İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ən yaşlı prezidenti - Bayden yenidən prezident ola bilərmi....

Amerikalı milyarder İlon Mask hesab edir ki, ABŞ prezidenti Co Bayden ABŞ-da ikinci müddətə namizəd olmaq üçün çox qocadır. Bu barədə “Tesla” və “Space X” şirkətlərinin sahibi “Financial Times” qəzetinin saytında dərc olunmuş müsahibəsində bildirib.

“Yaşınızla əhalinin orta yaşı arasında çox böyük fərq olmasına imkan verməyin, çünki o zaman insanlarla əlaqə saxlamaq çox çətin olacaq. Bəlkə də bir nəsil arasında fərq hələ normaldır, amma iki? Bilmirəm, amma artıq nəvələriniz olanda insanların problemləri sizə nə dərəcədə yaxın olacaq? Hətta belə bir vəziyyətdə onlarla əlaqə saxlamaq mümkündürmü?”, - deyə Mask sual edib.

Bəs milyarder fikrində nə qədər haqlıdır?

Qeyd edək ki, noyabrın 20-də 80 yaşı tamam olacaq Co Baydendə vaxtaşırı yaddaşsızlıq (amneziya) problemi özünü göstərir. Lakin o daha bir müddətə prezident olmaq niyyətini artıq açıqlayıb. Az öncə isə Demokratlar Partiyası üzvlərindən biri ABŞ-a nə Bayden, nə də Trampın yox, daha cavan bir prezidentin gərək olduğunu bildirmişdi.

Adətən əksər ölkələrdə prezidentlər üçün yalnız aşağı yaş senzi müəyyən edilib. Psixoloqlar bu barədə nə düşünür, olduqca böyük məsuliyyəti, əqli qabiliyyəti nəzərə alaraq, dövləti idarə edənlər üçün yuxarı yaş senzi də olmalıdırmı? Ümumiyyətlə, ölkəni idarə eləmək üçün optimal yaş deyilən bir anlayış varmı?

Qabil Hüseynli: “Minsk Qrupunun davranışı ermənilərin çörəyinə yağ sürtməyə  bənzəyir” » Reyting.az

Qabil Hüseynli: “Onun yenidən prezident seçilmək istəyi, sadəcə, siyasi manevrdir”

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, Baydenin yenidən prezident olmaq sevdasına düşməsi indiki reytinqini, mövqeyini qoruyub saxlamaq, prezidentlik dövrünü daha cazibəli göstərmək niyyətinə xidmət edir:

“Onun özü də yaxşı başa düşür ki, indiki yaşında belə prezident səlahiyyətlərini güclə yerinə yetirə bilir, yaddaş pozğunluğuna sahibdir. Tez-tez öz müavinini başqa adla çağırır və yaxud başqasına müavinin adını deyir. O, hazır yazılardan istifadə etmədən çıxış edə bilmir və sairə.

İnsan bioloji varlıqdır, yaşlandıqca, müəyyən dövrə çatdıqca həm bioloji qüsurları artır, həm də sosioloji qüsurları ortaya çıxır. Yəni orqanizmi zəifləyir, əvvəlki enerjisini itirir, yaddaş pozulur, müəyyən dil xətaları müşahidə edilir, adekvat, hətta deyərdim ki, ideal davranması üçün lazım olan mərkəzi sinir sistemi keyfiyyətlərinə malik olmur. Bəli, insanın fəaliyyəti üçün müəyyən yaş dövrü mütləq qoyulmalıdır.  Bəs niyə artıq 60-65 yaşda insanları təqaüdə çıxardırlar, bu qanunvericilikdə öz əksini tapıb? Əlbəttə ki, yaş amili öz təsirini göstərdiyinə görə.

Amerikada ömür həddi uzundur, belə ki, orta ömür həddi 76 yaşdır. Baydenin  yaşı isə artıq 80-ə keçib. Növbəti prezidentlik müddətində o, artıq 85 yaşını qeyd edəcək. Bu baxımdan hesab edirəm ki, yaş senzi qoyulmalıdır.

Beləliklə, hesab edirəm ki, Baydenin yenidən prezident seçilmək istəyi, sadəcə, siyasi manevrdir. Heç şübhə etmirəm ki, yeni prezident seçkilərində o, öz namizədliyini irəli sürməyəcək. Sürəcəksə də, mərhələlərdən keçə bilməyəcək. Hər halda, ola bilsin ki, Baydendən sonra biz Amerikada daha gənc, daha fəal prezident görə biləcəyik".

“Prezident olmaq üçün hansı yaş dövrünün daha optimal hesab edirsiniz?” sualımıza isə politoloq bu cür cavab verdi:

“Hesab edirəm ki, bu məsələdə 70 yaş ən ideal yaş həddidir. Bu yaşa qədər insan siyasət baxımından həm böyük təcrübəyə malik olur, həm də fiziki sağlamlığı o səlahiyyətləri yerinə yetirməyə imkan verir. Lakin 70 yaşdan sonra insanda xroniki xəstəliklərin şiddətlənməsi, səhhətində müxtəlif pozğunluqların ortaya çıxması və nəticə etibarı ilə iş qabiliyyətinin azalması  müşahidə olunmağa başlayır ki, bu da yüksək məsul vəzifələrdə böyük problemlər yarada bilər”.

Psixoloq Azad İsazadə isə mövzuya bu cür rəy bildirdi:

“Bu gün Amerikanın ən qoca prezidenti Baydendir. Ondan öncə bu yaşda prezident olmayıb.

Bakupost.az - Rusiya nüvə silahından istifadə etməyə məcbur olacaq - Hərbi  ekspert Azad İsazadə

Azad İsazadə: “Yaddaş, fiziki sağlamlıq, ağır qrafikə tabe olmaq məsələsi insanda hansısa problemlər yarada bilər”

Sözsüz ki, yaşın birmənalı olaraq təsiri var. Elə ölkələr var ki, hətta parlamentə üzv seçilməzdən əvvəl psixiatrik, psixoloji müayinələrdən keçir. Hətta bəzi parlamentlərdə bununla bağlı  xüsusi xidmət də var. Düşünürəm ki, ABŞ-da da prezidentin sağlamlığı baxımından hansısa tələblər var, amma deyəsən, yaşla bağlı tələb yoxdur. Sözsüz ki, yaşla bağlı müəyyən risklər var. Belə ki, yaddaş, fiziki sağlamlıq, ağır qrafikə tabe olmaq məsələsi insanda hansısa problemlər yarada bilər. Amma qanunvericilikdə konkret yaş həddi göstərilməyibsə, deməli, Bayden yenidən seçilə bilər. Hamımız bilirik ki, prezident olmaqla bağlı aşağı yaş senzi var, fikrimcə, yuxarı yaş senzi də olmalıdır".

Azad Isazadə qeyd etdi ki, ümumiyyətlə, yetişmiş siyasətçi 50-70 yaş arasında olan sayılır:

“Amma bunun özü də şərti yanaşmadır. Putinin 70 yaşı təzə tamam olub, amma görürük ki, nə qədər səhvlər edir. Bayden isə 80-ə keçib, amma pis-yaxşı dövlətini idarə edir”.

Maraqlı bir faktı da qeyd edək ki, hazırda dünyada ən yaşlı dövlət başçısı Kamerunun prezidenti  89 yaşlı Pol Biyadır. Prezidentlikdən əvvəl isə Pol Biya 7 il ölkənin baş naziri kürsüsündə əyləşib. 7 dəfə 7 illik prezident seçilən Pol Biya yaşına baxmayaraq kürsüsündən ayrılmaq niyyətində deyil, hər seçkidə 70-90 faiz səs toplayan prezident əvəzolunmaz lider kimi fəaliyyətini davam etdirməkdədir.

Dünyanın ən gənc prezidenti isə San Marinonun prezidenti 32 yaşlı Matteo Ciaccidir. 2018-ci ildə prezident seçilərkən onun 27 yaşı var idi.

Xalidə GƏRAY,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR