İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana hücum edərsə... Azərbaycan həm cənubdan, həm də şimaldan gələcək təhlükələrə hazır olmalıdır

İsrail Müdafiə Qüvvələrinin (İDF) yeni Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir cümə axşamı yüksək komandanlığa bildirib ki, 2025-ci il Qəzza və İrana fokuslanan müharibə ili olacaq, eyni zamanda digər cəbhələrə də diqqət yetiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Eyal Zamir son illərdə İsrail ordusunun əsasən nisbi qələbə və ya çəkindirmə strategiyasına yönəldiyini bildirərək, "qələbə" konsepsiyasını əsas dəyər kimi ön plana çəkəcəyini qeyd edib.

Bundan əlavə, o, HƏMAS-ın əlində olan girovların geri qaytarılması üçün bütün səylərin səfərbər ediləcəyini bəyan etsə də, hələlik konkret siyasət dəyişikliyinin adını çəkməyib.

Qeyd edək ki, Zamir çərşənbə günü rəsmi olaraq İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayıb. Mərasimdə Zamirə İsrail ordusunun ən ali rütbəsi, general-leytenant rütbəsi təntənəli şəkildə təqdim edilib.

İrana qarşı müharibə  Azərbaycana nə vəd edir?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, İranın başı üstündə qara buludların toplanması barədə mülahizələr yeni deyil: “Bundan əvvəl dəfələrlə müxtəlif siyasi xadimlər və ekspertlər tərəfindən bənzər proqnozlar, məlumatlar səsləndirilib. Hətta İrana hücumun konkret vaxtı da bildirilib – 2025-ci ilin yay ayları. İsrailin yeni Müdafiə naziri Eyal Zamirin bu il İranla müharibə başlayacağına dair anonsu da əvvəlki mülahizələri təsdiqləyir”.

Heydər Oğuzun fikrincə, İran rəsmiləri də əslində ölkələrini gözləyən təhlükənin fərqindədirlər: “Onların son zamanlar tez-tez səsləndirdikləri fikirlər də bundan xəbər verir. Bilirsiniz ki, İran prezidenti Məsud Pezişkiyan bir müddət əvvəl ABŞ-a Azərbycan atalar sözü ilə bir ismarış göndərmişdi: “Keçmə namərd körpüsündən, qoy, aparsın sel səni; Yatma tülkü kölgəsində, qoy yesin aslan səni”. Sirr deyil ki, bu atalar sözü adətən çarəsiz bir adamın onu gözləyən qaçılmaz təhülkə qarşısında dilə gətirdiyi hikmətamiz kəlmələrdir və onu göstərir ki, İran rəsmiləri qarşı tərəfə istənilən fədakarlıqlara, dirənişə hazır olduqlarını çatdırmaq istəyirlər. Üzərindən bir neçə gün keçdikdən sonra Peşizkiyan növbəti açıqlamasını verərək, niyə bu qədər pessimizmə qapıldığını ortaya qoydu. O, açıq şəkildə bildirdi ki, ölkəsində ABŞ-la dialoq məsələsinə ikili yanaşma mövcuddur. İran prezidentinin özü ABŞ-la danışıqlara meylli olsa, dini lider Ayətullah Xamneyi isə buna qarşıdır və ABŞ-la hər hansı danışıqlar aparılmasına icazə vermir. Sözsüz ki, İranın gerçək rəhbəri dini liderdir və həmişə onun dediyi keçir. Bu isə o anlama gəlir ki, ABŞ-la heç bir danışıq aparmamağı özünün siyasi hədəfinə çevirmiş İran “tülkü kölgəsində yatmaqdansa, seldə qərq olmağı” gözə alıblar”.

İran rəsmilərinin belə qaçılmaz olduğunu düşündükləri müharibə baş verərsə, Azərbaycanın da bundan təsirlənəcəyinə inanan siyasi şərhçinin iddiasına inansaq, bu təsirlənmə bir neçə istiqamətdə özünü göstərəcək: “Əvvəla, İran bizim yaxın qonşumuzdur və bu məmləkətdə milyonlarla soydaşımız yaşayır. Onların sayı bizdən dəfələrlə artıqdır və İran əhalisinin yarısı deməkdir. Təbii ki, İranda yaşanacaq hər hansı bədbəxt hadisə bizim insanlarımızdan da yan keçməyəcək.

Bu təbii ki, bizim ölkəyə dolayısıyla təsir anlamına gəlir. Bədbəxtçilik həm də ondadır ki, dostu, yaxını, qonşunu əsl düşməndən ayrıd etmək qabiliyyətini itirən, bəzən müsəlman qardaşla münasibətdə düşməni dəstəkləyən, erməniləri özünün “minillik qardaşı” bilən İranın öz qisasını bizdən almaq ehtimalı da var. Bunu rəsmi Tehran da gizlətmir və dəfələrlə “biz də İsrailin və ABŞ-ın regiondakı maraqlarına və müttəfiqlərinə zərər vurarıq” deyərək bir növ, bizi nişan göstərib”.

Siyasi şərhçinin fikrincə, ABŞ və İsraillə müharibə başlayacağı təqdirdə İranın hədəf alacağı obyektlərdən biri də Azərbaycanın neft və qaz yataqları ola bilər: “Xəzər dənizində yerləşən neft və qaz yataqlarımız İran üçün ilk baxışdan əlçatmaz da deyil.  Ortaq su hövzəmiz olan Xəzərdə yerləşən bu yataqların etibarlı müdafiəsi bizim 1 nömrəli hədəflərimizdən olmalıdır.

Cənubdan gələn digər təhlükə qəsdən təşkil edilmiş sərhəd hücumları ola bilər. İranın təhlükəsizlik orqanlarına bağlı olan qrupların Azərbaycan sərhədlərini pozmaq ehtimalı da gözdən qaçırılmamalı, qabaqlayıcı tədbirlər görülməlidir. İran təhlükəsizlik orqanlarına bağlı qrupların sərhədləri pozması nəticəsində bəzi diversantların ölkəmizə daxiı olması və təxribatlar törətməyə cəhd etməsi də gözləniləndir. Ölkəmizin daxilindəki yatmış hücrələrdən istifadə olunaraq bəzi strateji məkanlar da terror hücumlarına məruz qala bilər və yəqin ki, Azərbaycanın müvafiq orqanları bu ehtimalı da gözdən qaçırmayıblar”.

Heydər Oğuzun fikrincə, İran kəşfiyyatının əsas hədəflərindən biri də İsrail və ABŞ-ın diplomatik nümayəndəlikləri ola bilər: “Odur ki, ehtiyat tədbirlərini əvvəlcədən səfərbər edib həmin obyektlərin qorunması ciddi şəkildə təmin edilməlidir. Hətta bu cür nümayəndəliklərin indidən boşaldılması və diplomatik xidmətlər maksimum həddə qədər azaldılması da mümkündür.

Ciddi təhlükələrdən biri də İran ərazisindəki soydaşlarımıza aid ərazilərdə etnik gərginliklərin yaşanması ehtimalıdır. Dərd burasındadır ki, etnik qarşıdurma təkcə tərk edəcəyi əraziləri xarabaya çevirməyə çalışan yerli qüvvələr tərəfindən yox, hətta İranın düşmənləri tərəfindən də sırf ona zərər vurmaq üçün həyata keçirilə bilər. Zira etnik qarşıdurmalar çıxarmaqla İranın parçalanması ABŞ və onun komandasının başlıca təxribat siyasəti kimi də qarşıya çıxa bilər. Azərbaycan bütün hallarda bu ehtimalı da nəzərdən keçirməli, əlindəki bütün vasitələrdən istifadə edərək soydaşlarımızın təhlükəsizliyi barədə də düşünməlidir”.  

İranın Azərbaycana qarşı təxribatında Rusiya amilindən də faydalana biləcəyini istisna etməyən Heydər Oğuz, cənub istiqaməti ilə yanaşı şimal istiqamətində də mümkün təxribatlara da hazır olmağımızı məsləhət görür: “Məlumdur ki, Rusiya ilə İran Türk dünyasının inkişafına və ittifaq qurmasına qarşı eyni cəbhədə birləşiblər. 200 ildən artıqdır ki, bu strategiyanı birlikdə həyata keçirirlər. Xüsusilə Suriyada uğradıqları böyük həzimətdən sonra onların Cənubi Qafqazda, həmçinin Orta Asiyada eyni aqibətlə üzləşmə ehtimalları var və nəyin bahasına olursa olsun, bu prosesin qarşısını almağa çalışacaqlar. Məhz bu səbəbdən də ABŞ-ın İrana qarşı müharibəsi Rusiyanı da ciddi narahat edir. Görünür, bu səbəbdən də Rusiya prezidenti Vladimir Putin İranla Rusiya arasında vasitəçilik etmək niyyətini gizlətməyib və bu hücumun qarşısını almaqda maraqlı olduğunu ortaya qoyub. Sözsüz ki, Rusiya öz istəyinə nail ola bilməsə, o da Azərbaycan və Orta Asiyada müəyyən təxribatlar törətməyə çalışacaq. Bütün hallarda Azərbaycan bu təxribatlara da hazır olmalıdır”.

Heydər Oğuzun fikrincə, bu qədər həssas təhlükəsizlik çağırışları qarşısında Azərbaycanın güvənə biləcəyi ən etibarlı müttəfiqi Türkiyədir və gözlənilən təhlükələrə qarşı tədbirləri Ankara ilə bərabər almalıdır.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR