Onlayn ictimai-siyasi qəzet
Bakı Məhkəmə Kompleksində Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir.
Haqlı olaraq “Nürnberq prosesi” adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bölüşürlər.
Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır.
Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.
Məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.
Prosesdə təqsirləndirilən Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.
Videomaterialda jurnalistin suallarını cavablandıran Davit İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb:
““Daşnaksütyun” 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı.
“Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, “Daşnaksütyun” partiyası 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi.
O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.
Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən İşxanyan deyib:
“Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol – sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.
Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən Davit İşxanyan videomaterialda “Daşnaksütyun”un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.
Xatırladaq ki, ötən prosesdə Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən video nümayiş olunmuşdu.
Daha ətraflı: https://musavat.com/news/davit-isxanyani-ifsa-eden-videoda-neler-var_1170586.html
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ