Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Azərbaycanla həmsərhəd Tavuş bölgəsində olub. Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə. O missiya ki, əsl niyyəti nədir, Azərbaycanda artıq yaxşı bilirlər.
Təəssüf ki, Qərbin belə “dinc” təşəbbüsləri arxasında Azərbaycanla bağlı yaxşı heç nə dayanmır. Görə-görə gəlmirikmi? Hələ harasıdır, bir neçə gün öncə Avropa İttifaqının xarici işlər naziri Cozef Borel sevincək halda Monitorinq Missiyasını daha da genişləndiriləcəyinin anonsunu verib. Beləcə, “zəhrimarın dozası”nı artırmağı düşünürlər. Axı “işğalçı Azərbaycan”, “vəhşi Türk” Ermənistana hücum planlarından əl çəkməyib.
Paralel surətdə Bakı ilə İrəvan arasında sülh sənədini əngəlləmək üçün başqa addımlar da atırlar. Fransa vasitəsilə Ermənistana həm yeni-yeni silahlar tədarük olunur, həm də Aİ-nin başqa ölkələrə hərbi dəstək üçün nəzərdə tutulan Sülh Fondundan kapityulyant ölkəyə kömək ayırmaq planlaşıdırılır.
Üstəgəl, baş verənlərin fonunda rəsmi Bakının daim və ən yüksək səviyyədə təkzib etməsinə rəğmən, ABŞ və Avropa mediasında Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması barədə iddialar tirajlanır, qərəzli yazılar bir-birini əvəzləyir...
Bu gün – noyabrın 15-də isə Azərbaycan əleyhinə daha bir demarş gözlənilir: Qarabağ məsələsi qapandığı halda, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” (?! – red.) təxribatçı mövzusunda dinləmələr keçiriləcək.
Dinləmələrə ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya və Avropa Bürosunun administratorunun müavini Aleksandr Sokolovskinin də qatılacağı elan edilib.
“Dağlıq Qarabağın gələcəyi”. Hansı “Dağlıq Qarabağ”, hansı “gələcək”? Elə adından da yəqin asanca eləmək olar ki, yenə Azərbaycanın qeybətini qıracaq, ünvanımıza ağızlarına gələni danışacaq, şər-böhtan yağdıracaq, “stəkanda fırtına” yaradacaqlar.
Görəsən amerikalı konqresmenlər və rəsmilər nə vaxtadək suverenliyimizə, daxili inzibati ərazi bölgümüzə sayğısızlıq göstərəcəklər? Biz ki, Milli Məclisdə Amerikanın aborigen xalqı olan hinduların “yanki”lər tərəfindən necə soyqırımına məruz qalmasını müzakirə eləmirik. Amma deyəsən eləməli olacağıq...
Beləcə, erməni lobbisinin əlində oyuncağa çevrilən, Ukraynada separatizmlə mübarizəyə milyardlar xərcləyən kollektiv Qərb Azərbaycana gələndə riyakara çevrilir və əlindən gələni edir ki, bölgədə erməni separatizmi ölüb-eləməsin, həmişə diri qalsın və təzə nəfəs qazanıb Azərbaycana, Türkiyəyə meydan oxusun.
Yəni bütün bu hoqqaların arxasındakı istək bu ki, Güney Qafqazın səmasından heç vaxt barıt qoxusu əskik olmasın. Bölgəyə sülh gəlməsin və o bir növ o, “ikinci Yaxın Şərq”ə, ikinci Qəzzaya çevrilsin. Nəticə etibarilə də rahatca “bulanıq suda balıq” tutsunlar.
Yoxsa ki, çoxdan İrəvanı Bakı ilə sülh müqaviləsi imzalamağa məcbur edərdilər. Prezidentin köməkçisi Hikmət Hacıyevin təbirincə desək, sülh müqaviləsinin mətni də nüvə fizikası deyil ki, illərlə müzakirəsi getsin? 3 il bəs eləmədi? Demək ki, torbada “pişik”, çuvalda “cida” var...
Siyasət şöbəsi,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ