İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın "Rusiya planı" NATO-nu da "savaş bataqlığı"na salıb: Dünya onilliklər boyu "soyuq müharibə"yə məhkum qalacaq

Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra əslində, bütün dünyanın, xüsusilə də, Avropanın hərbi-siyasi landşaftı tamamilə dəyişmiş oldu... Bu savaş başlayarkən, Qərb yalnız Rusiyanın nə vaxt diz çökəcəyini hesablayırdı, indi isə NATO-nun da hələ nə qədər tab gətirəcəyini müəyyən etməyə məcbur qalıb...

Dünyada hərbi-siyasi gərginlik maksimum həddə çatıb. Planetin bir çox bölgələrində müharibələr mövcuddur. Üstünlük, savaş məkanlarının daha geniş areala yayılma təhlükəsi hər ötən gün daha da artır. Xüsusilə də, Ukrayna savaşına paralel olaraq, Yaxın Şərqin "barıt çəlləyi"nə çevrilməsi bəşəriyyətin gələcək taleyi üçün qarşısıalınmaz kataklizmlər vəd edir.

Onu da qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində, o cümlədən də ABŞ və Rusiyada növbəti prezident seçkilərinin keçirilməsinə hazırlıq prosesi də beynəlxalq gərginliyin durmadan artmasına birbaşa təsir göstərir. İndi ABŞ-ın daxili siyasət məkanında dünyada baş verən hərbi-siyasi proseslər əsas propoqanda predmetinə çevrilib. Və dövlət borcu 34 trilyon dollar həddini aşmış ABŞ-da hakimiyyətə iddialı siyasi qüvvələr məhz savaş mövzusunu öz seçki maraqlarına daxil ediblər.

6b39c1b60123df8d0e5a0bd0c2454571.jpg (169 KB)

Nə qədər qəribə də olsa, ABŞ respublikaçıları dünyanın hərbi-siyasi xaosa sürüklənməsinin əsas səbəbini məhz Bayden adminstrasiyasının yürütdüyü xarici siyasət kursu ilə əlaqələndirməyə çalışırlar. Onların fikrincə, Ağ Evin son illərdə yürütdüyü xarici siyasət bütün dünyanı hərbi-siyasi qarşıdurma vəziyyətinə gətirib. Bayden adminstrasiyası dünyanın bir çox bölgələrində savaşın başlamasına süni səbəblər yaratmaqla, bəşəriyyəti apokalipsis təhlükəsinə maksimum səviyyədə yaxınlaşdıra bilib. Və ona görə də, dünyanın xilas edilməsi üçün Bayden adminstrasiyasının ən qısa zamanda ABŞ-ın siyasi sistemindən kənarlaşdırılmasını vacib hesab edirlər.

Maraqlıdır ki, ABŞ respublikaçılarının prezidentliyə ən real namizədi Donald Tramp dünyanın gələcək taleyi ilə bağlı olduqca pessimist ehtimallar irəli sürməklə, diqqəti çəkir. Onun fikrincə, dünyanı apokalipsisdən yayındırmaq şansları artıq tükənmək üzrədir. Çünki dünya iqtisadiyyatı artıq çöküş mərhələsinə keçib. Ona görə də, tezliklə bəşəriyyətin ötən əsrin 30-cu illərində yaşadığı sosial-iqtisadi sarsıntıları təkrar yaşaması qaçılmaz olacaq. Və bu sosial-iqtisadi sarsıntılar isə öz növbəsində dünya ölkələri üçün həm daxili vətəndaş müharibələrinə, həm də qlobal savaşa yol aça bilər.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın əsas iddiası ondan ibarətdir ki, dünya hazırda artıq üçüncü dünya müharibəsi ərəfəsindədir. O, hesab edir ki, Bayden adminstrasiyası dəyişməzsə, dünyanın bu fəlakətə düçar olması qaçılmaz xarakter daşıya bilər. Xüsusilə də, Rusiya və Çinlə qlobal qarşıdurmanın davam etdirilməsi üçüncü dünya müharibəsinini sürətlə yaxınlaşdırır. Və NATO bu təhlükənin qarşısının alınmasında bütün məsuliyyəti öz üzərinə götürmək məcburiyyətində qala bilər.

0f16f6a8-6cd7-44d5-b440-82f27645109d.jpg (80 KB)

Maraqlıdır ki, NATO-nun hərbi strateqləri də qlobal savaş təhlükəsinin dünya tarixində ilk dəfə bu qədər yaxın olduğu qənaətindədirlər. Onların fikrincə, hətta üçüncü dünya savaşı baş verməzsə belə, bəşəriyyət uzun müddət bu təhlükənin təsiri altında qalmalı olacaq. Ona görə də, bu hərbi-siyasi alyansın mütəxəssisləri NATO-ya üzv ölkələri israrla öz hərbi büdcələrini sürətlə artırmağa çağırırlar. Əsas qənaət ondan ibarətdir ki, üçüncü dünya müharibəsinin qarşısını yalnız genişmiqyaslı savaş hazırlığı ilə almaq mümkün ola bilər.

Təbii ki, bu, üçüncü dünya müharibəsindən daha ağır bir hərbi-siyasi mərhələyə start verilməsi anlamı da daşıyır. Çünki dünya artıq analoji mərhələdən bir dəfə keçib. Belə ki, ötən əsrin 80-ci illərində keçmiş SSRİ və Qərb arasında savaş hazırlığı məqsədilə sürətlə silahlanma rəqabəti qorxunc "soyuq müharibə" dövrü ilə nəticələnmişdi. Və bu mərhələ illərlə bəşəriyyəti normal inkişaf prosesindən uzaqlaşdırmışdı.

Belə anlaşılır ki, NATO strateqləri indi də "soyuq müharibə" dövrünün növbəti mərhələsinin qaçılmaz olduğu qənaətinə gəliblər. Çünki onların Ukrayna savaşı ilə bağlı hərbi-siyasi hesablamaları artıq tamamilə iflasa uğrayıb. Qərbdə əmin idilər ki, Ukrayna savaşı qısamüddətli hərbi-siyasi kampaniya olacaq. Rusiyanı qısa müddət ərzində diz çökdürmək o qədər də böyük çətinlik törətməyəcək. Nəticədə Kreml Rusiya sərhədləri daxilinə sıxışdırılmış "sözə baxan" ölkəyə çevriləcək və beləliklə də yeni dünya düzəninin önü açılacaq.

Ancaq indi NATO-nun timsalında Qərbdə anlamağa başlayıblar ki, Ukrayna savaşı yeni dünya düzəninin deyil, məhz "soyuq müharibə"nin növbəti mərhələsinin önünü açıb. Çünki ABŞ başda olmaqla, NATO ölkələrinin Ukraynaya Rusiya ilə savaşda verdiyi hərbi dəstək ümid bəslənən nəticədən çox-çox uzaqdır. Qərb ölkələrinin Ukraynaya hərbi dəstək resursları sürətlə tükənir. Kreml isə bundan sonra hələ uzun müddət Qərbin Ukrayna üzərindən apardığı Rusiyaya qarşı "proksi savaşa" tab gətirmək imkanında olduğunu sübuta yetirmək üzrədir.

1219151_n996247rxm.jpg (73 KB)

Digər tərəfdən, daha bir pessimist ehtimal Ukrayna savaşının indiki nəticələr dəyişməyəcəyi təqdirdə, bütün dünyada Qərbin planlarından kənar situasiya yarada biləcəyi ilə birbaşa bağlıdır. Belə ki, Kreml Ukraynaya hərbi müdaxilə məcburiyyətində buraxılarkən, Rusiyanın "savaş bataqlığı"na salınması məqsədi güdülürdü. Əslində, bu məqsədə müəyyən mənada, nail olundu. Ancaq Rusiya ABŞ və Qərbi də özü ilə bərabər bu "savaş bataqlığı"na çəkə bildi. İndi həm NATO, həm də Rusiya ortaq "savaş bataqlığı"nda bərabər çabalamağa məhkum duruma düşüb.

Bütün bunlar onu göstərir ki, Rusiyanın Ukraynaya qoşun yeritməsi əslində, bütün dünyanın, xüsusilə də, Avropanın hərbi-siyasi landşaftını tamamilə dəyişmiş oldu. Hər halda, Ukrayna savaşı başlayarkən, Qərb əsasən Rusiyanın nə qədər vaxt ərzində diz çökə biləcəyini hesablayırdı. İndi isə Qərb NATO-nun bu savaşda Ukraynanı bundan sonra hələ nə qədər dəstəkləyə biləcəyini də hesablamaq məcburiyyətində qalıb.

Üstünlük, hazırda ABŞ və Qərb Rusiyanın Ukrayna savaşında qalib gələ biləcəyi variantın törədəcəyi yeni situasiyanı da proqnozlaşdırmaq məcburiyyətindədir. Çünki bu halda, Rusiya Avropa məkanına birbaşa hərbi-siyasi müdaxilə perspektivləri də qazanmış olacaq. Və bu, Qərbə Rusiya ilə uzunmüddətli hərbi-siyasi rəqabət ehtimalı yaradan "soyuq müharibə"ni qaçılmaz edəcək bir qorxunc faktordur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR