Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sisteminin verilməsi imkanını nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.
Qəzetin qeyd etdiyinə görə, bu, Co Bayden administrasiyasının təsdiqlədiyi hərbi yardımdan əlavə olaraq, yeni administrasiyanın Ukraynaya ilk böyük silah tədarükü ola bilər.
WSJ qeyd edir ki, Ağ Ev Pentaqondan Ukraynaya əlavə hərbi yardım göndərilməsinin mümkünlüyü barədə məlumat istəyib. Bundan əlavə, Amerika rəsmiləri digər Qərb ölkələrinin də hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmək imkanlarını öyrənirlər.
Ümumilikdə “The Wall Street Journal”ın yazdığına görə, Ukrayna ABŞ-dan üç, Almaniyadan üç, Avropanın bir neçə ölkəsindən isə bir “Patriot” sistemi alıb. Qəzet qeyd edir ki, Ukraynadakı münaqişə və Yaxın Şərqdəki hərbi əməliyyatlar bu tip silahların ehtiyatlarını tükəndirdiyi üçün ABŞ və müttəfiqlərinin Kiyevə nə qədər ələ keçirən raketlər ayıra biləcəyi hələlik məlum deyil.
Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib ki, Birləşmiş Ştatlar heç vaxt Ukraynanı dəstəkləməkdən imtina etməyib və onu bundan sonra da təmin etmək niyyətindədir. ABŞ administrasiyasının Kiyevə silah tədarükünü davam etdirmək planlarını şərh etməsi xahiş olunan Bryus deyib ki, son fasilə Vaşinqton üçün “yeni yanaşma və ya mövqe” kimi qəbul edilməməlidir.
Bu arada CNN bir çox mənbələrə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset ötən həftə Ukraynaya bəzi silahların tədarükünü dayandırmaq qərarı barədə Ağ Evə məlumat verməyib. Mənbələr qeyd ediblər ki, bu, “fasilənin niyə tətbiq edildiyini və bunun Konqresə və Ukrayna hökumətinə necə izah ediləcəyini anlamağa çalışan administrasiyada ajiotaj yaradıb”.
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ