İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresindəki “26-lar...” - Bakıya qarşı qaralama cəhdi

26 nəfərlik heyət Blinkenə məktubda Azərbaycanın COP29-a sədrliyi əleyhinə absurd ittihamlar irəli sürüb - səbəb erməni lobbisinin pullarıdır 

ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) ABŞ dövlət katibi Entoni Blinkenə və ABŞ prezidentinin baş müşaviri Con Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər. 

“Yeni Müsavat”ın siyasət şöbəsi qeyd edir ki, Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində belə təxribatçı cəhdlərin dəfələrlə şahidi olmuşuq. Hətta siyasətə heç bir aidiyyəti olmayan UEFA-nın Avropa Liqasının final oyunu 2019-cu ildə Bakıda keçirilməsi ərəfəsində də beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmaq cəhdləri var idi. İndi də Azərbaycanın COP29-a sədrliyini haqda qərar bəzi qərəzli dairələrin ölkəmizə qarşı təxribatlarının artmasına təkan verib. Konqresmenlərin atdığı addımlar COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı heç nəyi dəyişmir, qərar artıq qəbul olunub. Çünki Azərbaycan COP28 tədbirində 100-dən çox dövlətin, hətta münaqişədən yeni çıxmış olsa da, Ermənistanın dəstəyini alaraq mötəbər tədbirə ev sahibliyinə nail olub. Bu da ölkəmizin beynəlxalq müstəvidə əldə etdiyi uğurların və nüfuzunun artmasının nəticəsidir. Bəllidir ki, dövlət katibi Blinken ABŞ-ın Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayıb, prezident Bayden isə tədbirin uğurla keçirilməsində ABŞ-ın Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib. Bu, rəsmi Vaşinqtonun mövqeyidir və konqresmenlərin müraciəti əlbəttə ki, heç nəyi dəyişməyəcək. Bunu özləri də yaxşı bilirlər. Amma görünür, Azərbaycana qarşı mərkəzləşmiş, erməni lobbisinin pul kilsəsindən asılı olan siyasətbaz dairələr hələ dayanmayacaqlar. 

Qeyd edək ki, COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir. COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. Ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq. Bugünlərdə ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a ev sahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər. Habelə, COP29 Təşkilat Komitəsində təmsil olunan 26 Azərbaycan QHT təmsilçisi adından qərəzli mövqeli konqresmenlərə açıq məktub ünvanlanıb. 

“26 nəfər ABŞ konqresmeni özünü Azərbaycana qarşı fəaliyyəti ilə ad çıxarmış tarixdəki 26 Bakı komissarı kimi aparır.  Əgər müraciəti imzalamış ABŞ konqresmenləri Qarabağın dərdini çəkmək istəyirsə, ilk növbədə Qarabağda Ermənistan tərəfindən məhv edilmiş təbiət, kəsilmiş ağaclar, çirkləndirilmiş çaylar, yerlə-yeksan edilmiş ekosistemlər haqqında danışsınlar. Biz bu 26 nəfər ABŞ konqresmenini elə ABŞ şirkətinin sərmayəsi ilə bütün beynəlxalq ekoloji normaları, o cümlədən Espoo Konvensiyasını pozaraq Azərbaycan Respublikası ilə sərhədə bitişik ərazidə - Arazdəyəndə metallurgiya zavodu tikiləndə etiraz etdiyini görmədik. Bu gün də Azərbaycanın transsərhəd çayları Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətinin ekoloji fəsadları ilə üzbəüzdür. Biz bununla bağlı da bir dəfə də olsun ABŞ konqresmenlərinin etirazını eşitməmişik. Budur Sizin təbiətə münasibətiniz?”, - deyə müraciətdə bildirilir. 

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

“Yeni Müsavat”a danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bu məsələni birmənalı olaraq erməni lobbisi ilə əlaqələndirir. Partiya sədrinin fikrincə, ABŞ rəsmiləri COP29-la bağlı müsbət fikirlərini ifadə ediblər: “Ona görə ABŞ hakimiyyətinin mövqeyində dəyişiklik gözləmirəm. Sadəcə, Azərbaycanı fərqli prizmadan təqdim etmək cəhdi var. Həmçinin qaralamaq kampaniyası aparmaqla erməni lobbisinin ayırdığı vəsaitlərin xidmətini göstərirlər. Bir tərəfdən də türk düşmənçiliyi və xristian təəssübkeşliyi var - bunu da nəzərdən qaçırmaq olmaz. Amma istənilən halda, bu kampaniyalarda ilk növbədə erməni barmağı mövcuddur”. A.Əlizadəyə görə, bu cür kampaniyalar müəyyən narahatlıq yarada bilər, lakin beynəlxalq ictimai rəyə ciddi təsiri olmur: “Azərbaycanın regionda əsas güc sahibinə çevrilməsinə görə bizə münasibətdə dəyişiklik var. Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə ikitərəfli sazişlər imzalanıb, 9 dövlətlə tərəfdaşlıq mövcuddur, Azərbaycan getdikcə güclənir və bu da hansısa dairələrdə narahatlıq doğurur”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı  

Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı hesab edir ki, həmin 26 nəfər erməni pul kisəsinin təsiri altındadır: “Onlar ermənilərdən maliyyələşib Azərbaycana qarşı zaman-zaman birləşirlər. İndi bir heyət formalaşdırıblar və kampaniyanı davam etdirirlər. Amerikada ermənilərin ANCA təşkilatı var, ümumən onların diasporu güclüdür və son dövrlər də Azərbaycana sanksiya tətbiqinə çağırış edirlər. Həmin güclərdən maddi dəstək alan konqresmenlər də bizə qarşı istifadə olunurlar. Bununla ölkəmiz haqda mənfi rəy yaratmağa çalışırlar. Eyni zamanda Ermənistanda gedən proseslərə təsir etməyə cəhd göstərirlər. Baxmayaraq ki, Paşinyan Qərbin dəstəyi ilə iqtidara gəlib, amma son vaxtlar ”nə Qərb, nə Rusiya" siyasəti yürüdür. Bütün bu addımlar isə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını pozmağa hesablanıb". A.Nağının sözlərinə görə, bununla belə, Vaşinqtonun mövqeyi bəllidir və Baydenin 28 May təbrikində COP29 tədbirinin Azərbaycanda keçirilməsi alqışlanıb: “Ermənilər bilərəkdən, ya bilməyərəkdən təbliğat aparırlar ki, onların Azərbaycana qarşı ekoloji cinayətləri haqda bu tədbirdə danışılacaq. Görünür, bu da həmin qüvvələri narahat edib. Bütün hallarda Azərbaycan COP29 tədbirlərini yüksək səviyyədə keçirəcək”.

Emil SALAMOĞLU,   
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR