İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Bakıya qəfil zəng, İrəvana yanlış siqnal

Azərbaycan və Ermənistan arasında sülh danışıqları Qarabağ müzakirələri kimi 30 il sürə bilməz; “The Washington Post”: “Ukrayna böhranı fonunda sülh prosesini irəli aparmaq imkanları daralır...”

Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsini imzalamağı müxtəlif bəhanələrlə yubadır. O sırada rəsmi Bakının 5 bəndlik məlum təklifini cürbəcür “şərtlərlə” qəlizə salmağa çalışır. Paralel surətdə qonşu ölkədə müxalifətin davam edən etirazları sülh prosesinə əlavə əngəllər yaratmaqdadır. Müşahidə olunan həmçinin budur ki, baş nazir Nikol Paşinyan mövcud vəziyyətdən sui-istifadə edərək, həm özünü və komandasını sığortalamağa səy edir, həm də Azərbaycana qarşı ritorikanı sərtləşdirir.

Belə ki, iki gün öncə N.Paşinyan Azərbaycanı qeyri-konstruktivlikdə, Ermənistana təzyiq göstərməkdə və “hərbi əsirlər”lə bağlı vədini guya yerinə yetirməməkdə suçlayıb. Azərbaycan XİN-in buna cavabı isə gecikməyib. Bakı İrəvanı haqlı olaraq sülh prosesini irəli aparmaqda maraqlı olmamaqda, söz oyununda ittiham edib. Nikol Paşinyanı yerində oturdub. Ermənistan rəhbərliyinin münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu bəyan edib.

“Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə, danışmaq yox, hərəkət etmək lazımdır. Lakin Ermənistan baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır”, - XİN-in açıqlamasında vurğulanır.

Maraqlıdır ki, eyni gündə erməni baş nazir tezliklə Azərbaycan və Ermənistan xüsusi nümayəndələrinin, eləcə də iki ölkənin XİN rəhbərlərinin sərhədlərin delimitasiyası ilə bağlı bir araya gələcəklərini bildirib, konstruktiv görünməyə cəhd edib. Yəni yenə “nala-mıxa” vurub.

*****

Ermənistanın “böyük bacısı” Xankəndidəki Rusiya bayrağını gördü? -  Sonxeber.net

Paşinyanın özünü təmizə çıxarmağa çalışdığı gün - mayın 11-də isə ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Azərbaycan tərəfinin yaydığı məlumata görə, telefon danışığı əsnasında dövlət katibi həmçinin Azərbaycan və Ermənistan arasında aparılan danışıqları, sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Blinken habelə ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb. Söhbət  zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub.

Yeri gəlmişkən, Blinkenin Bakıya zəngindən bir gün qabaq Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Ştatlar adından “İrəvan və Bakını hərtərəfli sülh sazişi bağlamaqla münasibətləri normallaşdırmağa” çağırıb.

“Biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələri intensivləşdirməyə və Dağlıq Qarabağ münaqişəsi (?! - red.) ilə bağlı və ya ondan irəli gələn (?! - red.) bütün həll olunmamış məsələlərin hərtərəfli həlli yollarını tapmaq və sülh sazişi vasitəsilə münasibətlərini normallaşdırmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə çağırırıq”, - Prays bildirib.

*****

Qarabağda GƏRGİNLİK:“Kreml Cənubi Qafqazla bağlı son addımları ilə  göstərməyə çalışır ki…” - Aftafa.tv

Sözsüz ki, ABŞ-ın Cənubi Qafqazla bağlı 1 nömrəli strateji hədəfi Azərbaycan-Ermənistan barışığını geridönməz eləməklə Rusiyanın bölgədən çıxarılmasına nail olmaqdır. Lakin ədalətli və daimi sülh kapitulyant ölkənin kaprizləri, köhnə və gündəmdən çıxmış şərtləri əsasında mümkün ola bilməz. Yəqin ki, bunu Dövlət Departamentində də anlayırlar. Onu da bilməmiş deyillər ki, Güney Qafqazın açar ölkəsi Azərbaycandır və 44 günlük müharibədən sonra bu status birə-beş güclənib.

Yəni Bakının sırf beynəlxalq hüquqdan qaynaqlanan 5 şərtindən kənar heç bir sülh müqaviləsi reallaşmayacaq. ABŞ rəsmiləri prosesi sürətləndirmək istəyirsə, o zaman ilk növbədə İrəvana bu yöndə düzgün, dəqiq və birmənalı siqnallar, ismarışlar göndərməlidirlər, nəinki Ermənistanı hansısa “status” vədi ilə, “Dağlıq Qarabağ konfliktinin nəticələrinin aradan qaldırılmasının vacibliyi” kimi lüzumsuz terminlərlə qeyri-konstruktivliyə şirnikləndirməlidirlər.  

Bir şey yəqindir ki, Bakı ilə İrəvan arasında sülh danışıqları Qarabağ müzakirələri kimi 30 il çəkə bilməz. Çünki 2-ci Qarabağ müharibəsi sülh müqaviləsi ilə yekunlaşmayıb. Demək, müharibənin hər an 45-ci günə keçəcəyi nəzəri cəhətcə qalır, müharibə təhlükəsi azalmayıb. Yeni müharibə isə çətin ki, ABŞ-ın bölgədəki maraqlarına cavab versin. Ən azından, uzunmüddətli xarakter alan Qərb-Rusiya qarşıdurması fonunda ölkəmizin Avropa üçün energetik önəminin xeyli artması səbəbindən...   

*****

Qeyd edək ki, bu xüsusda skeptik düşünən təhlilçilər də var. Məsələn, “The Washington Post”un xarici siyasət üzrə redaktoru David İqnatius hesab edir ki, Ukraynadakı müharibə fonunda Ermənistanla onun qonşuları - Azərbaycan və Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün sülh prosesinin irəliləməsi imkanları daralmaqdadır.

Müəllifə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlik danışıqları ölkə daxilində vəziyyəti gərginləşdirir: “İrəvanda etirazçılar baş nazir Nikol Paşinyanın Bakı və Ankara ilə normal münasibətlər qurmaq planlarına görə onun istefasını tələb edirlər”.

Analitikin fikrincə, bütün dünyanın diqqətinin Ukraynadakı müharibəyə yönəldiyi bir vaxtda Cənubi Qafqazda diplomatik məsələlər “ikinci dərəcəli” görünə bilər.

*****

Bununla belə, Bakı və İrəvan arasında sülh gündəliyinin alternativi yoxdur. Bu gündəliyi real və konstruktiv məzmunlu eləmək üçün diplomatik həmlələri artırmaq isə heç şübhəsiz Qərbin, ABŞ-ın prioritet maraqları sırasında qalmaqdadır...

Analitik xidmət,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR