Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyanın “itirilmiş vətən” ritorikası Ermənistanın ikili siyasətinin növbəti təzahürüdür və bu, sülh prosesinə ciddi zərbə vurur.
Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib.
Ekspert qeyd edib ki, N.Paşinyanın müsahibələrinin birində Qarabağı “vətən” adlandırması Azərbaycanın suveren ərazisinə qarşı ərazi iddialarını dolayıs ilə dəstəkləyir: “Paşinyanın “Şuşa bədbəxt şəhərdir” kimi təhqiramiz ifadələri yalnız məğlubiyyətin acısını ört-basdır etmək cəhdidir. Bu bəyanatlar Ermənistanın 44 günlük müharibədəki məğlubiyyəti həzm edə bilmədiyini göstərir. Eyni zamanda, Paşinyanın “Qarabağ Azərbaycandır” deməsi ilə “itirilmiş vətən” narrativi arasında ziddiyyət onun siyasi etibarsızlığını üzə çıxarır. Türkiyə prezidentinə zəng edərək təbrik göndərməsi isə sülh jestindən çox, diplomatik manevr kimi görünür. Bu addımlar Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu və regional reallıqlara boyun əymək məcburiyyətində düşdüyünü göstərir. Lakin Paşinyanın sülh danışıqlarında konkret addımlar atmaması İrəvanın səmimiyyətsizliyini ifşa edir. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələr hələ də dəyişdirilməyib”.
T.İsmayılov əlavə edib ki, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı da İrəvanın susqunluğu sülhə maneə törədir: “Paşinyanın revanşist qüvvələrə qarşı mübarizə görüntüsü isə yalnız daxili auditoriyaya oynamaq üçündür. Onun “itirilmiş vətən” bəyanatı revanşistlərin əlində alətə çevrilir və sülhə xələl gətirir. Ermənistanın bu cür ikili oyunu Cənubi Qafqazda sabitliyi təhdid edir. Paşinyan hökuməti Azərbaycanın haqlı tələblərinə məhəl qoymamaqla özünü beynəlxalq aləmdə təcrid edir. İrəvanın sülh sazişinə sadiq qalmaması regionda yeni gərginliklərə yol aça bilər. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədən sülh mümkün deyil”. Ekspert bildirib ki, Paşinyanın hiyləgər siyasəti nəticəsində Ermənistan təkcə iqtisadi, həm də siyasi böhrana yuvarlanır: “Azərbaycanın qətiyyətli mövqeyi qarşısında İrəvanın manipulyasiyaları artıq effekt vermir. Ermənistan öz taleyini dəyişmək istəyirsə, Paşinyan daxil olmaqla, rəhbərlik səmimi addımlar atmalıdır. Ermənistanın bu ikiüzlü siyasəti regionda etimad mühitini zədələyir və sülhə gedən yolu daha da mürəkkəbləşdirir. Paşinyanın bəyanatları Azərbaycan ərazisinə qarşı tarixi iddiaları yenidən alovlandırır, bu da İrəvanın sülhə sadiq olmadığını göstərir. Onun “itirilmiş vətən” ritorikası daxildəki radikal qrupları cəsarətləndirir və gərginliyi artırır. Ermənistanın konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi ilə bağlı ləngiməsi beynəlxalq öhdəliklərə saymazyana münasibətdir. Paşinyan hökumətinin bu cür davranışları Ermənistanı regionda daha da təcrid olunmuş vəziyyətə salır. Azərbaycanın ədalətli tələblərinə məhəl qoymamaq rəsmi İrəvanın öz xalqının gələcəyini təhlükəyə atması deməkdir”.
Elşad,
Musavatcom
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ