Onlayn ictimai-siyasi qəzet
Ötən gün ard-arda iki intihar hadisəsi qeydə alınıb. Hadisələrin ikisi də metroda yaşanıb. Əvvəl “28 May” metrostansiyasında bir nəfərin özünü qatar yoluna atıb. Sonra isə analoji hal “Ulduz”da təkrarlanıb.
Təkcə metrostansiyada deyil, istənilən məkanda, istənilən yaşdan və kateqoriyadan olan insanların intihara cəhd etməsinin şahidi olmuşuq. Adətən, gənclər, yaxud qadınlar belə bir addım atanda səbəbini depresiya, uğursuz sevgi hekayəsi və s. kimi adlandırırlar.
Bəs kamillik yaşına çatan adamların canına qıymasına nə ad vermək olar? Bu məsələnin kökündə hansı amillər dayanır?
Psixoloq Elnarə Kərimova “Yeni Sabah”a açıqlamasında mövzu ilə bağlı suallara belə aydınlıq gətirib:
“Bütün cəmiyyətlərdə intihara meyilin artması narahatlıq yaradır. İntihara meyilin səbəbləri ölkələr üzrə dəyişir. Belə ki, əgər inkişaf etmiş ölkələrdə intihar səbəbi daha çox tükənmişlik sindromu, həyatdan artıq həzz alamamqla bağlı olursa, əhalinin sosial-iqtisadi vəziyyətinə görə problemlərin olduğu ölkələrdə intiharı yaradan səbəblər münasibətlərdəki gərginlik, maddi durum, işsizlik və s. olur. Bütün bunların başında isə təbii ki, depressiya dayanır. Depressiya insanın həyatla bütün bağlarını qoparması deməkdir. Əgər depressiv hal uzun müddət davam edərsə və getdikcə gərginləşərsə, intihar meyilləri artar. Bu halda şəxs mütləq yaxın ətrafı tərəfindən diqqətdə saxlanılmalıdır. Bir anlıq diqqətsizlik faciəli sonluğa səbəb ola bilər”.
Psixoloq kişilərin intihara meylli olduğunu bildirib və bunun səbəbini belə əsaslandırıb:
“Araşdırmalar kişilərin qadınlardan daha çox intihara meyil etdiklərini göstərir. Maraqlıdır ki, qadınlar depressiyaya daha tez düşür və daha tez çıxırlar. Kişilər isə depressiaya daha gec düşür və çıxmaları uzun zaman aparır. Amma qadınlarda intihar halları kişilərə nisbətən bir neçə dəfə (bəzi araşdırmalarda bu rəqəm 4 dəfə göstərilir) az olur.
Bu, onunla əlaqələndirlir ki, qadınlar depressiyaya düşdükləri halda yaxın ətrafdan kömək qəbul edir, yaxınlarının köməyini rədd etmirlər. Kişilər isə hətta dost, ailə yardımını belə qəbul etmir, düşdüyü vəziyyəti başqalarının da görməməsi üçün özünü təcrid edir, nəticədə vəziyyətdən çııxş yolu kimi intiharı seçir. Yaş artdıqca, vəziyət daha dözülməz və çıxılmaz kimi görünür və nəticədə biz həyatının müəyyən dönəmini yaşamış, necə deyərlər yaşlı-başlı kişilərin intiharına şahid oluruq”.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ