmışdı. Onlar hətta keçmiş həmsədrlərini səfir adlandırmağa başlamışdılar. Amma son bir neçə ay ərzində yenidən fəallaşdılar, təkidlə əvvəlki formatı, Minsk Qrupu həmsədrləri institutunu bərpa etməyə çalışırlar. Bu yöndə ABŞ daha fəal görünür, Fransa, Almaniya və digərləri də canfəşanlıq edirlər: “ABŞ-ın yeni “həmsədr” təyin etməsi bu mövqedən geri çəkilmək istəmədiyini göstərir. ABŞ dövlət katıbinin köməkçisi Donfridin regiona səfəri zamanı verdiyi açıqlamalar, iki gün əvvəl Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bürosunun səsləndirdiyi mövqe ABŞ rəhbərliyinin Minsk Qrupu həmsədrlərini diriltmək cəhdindən geri çəkilmək istəmədiyini göstərir. İlk qadın həmsədrin təyin olunması da müəyyən məqsədlərdən xəbər verə bilər. Bu mənada çox fərziyyələr söyləmək olar. Ola bilər ki, Vaşinqton Bakının sərt mövqeyini yumşaltmaq üçün qadın faktorundan istifadə etmək məqsədi güdür.

Bakupost.az - Prezidentliyə daha bir namizəd - Akif Nağı

Akif Nağı

İstənilən halda bilməliyik ki, Ermənistan keçmiş ”Dağlıq Qarabağ"da Araikin rəhbərliyi altında qalmış terror qrupunu qoruyub saxlamağa, ona legitimlik donu geyindirməyə çalışır. ABŞ və Fransa da bu məsələdə maraqlıdır. ABŞ və Fransa terror qrupunun orada legitimləşdirilməsi üçün Minsk Qrupundan istifadə etməyə çalışır, Rusiya isə bu prosesi təkbaşına həyata keçirməyi düşünür. Ermənistan daha çox həmsədrlər institutunun bərpasını istəyir, bu vasitə ilə istəyinə çatmağa çalışır. Azərbaycan proseslərin mahiyyətini anlayır və müqavimət göstərir. Rəsmi Bakı bu qrupun öldüyünü elan edib, indi sübut etməlidir ki, qəbiristanlığa gedən ölü geri qayıtmır, hətta “qadın cazibəsi” də bu məsələdə gücsüzdür!"

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov dedi ki, ATƏT-in Minsk Qrupunu diriltmək cəhdləri qəbul edilməzidr. Minsk Qrupu Azərbaycanla Ermənistan arasında olan Qarabağ münaqişəsini həll etmək məqsədilə yaradılmışdı. 30 ilə yaxın Minsk Qrupu mandatından irəli gələn normal fəaliyyət göstərmədi və üzərinə qoyulan işi yerinə yetirmədi. Nəticədə Qarabağ məsələsini Azərbaycan beynəlxalq qanunlara, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsalanaraq öz gücünə həll etdi. 44 günlük müharibədən sonra Minsk Qrupunun mandatı formal hala düşmüş oldu. Lakin Ermənistan və dünyadakı erməni diasporu çalışır ki, artıq fəaliyyəti sona çatmış olan Minsk Qrupu yenidən dövriyyəyə girsin. Minsk Qrupunun yenidən dirçəltməyə cəhdlərin heç bir mənası və məntiqi izahı yoxdur. ABŞ-ın yeni həmsədr təyin etməsi də formaldır və bununla nəyinsə dəyişməsi mümkün deyil və yerdəyişmələrin heç bir praktiki əhəmiyyəti olası deyil. Azərbaycanla Ermənistan arasında danışıqlarda, sülh prosesində, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Rusiya, Avropa İttifaqının sədri iştirak edir. Ona görə də bundan sonra ATƏT-in Minsk Qrupuna heç bir ehtiyac qalmayıb. ABŞ prosesdə Rusiyanın aktiv iştirakından ciddi surətdə narahatdır. Ona görə də Minsk Qrupunun diriltməyə çalışır. Əsas məqsəd Rusiyanın və Avropa İttifaqı Şurasının regionda söz sahibi olmasının qarşısını almaqdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR