Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda prezident Məsud Pezeşkian AzTV-yə müsahibəsində bildirib ki, Azərbaycan və İran “yaşıl enerji” sahəsində qarşılıqlı faydalı əməkdaşlıq edə bilər.
“Bizim “yaşıl enerji” istehsalı üçün uyğun olan Araz çayımız var. Orada bəndlər yaradılıb və bəziləri də hələ reallaşdırılır. Bu su bəndlərindən “yaşıl enerji” əldə etmək olar. Biz bu sahədə hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıqlara malik ola bilərik. Heç şübhəsiz ki, bu əməkdaşlıq günəş və külək enerjisi sahəsini də əhatə edə bilər. Bu da iki ölkə arasında müvafiq qurumların əməkdaşlığı çərçivəsində öz həllini tapa bilər”, - Pezeşkian deyib.
Musavat.com-un Ağdama ezam olunmuş müxbiri sözügedən məsələ ilə bağlı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadədən açıqlama alıb.
Qurum rəsmisi bildirib ki, Azərbaycanda elektroenergetika sahəsində iki əsas müəssisə var:
““Azərenerji” ASC generasiyanın ötürülməsi ilə məşğuldur. “Azərişıq” isə elektrik enerjisinin paylanması ilə məşğuldur. Düşünürəm ki, həm “yaşıl enerji” mənbələrinin sayının artırılması baxımından, həm də enerji dayanıqlı ölkələr sırasında Azərbaycan liderdir.
Gələcəkdə gözlənilən enerji defisitinin qarşısının alınması üçün bölgə dövlətləri Azərbaycanla enerji münasibətlərini yaxşılaşdırmağa çalışırlar.
Məlum olduğu kimi, Naxçıvan “yaşıl enerji” zonası elan olunub. Orada “yaşıl enerji” mənbələrinin sayının artırılması nəzərdə tutulub. Avropaya “yaşıl enerji”nin ötürülməsində qardaş Türkiyə önəmli rol oynayır. Bu baxımdan iranlı həmkarlarımızın Araz çayı üzərindəki bəndlər vasitəsilə ekoloji təmiz enerji əldə etməklə bağlı fikirləri heç də təəccüblü deyil.
Düşünürəm ki, Azərbaycan qonşu ölkələrdən “yaşıl enerji” ilə bağlı daha çox təklif alacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ