Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresinin Nümayəndələr Palatası ötən şənbə günü keçirilən səsvermədə Ukrayna, İsrail və Tayvana ümumilikdə 95 milyard dollarlıq hərbi yardım paketinə səs verdi. 95 milyard dolların 61 milyardı Ukraynaya, 26.4 milyardı İsrailə, təxminən 8 milyardı isə Tayvana veriləcək. Bundan əlavə, ABŞ Konqresi Rusiyanın banklarda dondurulmuş milyardlarla dollarını da Ukraynaya verilməsi barədə qanun layihəsini də təsdiqlədilər. Rusiya rəsmiləri bu qərara sərt reaksiya verdilər. Ard-arda açıqlamalar verən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev, XİN sözçüsü Mariya Zaxarova, Kremlin mətbuat katibi Dmitri Peskov və s. kimi rəsmilər yardımların müharibəni daha da qızışdıracağını, daha çox ukraynalının ölümünə yol açacağını, amma Rusiyanı öz qətiyyətindən vaz keçirməyəcəyini bildirdilər.
Bəs görəsən, ABŞ-ın Ukraynaya bu yardımı müharibənin yönünü necə dəyişəcək? Ukrayna nəhayət ki, öz ərazi bütövlüyünü bərpa edib təkcə özünü yox, bütün post-sovet məkanını rus təhdidindən qoruya biləcəkmi?
Ən əsası, ABŞ Ukraynaya yardımı zamanında verib minlərlə ukraynalı əsgəri ölümün cəngindən xilas edə bilməzdimi? Yardım qərarının bu qədər gecikdirilməsinin səbəbi nədir?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Ukraynaya veriləcəyi nəzərə tutulan 61 milyard dollarlıq yardım həqiqətən də ciddi məbləğdir və müharibənin gedişatına təsirsiz ötüşməyəcək: “Üstəlik, Avropa İttifaqı və G-7 ölkələrinin də Ukraynaya yardımlarını gözardı etmək olmaz. Onları da hesaba qatanda Ukraynanın ciddi şəkildə silahlandırılacağını görə bilərik. Amma Ukraynanın problemi təkcə hərbi texniki yetərsizliklə də bitmir. Savaşın uzanması və ölkənin ən azı 6 ay müdafiəsiz buraxılması onun canlı qüvvəsinə də ağır zərbə vurub. Ukrayna bu müddət ərzində cəbhədə itirdiyi canlı qüvvəsini dərhal bərpa etməli, ehtiyat qüvvələrini səfərbərliyə almalıdır. Həm də səfərbərliyə alınan bu qüvvələr ABŞ və Qərb ölkələrinin Ukraynaya verdikləri silahları istifadə etmək bacarığına malik olmalıdırlar.
Düzdür, ABŞ həmin silahlarla bərabər Ukraynaya təcrübəli mütəxəssislər də göndərəcək. Məncə, Konqresin qəbul etdiyi ən önəmli qərarlardan biri də bu idi. Çünki bir sıra NATO ölkələri Ukraynaya hərbi mütəxəssislər göndərmək barədə fikirlərini dilə gətirsələr də, Rusiyanın təhdidlərindən sonra bu qərarlarını dayandırmışdılar. Hətta Almaniya kansleri Ukraynaya uzaqmənzilli “Taurus” raketlərini vermək istəməməsini onunla əsaslandırmışdı ki, həmin raketlərlə yanaşı həm də onlardan istifadə edən mütəxəssislər göndərməlidir. Əks halda ukraynalılar bu raketlərlə Moskvanı vurar və Rusiya bunun qisasını Almaniyadan ala bilər. ABŞ faktiki olaraq öz hərbçilərini də Ukraynaya göndərmək qərarı alaraq Rusiyanın bu qırmızı cizgisini də ayaqladı. Bununla da əslində Avropanın tərəddüd edən ölkələri üçün bir nümunə ortaya qoydu. Yəqin ki, bundan sonra başda Almaniya və Fransa olmaqla digər NATO ölkələri də Ukraynaya təlimçilər adı altında canlı qüvvə göndərəcək”.
Heydər Oğuzun fikrincə, ABŞ Konqresinin son qərarı ilə Ukrayna cəbhəsində dəyişilən bir başqa paradiqma Qərb banklarında dondurulmuş Rusiyaya məxsus 100 milyardlarla dolların Ukraynaya verilməsi oldu: “Bilirsiniz ki, Rusiyanın Qərb banklarında dondurulmuş 300 milyard dollardan artıq vəsaiti var. Onun çox cüzi qismi – 8 milyardı ABŞ-dadır. 2016-cı ildə Putin sanki hazırda yaşadığı təhlükəni hiss edərək Rusiyanın pullarını ABŞ-dan çıxarıb Avropa banklarına yatırdı. ABŞ-da sadəcə daşınmaz əmlakları qaldı. Vaşinqton onları satıb Ukraynaya vermək istəyir. Güman edirəm ki, bu addım da Avropa üçün nümunəyə çevriləcək. Beləcə, Rusiya öz pulları ilə vurulacaq”.
ABŞ Konqresinin məlum qərarından əvvəl bir çox analitiklər respublikaçı konqresmenlərin bu addımı atacağına inanmırdılar. Onların fikrincə, Donald Trampın Rusiya ilə ixtilafa girmək istəməməsi respublikaçılara da öz təsirini göstərirdi. Konqresdəki səsvermədə isə çox fərqli nəticələr ortaya çıxdı: 122 əleyhinə səsə qarşı 311 lehinə səs”.
Bəs Respublikaçıların mövqeyini 180 dərəcədə dəyişdirən nə oldu? Ən əsası, Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ yenidən Ukraynanı müdafiəsiz buraxa bilərmi?
Heydər Oğuz bu pessimist proqnoza inanmır. Onun fikrincə, Respublikaçıların Trampın təsiri ilə Ukraynanı yalnız buraxması bəhanədən başqa bir şey deyil: “Məncə, əsl səbəb ABŞ-ın Ukrayna hakimiyyətinə güvənməməsi idi. Bundan əvvəlki hərbi rəhbərliyin korrupsioner olduğunu və ABŞ-ın ayırdığı vəsaitlərin mənimsənildiyini düşünən Vaşiqton Kiyevdən Müdafiə Nazirliyində ciddi kadr islahatları aparmasını tələb edirdi. Zelenski isə “çayı keçərkən atı dəyişməzlər” məntiqi ilə hərəkət edib bu tələbləri yerinə yetirmirdi. Sonunda Ukrayna ciddi hərbi kadr islahatlarına getdi və müdafiə nazirindən tutmuş Baş Qərargah rəisinə qədər hərbi komandanlığı tamamilə dəyişdi. Beləcə, ABŞ-ın tərəddüdlərinə də son qoyuldu. Məhz bundan sonra respublikaçıların dirənişi də zəiflədi”.
Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra Ukraynaya yardımların dayandırılması ehtimalını siyasi şərhçi real hesab etmir. Onun fikrincə, ABŞ-da gedən son proseslər Donald Trampın hakimiyyətə gəlmə ehtimalını sıfıra endirir: “Təsəvvür edin, 435 nəfərlik Nümayəndələr Palatasının 219 üzvü respublikaçı, 213 üzvü isə demokratdır. Səsvermədə isə cəmi 122 konqresmen qanun layihəsinin əleyhinə səs verdi. Hətta bütün əleyhdarların respublikaçı olduğunu fərz etsək, bu, hardasa 100-ə yaxın respublikaçının Trampın düşüncələrinə qarşı olduğunu göstərir. Öz partiyasından olan konqresmenləri belə itirən Trampın noyabrda keçiriləcək prezident seçkilərini qazanacağı inandırıcı görünmür. Yəqin ki, payıza yaxınlaşdıqca Trampın nüfuzdan düşməsi daha da genişlənəcək və Co Bayden ikinci dəfə seçkiləri qazana biləcək”.
Donald Trampın xüsusilə “rus qafalı” mövqedən çıxış etməsinin Amerika ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadığını düşünən siyasi şərhçi onun nüfuzdan düşməsinin əsas səbəbinin bu amildən qaynaqlandığına inanır.
Digər tərəfdən, Nümayəndələr Palatasının son qərarlarını yalnız Ukrayna kontekstində dəyərləndirməyin yanlış olduğunu bildirən həmsöhbətimiz İsrailə 26.4 milyard dollar yardım ayrılmasını da geosiyasi qırılma nöqtəsi kimi görür: “Sirr deyil ki, İsraillə Fələstin arasında soyqırıma varacaq qədər ağır müharibə gedir. Fələstin xalqı nə qədər böyük şücaət göstərsə də, İsrail Qəzzanı tamamilə viran qoyub. Dolayısıyla, HAMAS-ı sıradan çıxarmaq üçün 26.4 milyard dollar olduqca böyük məbləğdir. Məntiqlə belə anlaşılır ki, İsrailə həmin vəsait HAMAS-la savaşmaq üçün verilmir. İsrailin əsas böyük düşməni isə İrandır. Məncə, İsrailə ayrılan vəsaitin mühüm qismi İranla mübarizəyə sərf olunacaq”.
Bu mənada ABŞ rəsmilərinin İsraillə İran arasındakı son gərginlikdə “sülhpərvər” mövqe tutmasının aldadıcı manevr olduğunu düşünən Heydər Oğuzun fikrincə, Co Bayden hakimiyyəti sadəcə qarşıdakı prezident seçkiləri ərəfəsində gərginlik istəmədiyi üçün bu ritorikanı mənimsəyib: “Seçki bitdikdən sonra isə Co Baydenin belə bir təlaşı qalmayacaq. Çünki həm yaşı kifayət qədər çoxdur, həm də səhhəti ürəkaçan deyil. Üstəlik, qanunən də onun üçüncü dəfə seçilmək şansı yoxdur. Adətən ABŞ-ın bütün prezidentləri ikinci dəfə seçildikdən sonra bu cür qeyri-populyar addımlar atırlar. Məhz bu səbəbdən də mən İran-İsrail gərginliyinin gələn ilin ilk aylarından artacağını düşünürəm. Seçkilərə qədər isə İsrail İranın proksi qüvvələrini sıradan çıxarmaqla məşğul olacaq”.
ABŞ Konqresinin ən az yardım ayırdığı ölkənin Tayvan olduğunu xatırladan siyasi şərhçi bunu da təsadüfi saymır: “Dünyanın ikinci hərbi gücü olan Çinə qarşı Tayvanı gücləndirməyə çalışan ABŞ-ın ona cəmi 8 milyard dollar ayırması onu göstərir ki, sözügedən ölkə hələ ki, ABŞ hakimiyyətinin əsas hədəfi deyil. Böyük ehtimalla, ABŞ indiki şəraitdə Çini Rusiya və İrana hərbi yardım verməkdən yayındırmağa çalışır. Tayvana cüzi yardım ayırmaqla Pekinə “sən də nişangaha gələ bilərsən” mesajını çatdırır. Bu mesaj Pekinə güvən hissi bəxş edəcəkmi, bilmirəm. Hər halda Çin Rusiya və İrandan sonra növbənin ona çatacağını anlayır və gələcək aqibətini indidən müəyyənləşdirməlidir”.
Bütün bunları göz önündə bulunduran həmsöhbətimiz yaxın aylarda Ukrayna və Yaxın Şərqdə ciddi qarşıdurmaların yaranacağından ehtiyatlanır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ