Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Süveydada baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, səfir bu barədə "X"də paylaşım edib.
“Biz Süveydada mülki şəxslərə qarşı zorakılığı qəti şəkildə pisləyirik. Bu, tamamilə yolverilməzdir. Bütün tərəflər dərhal gərginliyi azaltmalı və uzunmüddətli atəşkəslə nəticələnəcək mənalı dialoqa qoşulmalıdır. Zorakılığa yol verənlər mütləq məsuliyyətə cəlb olunmalıdır”, – deyə amerikalı diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ Suriyadakı bütün tərəflərlə fəal şəkildə əməkdaşlıq edir: “Məqsədimiz regionda sabitliyin bərqərar olunması və səmərəli inteqrasiya müzakirələrinin davam etdirilməsidir. Süveydada baş verən son toqquşmalar ciddi narahatlıq doğurur. Biz Dürzi icması, bədəvi tayfalar, Suriya hökuməti və İsrail qüvvələri də daxil olmaqla bütün tərəflər üçün dinc və inklüziv bir nəticəyə nail olmağa çalışırıq”.
Səfir Tom Barrak qeyd edib ki, bölgədəki əsas çətinlik çaşqınlıq, yanlış yönləndirmə və qeyri-səmərəli kommunikasiya ilə bağlıdır: “Bu, tərəflərin maraqlarını dinc və düşünülmüş şəkildə uzlaşdırmağa mane olur. Hazırda biz bütün tərəflərlə birbaşa, fəal və səmərəli müzakirələr aparırıq ki, sabitlik və qarşılıqlı anlaşma təmin edilsin”.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ