Onlayn ictimai-siyasi qəzet
Ötən həftə yazılarımızın birində ABŞ ordusunun Vyetnamda yerli xalqa qarşı törətdiyi kütləvi qətliamdan – Sonqmi qırğınından bir sətirlik cümlə ilə bəhs etmiş və yazmışdıq ki, bu barədə daha təfərrüatlı şəkildə bəhs edəcəyik.
ABŞ tarixinin qara ləkələrindən biri olan bu hadisə 1968-ci ilin mart ayında baş verib. Həmin vaxt ABŞ-da prezident postunda Lindon Conson olub. Vyetnama hərbi müdaxilə etmiş ABŞ ordusu o dövrdə bu ölkədə qanlı işğal müharibəsi aparıb.
Ancaq Sonqmi (May Lay) qırğını dinc əhaliyə qarşı törədildiyindən ədalətsiz müharibədən çox yaddaşlarda və tarixə aid kitablarda hərbi cinayət kimi qalıb.
ABŞ əsgərləri Kuanq Nqay əyalətinin Sontin rayonunun Sonqmi kənd icmasına hücum edərək 504 mülki sakini qətlə yetiriblər. Öldürülənlərdən 210-u uşaq olub: 50-si 3 yaşa qədər, 69-u 4-dən 7 yaşa qədər, 91-i isə 8-12 yaş arasında. Qurbanların çoxu öldürülməzdən əvvəl işgəncələrə məruz qalıb. Qadınlar isə qrup şəklində zorlanıb. Bir sözlə, Pentaqon əsgərləri dinc vyetnamlılara məhşər yaşadıblar.
Bəs bu antibəşəri hərbi cinayətin səbəbi nə olub? Amerikalı əsgərlər müharibə qanunlarını nədən bu qədər açıq və vəhşicəsinə tapdayıblar?
Cinayətin səbəbi sadədir: Amerikalılar bu yolla yerli partizanların gözünü qırmaq, onları tamamilə məhv etmək istəyiblər. Çünki yerli əhaliyə güvənən partizanlar ABŞ hərbçilərinə ciddi müqavimət göstərirmişlər. İşğalçıların komandanlığı isə problemi lap dəhnədən həll etmək qərarına gəlib.
Dinc əhaliyə qarşı əməliyyat 1968-ci il martın 16-da səhər saatlarında başlyıb. Beş dəqiqəlik artilleriya bombardmanından sonra May Lay kəndinin yaxınlığında əsgərlərlə dolu 4 helikopter enib. Məlum olub ki, kənddə bir nəfər də olsun partizan yoxdur. Lakin əsgərlər çəltik tarlalarında işləyən kənd sakinlərinə atəş açıblar. Onlar daxmalara qumbara atıblar, sakinləri avtomat silahlarla güllələyiblər. Kəndin ucqarında çuxurda gizlənən kəndlilər (50 nəfər) 1-ci taqımın komandiri leytenant Uilyam Kellinin əmri ilə güllələnib. Daha sonra kənddə əsgərlərin əsir götürdüyü 100-ə yaxın əsir öldürülüb. Eyni şey qonşu Binh Tay kəndində də həyata keçirilib.
Qətliamda kəndə daxil olan 100 amerikalı əsgərdən 30-u iştirak edib. 123-cü aviasiya batalyonunun müşahidə helikopterinin pilotu Hyu Tompson baş verənləri müşahidə edərək, helikopterini müvəqqəti bomba sığınacağında gizlənən bir qrup kəndli ilə onları öldürmək niyyətində olan əsgərlərin arasına endirib, pulemyotçu və bort mühəndisinə əmr edib ki, piyada əsgərlər vyetnamlıları öldürməyə cəhd etsələr, onlara atəş açsınlar. Sonra o, yaralı vyetnamlıları təxliyə etmək üçün helikopterlər çağırıb.
Yoxsa qırğın sona qədər davam edəcəkmiş.
Hazırda May Layda ucaldılmış abidədə 1 yaşdan 82 yaşa qədər olan 504 qurbanın adları sadalanır.
Qətliamın şahidlərindən biri, həmin vaxt 33 yaşı olan sakin Truong Thay Li başlarına gələni belə xatırlayıb: “Amerikalılar kəndə gələndə bizi evlərdən çıxardılar, tüfəngin qundağı ilə vuraraq xəndəyə doldurdular. Xəndəkdə yüzdən çox adam vardı. Bizi zorla diz çökdürdülər və dərhal arxadan avtomatla atəş açmağa başladılar. 11 nəfərlik ailəmizdən yalnız mən və kiçik uşağım sağ qaldı - onu özümlə örtdüm. Üstümə üç meyit düşdü və biz yalnız onların sayəsində sağ qaldıq. Meyitlər bizi amerikalılardan gizlətdilər”.
Bu cinayətin üstü 1969-cu ildə, prezident Niksonun dövründə açılıb.
Hərbi cinayət beynəlxalq miqyasda qəzəb doğurub və Vyetnam müharibəsinin ən məşhur və simvolik hadisələrindən birinə çevrilib.
ABŞ-ın 36-cı və 37-ci prezidentləri Lindon Conson və Riçard Nikson
Prezident Nikson sələfi Consonun dövründə törədilən dəhşətli cinayəti ört-basdır etməyə, malalamağa çalışıb. 1969-cu ilin martında Vyetnamda xidmət edərkən cinayət hekayələrini eşidən Ronald Raydenur tərxis olunduqdan sonra prezident Niksona, Pentaqona, Dövlət Departamentinə və bir çox Konqres üzvlərinə bildiklərini təsvir edən məktublar göndərib. Ancaq onun məktubları heç vaxt heç bir reaksiya doğurmayıb. Yalnız məşhur araşdırmaçı jurnalist Seymur Herşin bu mövzuda yazılarından, cinayətin şahidi olan müharibə fotoqrafı Ronald Heberlinin fotoşəkillərinin dərcindən.sonra konqresmen Morris Odell məsələyə qarışıb və bu istiqamətdə araşdırma başlanıb.
İstintaqı Vyetnamdakı 4-cü piyada diviziyasının və 1-ci səhra korpusunun keçmiş komandiri general-leytenant Uilyam Pirsin başçılıq etdiyi komissiya aparıb. Dörd aylıq iş müddətində Pirs komissiyası 400-ə yaxın insanı dindirib. Onun hesabatında onlarla hərbçinin zorlama, qətl və həqiqəti ört-basdır etmək ittihamı mühakimə olunması tövsiyə olunub.
May Lay işində 80 amerikalı hərbçinin adı keçsə də, onlardan yalnız 25-nə qarşı ittiham irəli sürülüb. Hərbi tribunalın qarşısında isə cəmi 6 nəfər dayanıb və Kelli istisna olmaqla, hamısına bəraət verilib. Təsəvvür edin, 504 nəfərin (hamısı qoca, qadın, uşaq) qətlində iştirak edənlərin hamısı bəraət alıb. 29 mart 1971-ci ildə Kelli 22 nəfəri öldürməkdə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Üç gün sonra prezident Niksonun xüsusi əmri ilə o, Fort Benninqdə (Corciya ştatı) həbsxanadan ev dustaqlığına köçürülüb. 1974-cü ilin noyabrında əfv olunaraq azadlığa çıxana qədər onun cəzası bir neçə dəfə azaldılıb.
Tərifli Amerika ictimaiyyəti Kellinin müdafiəsinə qalxıb. Əksər insanlar ona bəraət qazandırıb, onu “qəhrəman” hesab edənlər də olub. Kellini dəstəkləmək üçün Ağ Evə minlərlə teleqram göndərilib və bir neçə ştatın qanunverici orqanı Kelliyə güzəşt etməyə çağıran qətnamələr qəbul edib. 1971-ci ilin aprelində Opinion Research Corporation sorğusunun nəticələrinə görə, amerikalıların 78%-i məhkəmənin qərarına mənfi münasibət bəslədiyi aydın olub, 51% respondent prezident Niksonun Kellini əfv etməli olduğunu bildirib və Nikson bu addımı atıb.
Qatil Uilyam Kelli və xilaskar Hyu Tompson
İşin üstü açılandan sonra ABŞ-ın müdafiə naziri Melvin Leyrd prezident Niksona xəbərdarlıq edib ki, May Lay qətliamı "hökumətimizi çox çətin vəziyyətə sala və pasifistlərin dəyirmanına su tökə bilər. Belə olanda ABŞ siyasətinin məşhur ismi, dövlət katibi Henri Kissincer təklif edib ki, qoy müdafiə naziri bu hadisəyə görə media qarşısında qəzəblənsin, özünü sülh göyərçini kimi göstərsin və dərhal hərbi məhkəmə təşkil ettsin. Yəni Kissincer dünya qarşısında riyakarlıq şousu təşkil etməyi lazın bilib.
Beləcə, amerikalı siyasətçilər və generallar bir nəfəri 3 illiyə ev dustağı etməklə o boyda qalmaqalı ört-basdır ediblər.
Qırğını yarımçıq dayandırmış pilot Tompson isə uzun illər ölkəsində təqib olunub: onu öldürməklə təhdid ediblər. Yalnız faciədən 30 il sonra helikopter ekipajının hər üç üzvü ABŞ ordusunda qeyri-döyüş şəraitində fəaliyyətlərinə görə ən yüksək medalla təltif edilib.
Ona görə də hazırda ABŞ-ı idarə edənlər müxtəlif ölkələrdə gedən müharibələrdə dinc əhalinin zərər çəkməsi barədə bəyanat verəndə bilənlərin yadına Sonqmi hadisəsi düşür.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ