İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ermənistana “suverenlik” qarantı verir: bəs hansı şərtlərlə?

Türkiyə və Azərbaycanın Ermənistana yönəlik ərazi iddiası yoxdur, bu ölkənin suverenliyi üçün hansı təhlükə var ki, ABŞ narahatdır...

ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr Departamentinin direktoru Mark Kemeron Ermənistanın Qeqarkunik rayonuna səfər edib, Vardenis və Sotk yaşayış məntəqələrinə baş çəkib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. M.Kemeron Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandanı ilə görüşüb və onlarla Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə tanış olub. Səfər zamanı o, Ermənistanın suverenliyi və Cənubi Qafqazda davamlı sülh məsələlərində ABŞ-ın davamlı dəstəyini vurğulayıb. Artıq neçənci dəfədir ki, Ermənistanın suverenliyinə dəstəklə bağlı mövqe sərgilənir. Bununla bağlı ən ardıcıl şəkildə mövqe ortaya qoyan ölkə Birləşmiş Ştatlardır. Üstəlik, ABŞ-dan gələnlər Ermənistanı regionda “ikinci Ukrayna” olmağa həvəsləndirən bəyanatlar verirlər.

Məsələn, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Praysın rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvan səfərində maraqlı bəyanatlar səslənib. Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana dəstək vədi ediblər. Amma bir şərtlə  ki, İrəvan Rusiyadan uzaqlaşsın. Qatı ermənipərəst konqresmen Frenk Pallonen bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır. Ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir.

Ermənistanın suverenliyi üçün bölgədə hansı təhlükə var ki, ABŞ rəsmiləri bu qədər narahatdırlar? Regionda Ermənistanın özünə düşmən hesab etdiyi 2 ölkə var - Azərbaycan və Türkiyə. Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir. Üstəlik, Türkiyənin Ermənistana yönəlik hansısa ərazi iddiası yoxdur. Azərbaycanın da Ermənistana yönəlik ərazi iddiası yoxdur. O zaman, ABŞ kimi supergücün Ermənistanın suverenliyini “qorumaq” kimi bəyanatlarının arxasında nə dayanır? Vaxtilə eyni ssenarinin Ukraynada da işə salındığı məlumdur. O halda ABŞ-ın gerçək niyyəti nədir? ABŞ Ermənistana hansı şərtlərlə “suverenlik” qarantı verir?

Ermənistanın baş naziri Nikol Paşinyan bəzi dairələrə bildirib ki, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə, hətta ölkədə hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə, sülh müqaviləsinin Rusiya variantını imzalamayacaq. Bu barədə “Hraparak” məlumat yayıb. “Paşinyan onu da deyib ki, xalq hakimiyyətin tərəfindədir və o, Rusiyanın təhdidlərindən qorxmur. O bildirib ki, Azərbaycan Prezidenti Əliyev də Qərb variantının əleyhinə olduğundan saziş yaxın vaxtlarda imzalanmayacaq”, - məlumatda deyilir. Görünən budur ki, Ermənistan iqtidarı Rusiya ilə “kəllələşməkdə” davam edir və Vaşinqtona söykənməkdədir.

Xəyal Bəşirov yazır: Prezident İlham Əliyev niyə tələsir? » Newscenter.az

Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirovun “Yeni Müsavat”a dediyinə görə, Ermənistan da Azərbaycan kimi BMT üzvüdür: “BMT nizamnaməsində öz əksini tapıb ki, ölkələr eyni hüquqa malikdir. Əgər amerikalılar səmimidirsə, 30 il Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları halda bir addım atmalıydılar. Ona görə bu məsələdə qeyri-səmimilik var, öz maraqlarını reallaşdırmaq üçün Ermənistanın suverenliyi haqda fikirlər dilə gətirirlər. Sadəcə, Azərbaycanı təsir altına ala bilmədikləri üçün indi Ermənistan üzərindən bu siyasəti yürüdürlər. Halbuki torpaqlar işğalda olduğu dövrdə Ermənistana sanksiya tətbiq etmədilər, əksinə, 907-ci düzəliş qəbul edildi. Yeganə Azərbaycan idi ki, "Azadlığa dəstək aktı"nda bizə yardım olunmadı. Hər il də bu qərar davam etdirilir. Bu da Vaşinqtonun işğalçıya və işğala məruz qalana göstərdiyi münasibətdir".

Onun sözlərinə görə, hazırda ABŞ-ın ən böyük diplomatik korpusu Ermənistandadır, əslində Azərbaycanda belə böyük səfirlik nəzərdə tutulurdu: “Lakin Bakı razılaşmadı deyə bunun acığını çıxırlar. Biz Qoşulmama Hərəkatına qatıldıq, orada uğurlu fəaliyyətimiz də Amerikanın xoşuna gəlmədi. Ermənistan isə ABŞ-ın arzularını ifadə edir. Ona görə də Amerikanın öz maraqları var, heç də Ermənistanın suverenliyini dəstəkləmirlər, onu təzyiq altında saxlamaq üçün bu fikirləri açıqlayırlar”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova Ermənistanın suverenliyinə təhdid olmadığını bildirir, onun fikrincə, Vaşinqtonun bu jestləri İrəvanı Rusiya təsirindən daha da qoparmağa hesablanıb: “Amerikalılar yaxşı bilir ki, Ermənistan əraziləri üçün təhlükə yoxdur. Sadəcə, Paşinyana dəstək verir və Putinin qəzəbindən qorumağa çalışırlar. Onlar sərhədləri qoruyan rus əsgərlərini çıxarıb, yerinə beynəlxalq qüvvələri cəlb etməyi hədəfləyiblər. Bu səbəbdən Ermənistanın Azərbaycanla sərhədinə səfərlər edilir, dəstək bəyanatları verilir, Paşinyan, spiker Simonyan KTMT əleyhinə ifadələr işlədir... Bütün bunlar Ermənistanın "Putin NATO"sunu tərk etməyə, Gümrüdəki və Erebunidəki hərbi bazaları çıxarmağa hesablanmış addımlardır. O baxımdan məsələ Azərbaycan yox, Rusiyadır. Bayden Paşinyanı açıq dəstəkləyir, Ermənistan Rusiyanın orbitindən uzaqlaşdırılır. Amma buna nail olacaqlarmı, proqnoz vermək çətindir. Eynilə Saakaşvili Gürcüstanın illərinə bənzəyir, fərq budur ki, indi ruslar Ukraynada müharibə aparırlar, başları qarışıb". Ekspert güman edir ki, ABŞ-ın Ermənistana dəstəyi güclənəcək: “Rusiyanın təsirlərini xeyli dərəcədə azaltmaq üçün İrəvana səfərlər də intensivləşəcək, konqresmenlər ermənilərə dəstəyi artıracaq, sərhədə gələrək müşahidə aparılması halları olacaq. Artıq Avropa Birliyinin mülki missiyası regiondadır, ardınca ATƏT gələcək, bu gedişatın hərbi missiya ilə əvəzlənməsi üçün böyük güc sərf etməkdədirlər. Odur ki, strateji mübarizədə Amerika İrəvanın yanındadır, onun suverenliyinə qarant olduğu təsəvvürü formalaşdırır. Rusiyadan təzyiqlərin artması da Ermənistan hakimiyyətinə imkanlar qazandırır ki, Qərbdən daha böyük dəstək alsın. Ancaq sülh sənədi imzalanmasa, ermənilərin avrointeqrasiyası müşkül olacaq”.

 Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR