Onlayn ictimai-siyasi qəzet
“Erməni lobbisi və onun təsiri altında olan bəzi beynəlxalq QHT-lər BMT İnsan Hüquqları Şurasının "Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi" mandatının təsis olunması üçün növbəti kampaniyaya başlayıb".
“Yeni Müsavat”ın xəbərinə görə, bunu “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov yazıb. S.Məmmədov əlavə edib ki, anti-Azərbaycan mövqeyi ilə seçilən və BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) assosiativ üzv olan “Christian Solidarity International” təşkilatı xüsusi canfəşanlıq göstərir.
Məlumat üçün bildirək ki, hazırda BMT İnsan Hüquqları Şurasının 14 ölkə üzrə belə mandatı fəaliyyətdədir. Lakin Qarabağla bağlı məruzəçi təsisatına ehtiyac yoxdur. Bu, Azərbaycanın ərazi bütövlüyünə birbaşa şübhə yaratmaq deməkdir. Çünki Ermənistanın baş naziri Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyib və iki ölkə sülh sənədinin mətnini də razılaşdırıb, hazırda tərəflər arasında keçmiş münaqişəyə dair həll edilməyən yalnız İrəvanın öz konstitusiyasında ərazi iddiaları ilə bağlı dəyişiklik etməməsidir. O səbəbdən də Qarabağ bir mövzu olaraq qapanıb və BMT-də bunun üçün məruzəçiyə gərək yoxdur.
Görünür ki, ermənipərəst dairələr, ən əsası lobbi və diaspor, bir sıra Qərb təsisatları dinc oturmurlar, keçmiş münaqişə üzərindən nələrisə qurdalamağa çalışırlar. Məsələn, bugünlərdə iki isveçrəli deputatın yadına düşüb ki, ABŞ Konqresində Qarabağdan gedən ermənilərin qayıdış məsələsini qaldırsınlar. İndi də məruzəçi təsisatı ilə çıxış edənlərin niyyəti ondan ibarətdir ki, Qarabağdan öz xoşu ilə köçən ermənilərin “hüquqları” adı altında bir kampaniya başlasınlar. Yəni məruzəçi çağırışlar etsin, “dinc erməni əhalisinin pozulan hüquqları” kimi cəfəng ittihamlarla Azərbaycan ittiham olunsun. Bu da gözlənilən idi. Antiterror əməliyyatından sonra mülki ermənilərin bölgəni tərk etməsi ilə ermənipərəst qüvvələrin üzərimizə gələcəyini təxmin etmək olardı. Sadəcə, bu çağırışlar və ittihamlar əsassızdır.
Hər bir halda indi bizi maraqlandıran məsələ budur ki, BMT-də belə bir təsis mümkün ola bilərmi? Təşkilat anti-Azərbaycan addımına gedərmi? Axı bu qurumla normal əlaqələr var...
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan BMT-nin COP29 konfransına ev sahibliyi edib və hətta buna görə ölkəmiz absurd ittihamlarla üzləşib, lakin heç bir halda öz mövqeyindən geri çəkilməyib: “BMT-nin baş katibi Antonio Quttereş də ölkəmizə gəlmişdi. Bunu ona görə deyirəm ki, təşkilat belə bir mürtəce addıma rəvac verməməlidir. Azərbaycan ərazi bütövlüyünü təmin edib və Qarabağda separatizmin axırına çıxıb, ondan sonra ermənilərə qalmaq, vətəndaşlığı qəbul etmək təklif olunub. Onların öz qərarıdır ki, evlərini qoyub gediblər. Azərbaycan heç kəsi qovmayıb, təzyiq göstərməyib. Əksinə, bəzi sosial paketlər, güzəştlər açıqanmışdı. İndi isə bədnam dairələr məruzəçi təklifi ilə çıxış etməklə beynəlxalq ictimaiyyətin diqqətini qazanmaq istəyirlər. Bununla Qarabağ məsələsini gündəmdə saxlamağa can atırlar. Azərbaycan etiraz etməli, imkan verməməlidir ki, BMT-də məruzəçi yaradılsın”.
Hüquq müdafiəçisi BMT-nin icra edilməyən 4 qətnaməsini yada salaraq bu təşkilatın nüfuzdan düşdüyünü vurğuladı: “İndi hansı üzlə məruzəçi mandatı təsis edirlər? Bu məruzəçinin missiyası nədən ibarət olacaq və Qarabağla bağlı hansı məsələni həll etmək niyyətindədir? Tamamilə absurd, bədxahların məkrli niyyəti olan təşəbbüsdür. Qarabağda elə bir məsələ yoxdur ki, məruzəçi onunla məşğul olsun. Əgər azad olunan ərazilərlə bağlı hansısa iş görmək istəyirlərsə, gəlsinlər, göstərək. Birincisi, minaların təmizlənməsi üçün maddi-texniki dəstək versinlər. İkincisi, bölgənin abadlaşmasında müsbət rol oynasınlar. Bundan başqa, Qarabağda həllini gözləyən məsələ yoxdur. Qondarma məruzəçi mandatı yalnız regiondan köçən ermənilərlə bağlı bəyanatlar səsləndirməyə hesablanmış hiylədir. Bunun üçün heç bir beynəlxalq hüquqa söykənən əsas yoxdur”.
Ç.Qənizadə xatırlatdı ki, ümumiyyətlə, BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi: “Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik. İndi onların danışmağa dili olmamalıdır. Bu qurum kifayət qədər nüfuzdan düşüb və islahatlara hamilədir. Türkiyə Prezidenti də bildirmişdi ki, dünya beşdən böyükdür. Ona görə də BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalıdır. Fikrimcə, erməni lobbisinin qaldırdığı məruzəçi mandatı təşəbbüsü havada qalacaq və Azərbaycan da buna əngəl olmalıdır”.
Elşad Musayev
Deputat Elşad Musayevin sözlərinə görə, BMT-də belə bir mandatın təsis olunması mümkün deyil: “Amma lap təsis olunsa belə, heç bir effekt verməyəcək. Ermənilər Qarabağ məsələsinin artıq bitdiyini başa düşməlidirlər. Erməni lobbisi və onların arxasında dayananlar artıq əvvəlki dövrün olmadığını bilməlidirlər. İndiki dövrdə hay-küylə, ağlaşma ritualları ilə dünyanı yalançı "soyqırımı" mifi ətrafında Türk dünyasına qarşı qaldırmaq mərhələsi arxada qalıb".
E.Musayevin fikrincə, Ermənistan dövlətini yaradanlar belə ermənilərin gözyaşına inanmırlar: “Onlar bu bölgədə rahat yaşamaq istəyirlərsə, real vəziyyəti düzgün qiymətləndirməlidirlər, Azərbaycan və Türkiyə ilə dinc əlaqə yaratmaq məcburiyyətindədirlər. Bunu nisbətən anlayan isə baş nazir Nikol Paşinyandır. Qalanları Ermənistan dövlətini uçuruma aparırlar”.
Deputat hesab edir ki, artıq yeni dünya nizamı qurulur: “BMT-nin özü də artıq müasir tələblərə cavab vermir. Hətta 30 il ərzində BMT-nin 4 qətnaməsini Ermənistan kimi cırtdan dövlət icra etmədi. Ona görə də ermənilərin belə iyrənc əməlləri nəticə verməyəcək. Artıq dünyada beynəlxalq hüquq deyil, beynəlxalq güc işləyir. Onların ən yaxşı yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdir. Ermənistan əvvəlki məkrli və hiyləgər siyasətindən əl çəkməlidir. Əks təqdirdə, yaranacaq hansısa gərginlik Ermənistanın dövlətçiliyini itirməsinə səbəb ola bilər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ