İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şərurlu İsfəndiyar” İlon Maskla bağlı fikirlərini dandı- Vəkilin suallarına “savadsızam” deyə cavab verdi

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) növbəti dəfə məhkəməyə gəlib.

Musavat.com xəbər verir ki, “Şərurlu İsfəndiyar”dan şikayət edən, hazırda həbsdə olan iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur. 

Onun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Şərurlu İsfəndiyar” müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı. Barəsində məhkəmə hökmü çıxmadığı halda onun barəsində böhtan xarakterli məlumat yaydığı üçün Emil Səməndərov “Şərurlu İsfəndiyar”ı məhkəməyə verib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Məhkəmə iclası Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov təqsirləndirilən şəxs kimi tanınıb.

Emil Səməndərovun müdafiəçisi Asim Abbasov məhkəməyə son bir neçə ayda İsfəndiyar Axundovla bağlı mətbuatda dərc edilmiş şikayətlərlə bağlı məlumatları təqdim edib. Həmin şikayətlər İsfəndiyar Axundovun rəhbəri olduğu şirkət tərəfindən vətəndaşların aldadılması, zərər görməsi ilə bağlı olub. Vəkil onlarla şikayətçinin mətbuat vasitəsi ilə rəsmi qurumlara müraciətlərini hakimin diqqətinə çatdıraraq iş materiallarına əlavə edilməsini istəyib.

Hakim qeyd edilən məlumatların hazırki cinayət işinin predmeti olmadığını əsas gətirərək vəsatəti təmin etməyib.

Vəkil bildirib ki, həmin materiallarda da  vətəndaşlar İsfəndiyar Axundovdan şikayətçidir və onun tərəfindən aldadıldıqlarını deyirlər. Belə olan halda İsfəndiyar Axundova da “dələduz” deyə müraciət edilə bilər. Lakin Şərurlu İsfəndiyar məhkəmə qərarı olmadığı halda Emil Səməndərova “dələduz” deyib. Belə olan halda Emil Səməndərov da İsfəndiyar Axundova “dələduz” deyə bilərmi?

Daha sonra İsfəndiyar Axundov vəkil Asim Abbasovun suallarını cavablandırıb.

Vəkil suallarından birində İsfəndiyar Axundovun özünü İlon Maskla müqayisə etməsi ilə bağlı məsələyə toxunub. İsfəndiyar Axundov həmin müsahibəsində “İlon Maskın da mənim kimi ali təhsili yoxdur” demişdi.

Asim Abbasov bu fikirlərin İsfəndiyar Axundova aid olub-olmamasını onun özündən bir daha soruşub.

İsfəndiyar Axundov suala cavab vermək istəsə də vəkili ona xəbərdarlıq edib. Bundan sonra İsfəndiyar Axundov suallara cavab verməyib və “mən savadsız adamam. Suallara cavab verə bilməyəcəm” deyib.

Məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək.

 

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR