İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ diplomatiyasının rəhbərliyindən bununla bağlı izahat tələb etməliyik” - Akif Nağı

“Ermənilər Minsk Qrupu həmsədrlik prosesindən vaxtı uzatmaq, həmsədr dövlətlər isə bölgəyə nəzarəti saxlamaq üçün alət kimi istifadə etməyə çalışırlar. Bu mənada onların maraqları üst-üstə düşür. Amma Azərbaycan prezidentinin mövqeyi ortadadır və bütün tərəflər istəsələr də, istəməsələr də bununla hesablaşmalıdırlar”.

QAT sədri Akif Nağı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Onun sözlərinə görə, bu günə qədərki vəziyyət göstərir ki, vaxtilə həmsədrlik etmiş dövlətlər Azərbaycnın mövqeyi ilə hesablaşırlar: “Məsələn, “həmsədrlər”inin adını dəyişib, “səfir” qoydular. Digər tərəfdən, həmsədrlik institutu çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını deyirlər, amma bir dəfə də olsun bir araya gələ bilməyiblər. Deməli, Azərbaycan buna imkan vermir. Kaspşik deyilən bir xüsusi nümayəndə də var idi, hərdən Ermənistana gedir, ordan Qarabağa tərəf boylanır, oranı “su yoluna” döndərdiyi günlərin həsrətini çəkir, amma addım ata bilmir”. QAT sədrinin sözlərinə görə, bütün bunlar proseslərin nəzarətimizdə olduğunu göstərir.

A.Nağı qeyd etdi ki, belə bir durumda ABŞ dövlət katibinin köməkçisi Donfridin hərəkətləri və son açıqlaması etik və diplomatik normalardan kənara çıxır: “Azərbaycan prezidentinin fikirlərinə bu qədər açıq şəkildə zidd getməsi normal diplomata yaraşan hərəkət deyil. Ola bilər ki, erməni mətbuatı onun fikirlərini təhrif etsin. Hər halda yoxlanılmalıdır. Əgər doğrudan da elə fikir səsləndiribsə, ABŞ diplomatiyasının rəhbərliyindən bununla bağlı izahat tələb etməliyik. Görünən mənzərə isə ondan ibarətdir ki , ABŞ, Fransa, həmçinin müəyyən qeyd-şərtlərlə Rusiya meyidi dirildib, ermənilərə ümid vermək istəyirlər. Ermənilər onsuz da ümidsiz vəziyyətdədirlər, indi də meyidin dirildilməsinin ümidinə qalıblar. Ümidini meyidin dirilməsinə bağlayan topluma yazıqlar olsun! Azərbaycan prezidenti “həmsədrlik ünsürlər”in öldüyünü elan edib, meyidlərini də sahiblərinə göndərib. ABŞ da daxil bütün maraqlı dövlətlər, o cümlədən ölünün ümidinə qalmış ermənilər bu reallıqla hesablaşmalıdırlar”.

Xatırladaq ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid keçən həftəsonu Bakıdan sonra İrəvanda olarkən bəyan edib ki, “ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır”. Amerikalı diplomat həmçinin bu formatda Rusiya ilə əməkdaşlığı mümkün saydığını bildirib: “Rusiya Minsk Qrupunun həmsədridir. Odur ki, bəli, Fransa, ABŞ və Rusiya bu formatı davam etdirəcək”. ABŞ diplomatı faktiki diplomatik etikadan kənar davranış sərgiləyib. Çünki Azərbaycan dövlətinin mövqeyi bəllidir. Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunda bu mövzu ilə bağlı növbəti dəfə qəti mövqeyini ifadə edib. Bildirib ki, ATƏT-dən mandat alan Minsk Qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb. Dövlət başçısı qeyd edib ki, biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır. “Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR