Onlayn ictimai-siyasi qəzet
ABŞ başda olmaqla bəzi Qərb dövlətləri israrla Ermənistana Azərbaycan təhlükəsi barədə miflər uydurmağa davam edir. Bu dəfə “estafeti” Amerika Dövlət Departamenti ələ alıb. Belə ki, Departament Ermənistanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha bəyan edib.
Qeyd edək ki, Lemkin adına Soyqırımının Qarşısının Alınması İnstitutu oktyabrın 31-də öz hesabatında guya Azərbaycanın yaxın günlərdə və həftələrdə Ermənistana təcavüz ehtimalı ilə bağlı təxribatçı hesabat açıqlayıb. Dövlət Departamenti isə “Ermənistanın suverenliyi və ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasının ciddi nəticələrə səbəb olacağını” vurğulayıb. Departamentin şərhində deyilir: “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulamışıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Biz mütəmadi olaraq güc tətbiqinə qarşı ehtiyatlı olmaq kimi gözləntilərimizi vurğulayır və vəziyyəti daim izləyirik. Ermənistan ABŞ-ın yaxın tərəfdaşı və dostudur. Biz Ermənistanın siyasi və iqtisadi təhlükəsizliyini gücləndirmək üçün Ermənistan hakimiyyəti ilə işləməyi səbirsizliklə gözləyirik”.
Gözlənildiyi kimi, Azərbaycan XİN-i məsələyə dərhal sərt münasibətini bildirib. Ancaq çox maraqlıdır, görəsən, Rusiyanın legitim forpostu, hərbi müttəfiqi olan (Ermənistan həm də KTMT üzvü olaraq qalır) bir ölkə necə Amerikanın tərəfdaşı, hətta dostu ola bilər? Əlbəttə ki, Bakıya qarşı bu növbəti qərəz nümunəsi olmaqla yanaşı, həm də absurddur. Yəqin elə buna görədir ki, az-çox ağlı başında olan ermənilər Vaşinqtonun belə bəyanatlarına inanmırlar. Axı Ermənistan nə vaxt Rusiyanın orbitindən azacıq uzaqlaşdı və ya müstəqil oldu ki, ABŞ üçün dost-tərəfdaşa da çevrilə?
“Dövlət Departamenti Birləşmiş Ştatların Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini, bu suverenliyin və ərazi bütövlüyünün hər hansı formada pozulmasının ciddi nəticələrə səbəb olacağını bildirir. Lakin onlar nə dərəcədə səmimidirlər?”
Bunu müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz Facebook səhifəsində yazıb. “Əgər Birləşmiş Ştatlar öz qiymətləndirmələrində səmimidirsə, o zaman izah etməlidir ki, Azərbaycanın 2021-2022-ci illərdə Ermənistana hücumlarına (İrəvanın sərhəd təxribatları nəzərdə tutulur - red.) niyə bir söz demir? Eyni şey Qarabağ məsələsinin silah gücü ilə həll olunmasına (guya, İrəvan problemin dinc yolla həllinə hazır imiş! - red.) aiddir. Amma heç bir xəbərdarlıq və ya çəkindirmə vasitəsi tətbiq olunmadı və Azərbaycan 2020-2023-cü illər ərzində güc tətbiq etməklə Qarabağa tam nəzarət etdi. Belə görünür ki, konkret halda zənglər və xəbərdarlıqlar ünvanlarına heç vaxt çatmayıb. Və bunun nəticələrini hamı bilir”, - Abramyan gileylənib.
İndi kim daha səmimidir - ABŞ Dövlət Departamenti, yoxsa Abramyan?
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov Amerikanın bu addımlarının əslində Ermənistanın özünü təhdid etdiyini bildirdi: “Vətən müharibəsində Zəfərimizdən sonra qalib tərəf olmağımıza baxmayaraq, cənab İlham Əliyevin təşəbbüsləri ilə bölgədə dayanıqlı və yekun sülhə nail olunması istiqamətində fəaliyyət başladı və proses üzrə bir neçə platforma formalaşdırıldı. Lakin proseslərin axarı göstərdi ki, əslində müasir Qərb vasitəçiləri mahiyyətcə 30 il ərzində davam etmiş və uğursuzluğa düçar olmuş köhnə funksionerlərdən mahiyyətcə fərqlənmir. Əgər ATƏT-in Minsk qrupu Azərbaycanı işğalla barışmağa, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini leqallaşdırmağa çalışırdısa, ötən üç il ərzində vasitəçiliyə iddia edən Qərb də əsas gücü Azərbaycan ərazisində separatçı qurumun mövcudluğunu, eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qanunsuz şəkildə Qarabağ ərazisində qalmasını təmin etməyə cəhd göstərirdi. Nəticədə ilk dövrlər 10 noyabr kapitulyasiya aktının şərtlərini yerinə yetirən, danışıqlarda nisbi konstruktivlik nümayiş etdirən Ermənistan məhz bu reallığa əsaslanaraq yenidən ritorikanı dəyişdi. Bu situasiyanın nəticəsi olaraq cənab İlham Əliyevin Astanada Türk Dövlətləri Təşkilatının ”Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə də ifadə etdiyi kimi, “Ermənistanın Baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası ”müstəqilliyi"ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi".
Təbii ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyildi və Azərbaycan özünün ərazi bütövlüyünü, sərhəd bütövlüyünü və bütün ərazilərində Konstitusiya quruluşunu tam bərpa etməklə, bölgədə separatizmin sonunu gətirməklə Qərbin iradəsi ziddinə yeni reallıq formalaşdırdı. Əslində yeni geosiyasi reallıq Cənubi Qafqazda sağlam marağı olan güclər üçün yeni imkanlar deməkdir, lakin görünən odur ki, Qərb Cənubi Qafqaza sağlam niyyətlə yox, özünün neoimperialist təfəkkürü ilə baxır. Qafqazda 30 illik işğala faktiki olaraq göz yuman, vasitəçi kimi münaqişənin həllinə töhfə verməyən və bunu heç arzulamayan Vaşinqton xarici siyasət idarəsi indi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün “qətiyyətli” dəstəkçisinə çevrilib. Hətta Departamentin himayəsindəki İnstitutlar, o cümlədən media təsisləri, hətta Azərbaycanın Ermənistana mümkün “təcavüz ehtimalları” barədə təxribat xarakterli informasiyaları dövriyyəyə buraxır.
Bu isə əslində Ermənistanın özünün hansısa təcavüzkar niyyətə sövq edilməsindən başqa bir şey deyil. Ermənistan özü anlamalıdır ki, ABŞ-ın bu tip yarımçıq və siyasi riyakarlıqlarla dolu addımları bölgədə sülhə, sabitliyə təhdid törətməklə əslində elə Ermənistanın özünün dövlətçiliyini təhdid edir və Paşinyan iqtidarı ilk növbədə bu kimi təhrikedici görüşlərə və ritorikaya özünün hakimiyyəti və Ermənistanın dövlətçiliyi üçün təhdid kimi baxmalıdır. Ermənistan onu da anlamalıdır ki, forpost olaraq əl dəyişdirməkdənsə müstəqil davranmaq, regionun əməkdaşlıq mühitinin parçası olmaq daha faydalıdır.
Çünki bu gün cənab İlham Əliyev elə bir geosiyasi konfiqurasiya formalaşdırıb ki, nə ABŞ, nə də Qərbin digər subyektləri bölgədə yaranmış yeni reallığı dəyişə, həmin reallığa təsir edə bilməzlər".
Elçin Mirzəbəyli
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, sülh prosesinin əngəllənməsinin arxasında həm də Amerikanın maraqları dayanır: “ABŞ Dövlət Departamentinin son iddiaları bir daha sübuta yetirir ki, Ermənistanın sülh prosesini əngəlləməsinin, Fransanın ölkəmizə qarşı səngimək bilməyən təxribatlarının BMT Təhlükəsizlik Şurası müstəvisində daşınmasının təməlində Ağ Evin maraqları dayanır. Bu qəbildən olan təxribatları körükləyən və prosesdə fəal iştirak edən dövlətlərin siyahısına diqqət yetirsək, onların əhəmiyyətli hissəsinin ABŞ-ın proksiləri olduqlarını və Baydenin son ”Demokratiya sammiti"nin “şinelindən” çıxdıqlarını görə bilərik. Əks təqdirdə, məsələn, Qoşulmama Hərəkatının üzvü olan Ekvador, təmsil etdiyi təsisatın prinsiplərinə və mövqeyinə zidd hərəkət edərək, bu ilin avqust ayında Ermənistanın müraciəti əsasında toplanan BMT Təhlükəsizlik Şurasının iclasında İrəvan və Parislə səs-səsə verməzdi. ABŞ-ın və hələ də dünyanın birqütblü olmadığı reallığı ilə barışa bilməyən bu ölkənin satellit, vassal və proksi dövlətləri olan Fransa və Kanadanın son zamanlar təkcə Cənubi Qafqazda deyil, Orta Asiyada da aktivləşmələrinin proqnozlaşdırılması mümkün olan hədəfi Ön və Orta Asiyada formalaşmaqda olan yeni geosiyasi reallıqları dəyişdirmək, o cümlədən Türk Dövlətləri Təşkilatının beynəlxalq aktor kimi güclənməsi prosesinə maneə yaratmaqdan ibarətdir. Emmanuel Makronun TDT-nin Qazaxıstan Zirvəsi öncəsi bu ölkəyə, o cümlədən Özbəkistana səfər etməsi də, məhz bu niyyətə xidmət edir. Ön və Orta Asiya subregionalarında yeni və qlobal proseslərə təsir göstərmək, qlobal imperializmin hegomunluğuna son qoymaq potensialında olan yeni konfiqurasiya formalaşır. Bölgə təbii ehtiyatlarla, o cümlədən neft, qaz və uranla zəngindir. Nəzərə alsaq ki, dünya uran ehtiyatlarının 15%-i Qazaxıstanın payına düşür və bu ölkə uran ehtiyatına görə dünyada ikinci yerdə olsa da, 40%-lik göstərici ilə istehsalda birinci yerdədir, o zaman real mənzərəni görmək mümkündür. Digər tərəfdən, Rusiyadan kənar bütün nəqliyyat dəhlizləri Ön və Mərkəzi Asiyadan, o cümlədən Cənubi Qafqazdan, TDT üzvü olan ölkələrin ərazisindən keçir. Bölgədə formalaşmaqda olan yeni geostrateji əməkdaşlıq platformasında Çin və Rusiyanın aktiv iştiraklarını nəzərə alsaq, hazırda Ermənistan üzərindən həyata keçirilən təxribat ssenarilərinin qlobal hədəflərini müəyyənləşdirə bilərik. Bu baxımdan, ABŞ Dövlət Departamentinin “Ermənistanın ərazi bütövlüyü” ilə bağlı sərsəmləmələri Ağ Evin böyük iddialarını kiçik masştabda göstərmək cəhdindən başqa bir şey deyil və təbii ki, Vaşinqtonun davranışlarından, ümumiyyətlə, səmimiyyət gözləməyə dəyməz".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ