İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən rəngli inqilablara son: Tramp dövləti dünya seçkilərinə qarışmır

Musavat.com xəbər verir ki, Wall Street Journal nəşrinin əldə etdiyi ABŞ Dövlət Departamentinin daxili sənədi, Vaşinqtonun xarici ölkələrdə keçirilən seçkilərlə bağlı illərdir tətbiq etdiyi müdaxilə siyasətindən rəsmi şəkildə geri çəkildiyini ortaya qoyur.

Sənəd dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və Tramp administrasiyasının yeni strateji yanaşmasını əks etdirir: ABŞ-ın xarici seçkilərlə bağlı mövqeyi yalnız təbrik mesajları ilə məhdudlaşacaq, pozuntu, saxtakarlıq və şəffaflıqla bağlı heç bir tənqidi rəy bildirilməyəcək.

Bu yanaşma, ABŞ-ın son onilliklərdə “məxməri inqilablar”, “narıncı çevrilişlər”, “rəngli üsyanlar” və “seçki ixracatçılığı” ilə formalaşdırdığı qlobal demokratiya layihəsinə ölüm zərbəsi kimi dəyərləndirilir. Artıq Vaşinqton bu cür proseslərdə “demokratiya nizamlayıcısı” rolu oynamayacaq və suveren ölkələrin daxili siyasi proseslərinə neytral qalacaq.

Sənəddə Tramp administrasiyasının “milli suverenlik prinsipi”nə verdiyi önəm vurğulanır. Qeyd olunur ki, ABŞ daha əvvəl digər ölkələrin seçkilərinə qarışaraq səhvlər edib və bu siyasət artıq dəyişir. Yeni kursa görə, qeyri-strateji maraq kəsb etməyən ölkələrdə keçirilən seçkilərlə bağlı açıqlamalar tamamilə dayandırılır.

Bu qərar, Rusiya, Türkiyə, Azərbaycan, Macarıstan, Orta Asiya ölkələri və Latın Amerikası kimi ABŞ müdaxiləsindən narahat olan dövlətlər üçün ciddi geosiyasi rahatlama hesab olunur. Qeyri-Qərb ölkələrinin siyasi elitaları artıq “State Department bəyanatı gələcəkmi?” gərginliyi ilə yaşamayacaq.

Ekspertlər bildirirlər ki, bu sənəd Qərb mediasının və QHT-lərin də fəaliyyət sərhədlərinə dolayısı zərbə vurur, çünki bu qurumlar uzun müddətdir ABŞ-ın siyasi dəstəyinə arxalanaraq daxili proseslərə təzyiq göstərirdilər.

Tramp dövləti dünyaya faktiki olaraq deyir: “Hər kəs öz seçkisini özü aparsın – Vaşinqton karışmayacaq!”

Bu sənədin tətbiqi ilə ABŞ xarici inqilabların sponsoru statusundan çıxır, demokratiya “ixracatçılığını” dayandırır və beynəlxalq siyasi mənzərədə yeni bir mərhələ başlayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR