İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın yardım pulları haradadır?- Ukraynaya çatmayan milyonlar!

ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Ukrayna hərbçilərinin reabilitasiyası üçün nəzərdə tutulan oyun konsolları və proqram təminatının alınmasına 144 milyon dollar xərclədiyini bəyan edib. Lakin sonradan aparılan audit bu vəsaitin faktiki olaraq təyinatı üzrə istifadə olunmadığını ortaya çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə USA Today məlumat yayıb. Məlumata görə, Donald Trampın inauqurasiyasından sonra başlanan araşdırma nəticəsində heç bir oyun konsolunun alınmadığı aşkarlanıb – bütün alışlar yalnız sənədlərdə qeyd olunub.

Daha  təəccüblüsü isə odur ki, bu proqram çərçivəsində 18 milyon dollar büdcə vəsaiti jonglyorluq kurslarına ayrılıb. Rəsmi sənədlərdə bu kursların Ukrayna hərbçilərinin psixoloji reabilitasiyasına töhfə verməsi məqsədilə təşkil edildiyi bildirilsə də, real nəticələrlə bağlı heç bir sübut yoxdur.

Bu faktlar ABŞ-ın Ukraynaya yardımları ilə bağlı ciddi korrupsiya sxemlərinin mövcudluğunu ortaya qoyur. Görünən odur ki, Bayden administrasiyası təkcə siyasi deyil, həm də maliyyə skandallarına qarışıb.

Daha əvvəl də Baydenin oğlu Hunter Baydenin Ukrayna ilə bağlı kontraktlarda adı hallanmış və bu, böyük qalmaqala səbəb olmuşdu. İndi isə bu cür maxinasiyalar ABŞ administrasiyasının Ukrayna yardımını şəxsi maraqlar üçün istifadə etdiyini düşünməyə əsas verir.

Bəs Ukraynaya çatmayan bu pullar hara yoxa çıxıb? Kimlər bu sxemin içindədir? Və ən əsası, bu korrupsiya ilə bağlı hansı addımlar atılacaq?

Görünən odur ki, bu məsələ yaxın zamanda ABŞ və beynəlxalq siyasi gündəmdə ciddi müzakirə mövzusu olacaq.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Əslində, məhz bu cür olaylara görə Ukraynaya vaxtında yetərincə yardım edilməyib. Bu, təkcə Amerikaya aid deyil, Avropa ölkələri üçün də keçərlidir. Hər dəfə bəyan edirlər ki, Ukraynaya neçə milyard manat pul ayırırlar, hərbi texnikanın miqyası bu qədər olacaq və s. Amma faktiki olaraq, həmin vəsaitin heç üçdə biri belə Ukraynaya çatmır. Əgər bu vədlər yerinə yetirilsəydi, bəlkə də Ukrayna müharibədə daha tez qələbə qazana və torpaqlarını qoruya bilərdi.

Son hadisə də göstərir ki, Amerikada guya Ukraynaya vəsait ayrılıb, amma audit nəticəsində məlum olub ki, bu pullar faktiki olaraq ayrılmayıb. Baydenlə bağlı başqa bir Ukrayna qalmaqalı da var idi: onun oğlunun şirkətlərinə Ukrayna ilə bağlı bəzi kontraktlar verilmişdi və bu, böyük qalmaqala səbəb olmuşdu. Yəni Amerika administrasiyası bu prinsiplə işləyib və nəticədə Ukrayna çətinliklərlə üzləşib. İndi isə Tramp bu məsələləri qabartmağa çalışır, çünki nə verilən vədlər yerinə yetirilib, nə də pullar Ukraynaya çatdırılıb. Bu, əslində, böyük rüşvət qalmaqalına çevrilə bilər.

Yaxşı, bəs Ukraynaya çatmayan bu pullar hara yönləndirilib? Kimlər bu vəsaitdən yararlanıb? Rüşvət məsələsi Amerikanın siyasi sistemində də yer alır. Məsələn, bu günlərdə məşhur amerikalı konqresmen Menendezin 100 milyonlarla dollar rüşvət aldığı məhkəmədə sübut olunub. O, bu rüşvət müqabilində bir sıra dövlətlərin maraqlarına xidmət edirmiş. Görünür, administrasiyada da bu işlərlə məşğul olanlar var. Əgər prezidentin özü Ukrayna ilə bağlı kontraktları oğluna verməyə çalışıbsa, aydındır ki, Ukraynaya ayrılan pullara da kimlərinsə gözü düşüb".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR