İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ı fəth etmək istəyən hind oğlu – o, seçilsə, Rusiyayönlü prezident olacaq

Hindistan əsilli siyasətçilərin və iş adamlarının dünyanın fəth etməsi, ən azı ön plana çıxması prosesi öz ahəngi ilə davam edir. Rişi Sunakın Birləşmiş Krallığın baş naziri olmasından sonra daha bir hindistanlı biznesmen ABŞ-ın prezidenti seçilməyə iddialıdır.

Bu, 2024-cü il prezident seçkilərində iştirak etmək iddiasında olan respublikaçıların öz aralarında təşkil etdiyi debatların qalibi olmuş Vivek Ramasvamidir.

Bu günlərdə o, mühafizəkar portallardan birinə yazdığı məqalədə xarici siyasətə dair fikirlərini açıqlayıb və məlum olub ki, ABŞ-da ilk dəfə olaraq Rusiya-Ukrayna münaqişəsində Kremlin mövqeyini birbaşa dəstəkləyən populyar siyasətçi peyda olub.

Ramasvami Ukraynanın NATO-ya daxil olmasına və Vaşinqtonla Moskvanın anti-Çin zəmində yaxınlaşmasına qarşı ərazi güzəştlərini müdafiə edib.

Debatlarda uğur qazanmasına baxmayaraq, o, Respublikaçılar Partiyasından namizəd ola bilmək üçün Tramp səddini aşmalıdır. Respublikaçıların favoriti hələ də eks-prezident Donald Trampdır.

Son sorğulara görə, ən populyar respublikaçı siyasətçilər siyahısında Ramasvami üçüncü yeri tutub. Tramp və Florida qubernatoru Ron DeSantis ondan öndədir. Reytinqdə üçüncü və ya dördüncü yer uğrunda yaxın vaxtlara qədər az tanınan əczaçılıq biznesmeni Amerikanın ən tanınmış siyasətçilərindən biri - keçmiş vitse-prezident Maykl Penslə mübarizə aparır. Ramasvami üçün bu, artıq özlüyündə uğurdur, bu, ilk növbədə partiyadaxili debatlarda uğurlu çıxışla bağlıdır.

Əsl-nəsəbi Afrikadan olan qaradərili Barak Obamanın iki dəfə ABŞ prezidenti seçilməsindən sonra ABŞ-da yaşayan bir çox ambisiyalı siyasət və iş adamları ölkələrinin gerçəkdən də hüdudsuz imkanlar ölkəsi olduğuna əmin olublar və hesab edirlər ki, artıq dərisinin rəngindən, gözünün quruluşundan, milli mənsubiyyətindən asılı olmayaraq hər bir layiqli şəxs ABŞ-da yüksək dövlət vəzifələri tuta bilər. Qaradərili Kondoliza Raysın və mulat Kolin Pauellin ABŞ-ın dövlət katibi olması da bu xanədəndir.

Ona görə də Vivek Ramasvami öz siyasi iddialarını cəsarətlə irəli sürüb və göründüyü kimi, müəyyən uğur da qazanıb. Hələ seçkilərə 1 ildən çox qaldığı müddətdə dünya düzəninin, ABŞ-dakı ictimai rəyin necə dəyişəcəyini, Ramasvaminin rəqiblərinin siyasi təlatümlərdən necə çıxacağını bilmək olmaz.

Məsələn, ola bilər ki, Tramp hüquqi problemlərini həll edə bilməsin və həbs edilsin. Ron DeSantis də Floridada nəsə bir siyasi səhv buraxıb gözdən düşə və ya barəsəində yayılan ifşaedici məlumatlarla şantaj edilə bilər. Bu halda o, siyasi yarışmadan çəkilməyi məqsədəuyğun sayar. Siyasətdə belə şeylər vaxtaşırı olur. O zaman Ramasvami istər-istəməz respublikaçıların favoriti olacaq. Çünki bura qədər göstərdiyi performans onun nüfuzunun və populyarlığının yüksəlın xətt üzrə irəliləməsini təmin edib.

Ramasvami xarici siyasətlə bağlı fikirlərini daha ətraflı açıqlayarkən, Respublikaçılar Partiyasının ən mühafizəkar hissəsinə xitab edib, yazdığı məqalənin mətnində özünü Riçard Niksonun kursunun davamçısı kimi təqdim edib.

Xatırladaq ki, Nikson təkcə impiçment təhlükəsi qarşısında qalaraq, istefa verən ilk ABŞ lideri kimi deyil, həm də ABŞ-ın xarici siyasətini böyük ölçüdə dəyişdirən şəxs kimi tarixə düşüb. Xüsusilə də Niksonun Vyetnam müharibəsinə son qoyması, ABŞ-ın Çinlə yaxınlaşmasını təmin etməsi ABŞ seçicilərinin ona rəğbət bəsləməsinin əsas səbəbləridir. Ramasvami məqaləsində Niksonun xarici siyasətdəki “soyuq və ayıq realizmi”nə heyran olduğunu, ABŞ-ın bu siyasətə qayıtmasının yaxşı olacağını yazıb.

“Ən əsası odur ki, o, Sovet İttifaqının yaratdığı unikal təhlükəni dərk etdi. Çində o, 20-ci əsrin ən böyük qəssabını, Mao Tzsedunu gördü. Bununla belə, Maonun cinayətlərini saymaq əvəzinə, Çin-Sovet ittifaqının parçalanmasının arxasındakı hərəkətverici qüvvənin Mao olduğunu başa düşdü”, - deyə Ramasvami yazıb.

Ramasvaminin fikrincə, ancaq bu dəfə ABŞ Moskvaya qarşı Pekinə deyil, Pekinə qarşı Moskvaya arxalanmalıdır.

Göründüyü kimi, bu şəxs yüz ilin strateqləri kimi düşündüyünü büruzə verib və özlərinin dünyanın ən üstün cəmiyyəti sayan amerikalı seçicilərin incə damarına düşə bilib. Amerikalılara hər şeydən öncə öz rifahları, öz təhlükəsizlikləri lazımdır. Ramasvami bunu bilir, ona görə də deyir ki, o, Birləşmiş Ştatların prezidenti kimi Ukraynada ABŞ-ın iki düşmənini (Rusiya və Çin) daha da yaxınlaşdıran müharibəni təbliğ edənləri rədd edərək Niksonun irsini dirçəldəcək. Ramasvami yazıb ki, Ukraynada müharibə uzandıqca, onun yalnız bir qalibinin olacağı məlum olur və bu, Çindir. “Mən Niksonun 1972-ci ildə etdiklərinin əksini etməklə Amerikanı əxlaqdan realizmə aparacağam: 2025-ci ildə Moskvaya gedəcəm. Mən Ukraynada sülhü bizim üçün vacib olan yeganə şərtlərlə - Amerikanın maraqlarını birinci yerə qoyan şərtlərlə təmin edəcəyəm”,– Ramasvami yazıb.

Fəqət o, Rusiyanın işğal etdiyi ərazilərə nəzarətini qəbul edəcəyini, Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində Ukraynanın NATO-ya üzvlüyünə mane olacağını, Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyini və Rusiyanı dünya bazarına qaytaracağını yazarkən bir qədər ifrata varıb. Amerikalı seçicilər ötən əsrin ikinci yarısı boyunca tüğyan etmiş anti-Rusiya təbliğatının təsirindən qurtulmuş deyillər, üstəlik, günümüzdə bu ölkənin öz qonşularının, pəncəsi yetən bütün dövlətlərin başına nə oyunlar açdığını, yenidən dünya hegemonu olmaq istədiyini görürlər.

Amerikalılar Rusiyanın böyüməsini, yenidən dünyaya meydan oxumasını istəmirlər, eyni zamanda onunla əbədi düşmənçilik aparılmasını da qarşıdırlar. Rusiyaya güzəşt məsələsində Ramasvaminin Trampdan da qabağa getməsi onun şanslarına zərbə vura bilər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR