İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb birinə göz yumur, o birinə isə tribunal qurur

Ukrayna Ali Radası srağagünkü iclasında Avropa Şurası ilə birlikdə xüsusi tribunalın yaradılması haqqında sənədi təsdiqləyib. Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, tribunal yaradılması üzərində işləyərkən Nürnberq və Tokio tribunallarının, keçmiş Yuqoslaviya tribunalının, Beynəlxalq Cinayət Məhkəməsinin təcrübəsi nəzərə alınıb. 

O, Rusiya ordusunun Ukraynadakı cinayətlərinin məsuliyyətinin qaçılmaz olmalı olduğunu deyib, tribunalın təcavüz cinayətindən tutmuş, bütün vəhşiliklərə,  soyqırımlara və hərbi cinayətlərə baxacağını bildirib.

Bəs belə bir tribunalın işi nə dərəcədə effektiv olacaq? Cinayət törətməkdə şübhəli olan şəxslərin mühakimə olunması üçün Rusiya müharibədə mütləq məğlub olmalıdır. Bunun belə olub-olmayacağını gələcək göstərəcək. Yəqin ki, Azərbaycan parlamenti də vaxtında belə bir addım atmalıydı. Erməni qəsbkarların xalqımıza qarşı törətdiyi ağır cinayətlərin mühakimə olunması üçün beynəlxalq tribunal yaratsaydı, hazırda Bakıda mühakimə olunan erməni hərbi caniləri müdafiə edən xarici dairələrin ağzı yumulardı. Yoxsa yenə də onların cinayətləri xristian təəssübkeşliyi prizmasından qiymətləndiriləcəkdi?

Azərbaycan niyə zamanında belə bir tribunal təşəbbüsü ilə çıxış etmədi? Ukrayna üçün beynəlxalq məhkəmə qurulursa, bəs Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətlər nə olacaq?

Arzu Nağıyev komitə sədri seçildi – SumqayitXeber.Com

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, 1990-cı illərin əvvəllərindən başlayaraq erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi qətllər, soyqırımlar, işgəncələr və etnik təmizləmə həyata keçirib: “Xocalıda 613 mülki şəxsin, Başlıbel, Qaradağlı, Meşəli, Kərkicahan və Daşaltı kəndlərində camaatın amansız şəkildə qətlə yetirilməsi, yüzlərlə əsirin qeyri-insani şəraitdə saxlanılması və bu gün də minalanmış ərazilərdə insanların ölümü insanlıq əleyhinə cinayətlərdir. Hazırda Bakıda bir neçə erməni hərbi canisi mühakimə olunur. Lakin beynəlxalq təşkilatlar bu məhkəmələrə ya etinasız yanaşır, ya da siyasi motivli ittihamlar səsləndirirlər. Halbuki Azərbaycan bu cinayətləri beynəlxalq tribunal qarşısında müzakirəyə çıxarsaydı, söhbət təkcə "şəxsi ədavətdən" deyil, beynəlxalq hüquq normalarının pozulmasından gedərdi".

Deputat vurğulayıb ki, 2020-ci ildən bu yana 360-dan çox mülki və hərbi şəxs mina partlayışlarında həyatını itirib və ya xəsarət alıb: “Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırır və bu, sülh dövründə də cinayətlərin davam etməsi deməkdir. Bu faktlar tribunal üçün əsas ola bilər. Əsirlikdə olan azərbaycanlılara qarşı qeyri-insani rəftar və işgəncə halları mühakimə olunmalıdır. Beynəlxalq tribunal bu faktları hüquqi presedentə çevirə bilər”.

Deputat qeyd edib ki, Azərbaycanın tribunal təşəbbüsü ilə çıxış etməsi həm hüquqi, həm də mənəvi haqqıdır: “Ermənistanın cinayətləri sənədləşdirilib, şahid ifadələri və videodəlillər mövcuddur. Biz bu faktları beynəlxalq ictimaiyyətə hüquqi müstəvidə təqdim etməklə dünya ictimaiyyətini susqunluqdan çıxara bilərik. Çox təəssüf ki, bu gün dünyada tribunallar hüquqi deyil, siyasi iradə əsasında qurulur. Ukrayna məsələsində bu iradə kollektiv Qərb tərəfindən ortaya qoyulub. Azərbaycan da 30 ilə yaxın dövrdə kifayət qədər hüquqi material toplayıb. Əsas məsələ bu sənədləri diplomatik arenaya çıxarmaq və tribunal təşəbbüsü ilə çıxış etməkdir...

Qərb insan hüquqları və beynəlxalq hüquq prinsiplərindən danışanda yalnız özünə yaxın olanlara toxunur. Ukraynada baş verənlər dərhal hüquqi çərçivəyə salınır, Ermənilərin törətdiyi vəhşiliklər isə “tərəfsiz müşahidəçi” baxışı ilə ötüşdürülür. Bu yanaşma qəbuledilməzdir".

Deputat bildirib ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) də müraciət edə bilər: “BCM-in Roma Əsasnaməsinə görə, insanlıq əleyhinə cinayətlər aşağıdakılardır: Müntəzəm şəkildə mülki əhalinin qətli; etnik və ya dini zəmində təqib; qəsdən aclığa məruz qoyma; mülki əhalinin təxliyə edilməsinə imkan verməmək; əsirlərə və girovlara işgəncə və alçaldıcı rəftar. Azərbaycan bu halların hamısını sənədlərlə sübut edə bilər. Azərbaycan Roma Statutuna qoşulmasa da, tribunal yaratmaq üçün birgə təşəbbüs irəli sürə bilər. Məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində regional tribunal ideyası irəli sürülə bilər. Ermənistanın törətdiyi vəhşiliklər bütün dünyanın hüquq tarixinə yazılmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR