İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ iqtisadiyyatı resessesiyadan yayındı? – Makroiqtisadi göstəricilər yaxşılaşır

ABŞ-da makroiqtisadi göstəricilərdə müsbət tendensiya davam edir. Bu gün Federal Ehtiyat Sisteminin (FRS) açıqladığı məlumata görə, sentyabrda sənaye istehsalı avqustla müqayisədə 0,3 faiz artıb. Halbuki analitiklər göstəricinin dəyişəcəyini gözləmirdilər.

Sentyabrda emal sənayesində məhsul istehsalı 0,4 faiz artıb. Ekspertlər qeyd edirlər ki, avtomobil işçilərinin irimiqyaslı tətili avtomobillərin və ehtiyat hissələrinin istehsalına məhdud təsir göstərib və bu göstərici 0,3 faiz artıb.

Mədənçıxarma sənayesində istehsalın artımı 0,4 faiz təşkil edib. Bununla yanaşı, kommunal xidmətlər sektorunda bu göstərici 0,3 faiz azalıb.

İllik ifadədə ABŞ-da ümumi sənaye istehsalı keçən ay gözlənilən 0,8 faiz azalma ilə müqayisədə 0,1 faiz artıb.

ABŞ-dan gələn daha bir pozitiv məlumatda sentyabrda pərakəndə satışların avqust ayı ilə müqayisədə 0,7 faiz artdığı bildirilir.

Qeyd edək ki, “Trading Economics” ekspertləri orta hesabla 0,3 faiz, “The Wall Street Journal”ın respondentləri isə 0,2 faiz artım proqnozlaşdırırdılar.

ABŞ Ticarət Nazirliyinin məlumatına əsasən avqust ayında satışlar əvvəl elan edildiyi kimi 0,6 faiz deyil, 0,8 faiz artıb.

Ərzaq mağazalarında satışlar 0,4 faiz, univermaqlarda 0,4 faiz artıb. Bu arada idman və musiqi məhsulları, kitab və hobbi mallarının satıldığı mağazalarda satış həcmi dəyişməyib. Geyim mağazaları satışları 0,8 faiz, elektronika və məişət texnikası - həmçinin 0,8 faiz , tikinti materialları və bağçılıq malları - 0,2 faiz azalıb.

Avtomobillər istisna olmaqla, ABŞ-da pərakəndə satışlar avqustda yenidən işlənmiş 0.9 faiz artımdan sonra keçən ay 0.6 faiz artıb.

Qeyd edək ki, bu göstəricilər ABŞ iqtisadiyyatının resessesiyadan yayına bildiyini göstərməklə, Federal Ehtiyatlar Sisteminin noyabrdakı iclasda uçot dərəcəsini qaldırmayacağına əminliyi artırır. Bu isə xammal, əmtəə və fond bazarları üçün ciddi müsbət siqnal hesab olunur. Artıq ABŞ qiymətli kağızlarının dəyərində artım qeydə alınmaqdadır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR