Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Respublikaçı konqresmenlər ölkənin Birləşmiş Millətlər Təşkilatından (BMT) tam çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər. Layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur.
Sənədin təşəbbüskarları hesab edir ki, BMT ABŞ-ın milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla həm siyasi, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşir. Respublikaçılar vurğulayırlar ki, ABŞ-ın BMT-yə ödədiyi vəsaitlər qeyri-effektiv xərclənir və təşkilatın beynəlxalq siyasətdəki mövqeyi Amerika dəyərləri ilə ziddiyyət təşkil edir. Təşəbbüs ölkə daxilində ciddi müzakirələrə səbəb olub. Demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-ın qlobal liderliyini zəiflədə biləcəyini bildirirlər. Respublikaçılar isə hesab edirlər ki, ABŞ BMT-dən ayrılmaqla öz müstəqil xarici siyasətini daha sərbəst şəkildə həyata keçirə biləcək. Hazırda layihənin Konqresdə nə qədər dəstək qazana biləcəyi sual altındadır. ABŞ-ın BMT-dən çıxması üçün bu qanun layihəsinin həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməsi və prezident tərəfindən imzalanması tələb olunur. Bu isə ciddi siyasi mübarizəyə səbəb ola bilər.
ABŞ-ın BMT-dən çıxması mümkünmü? O halda BMT-ni nə gözləyir? Onun qərargahı başqa ölkəyə köçürülə bilərmi? Bəlkə elə ən yaxşısı qurumu müasir dünyanın, qlobal sülhün çağırış və tələblərinə uyğunlaşdırmaqdır? Yada salaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan BMT TŞ-nin 5 daimi üzvünü nəzərdə tutaraq “dünya 5-dən böyükdür” demişdi. BMT-də köklü islahatların vacibliyi barədə həmçinin Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə danışıb və konkret təkliflər verib. Təkcə o fakt ki, BMT TŞ-nin 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, Böyük Britaniya) arasında 2 milyardlıq müsəlman dünyasını təmsil edən bircə ölkə belə yoxdur, özlüyündə hər şeyi deyir...
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, BMT-dən çıxmaq yox, onu dərindən islah etmək lazımdır: “Başa düşülür ki, senatorlara bu ideya Trampın komandasından verilib. Ancaq yeni dünya düzəninin konsepsiyası verilmədən BMT-ni dağıtmaq "düzəndən xaosa" keçidə bənzəyəcək və bunun bütün məsuliyyəti ABŞ-ın üzərində qalacaq. ABŞ-ın BMT-dən çıxması beynəlxalq sülh prosesinə böyük xəyanət və zərbə olacaq. ABŞ-ın BMT-dən çıxması çağırışı edən senatorlar fikirlərini belə izah ediblər ki, BMT heç bir iş görməyib, münaqişələrin qarşısını ala bilməyib və havayı pul xərcləyib. Ortada yenə də Trampın böyük siyasətdə “biznesmen təfəkkürü ilə hərəkət etməsinin parlaq izlərini görürük. Senatorların məntiqinə görə heç bir səmərəli iş görməyən təşkilatı ABŞ niyə maliyyələşdirsin? Senatorların bu sualından əvvəl başqa sual da var. Bəs BMT-ni bu günə kim qoydu? Senatorların yazdığı kimi "dağılmamışdan əvvəl onu dağılar günə kim qoydu?"... BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq probleminin həlli üçün “iki dövlət” prinsipini əks etdirən qətnamələri 70 ildən çoxdur niyə icra olunmur? ABŞ-ın birmənalı olaraq İsraili dəstəkləməsi bu qətnamələrin kağız üzərində qalmasının əsas səbəblərindən biri deyilmi? Ermənistanın təcavüzünə qarşı BMT-nin qəbul etdiyi 4 qətnamənin 30 ildə icra edilməsi üçün Amerika hansı prinsipiallığı göstərdi? Əksinə, qətnamələrin icrasına daim mane oldu".
A.Quliyevin sözlərinə görə, bir halda Amerika BMT TŞ-nin qətnamələrinin heç mürəkkəbi qurumamış icra etdi: “Məsələn, 90-cı illərdə Serbiyada olduğu kimi, 2002-ci ildə Əfqanıstanda, 2003-cü ildə İraqda, 2011-ci ildə Liviyada olduğu kimi. Başqa hallarda isə BMT öz qətnamələrinin icrasına "ortası qırılmış ilan" kimi reaksiya verdi. ABŞ və TŞ-də vetohüquqlu başqa ölkələr də buna susdular. BMT-nin müstəmləkəçilikdən azad olunmalı xalqlarla bağlı xüsusi komitəsinin işinə mane olanların biri ABŞ deyil? Çünki hələ də müstəmləkə saxlayanlar Fransadır, Hollandiyadır, yəni Amerikanın NATO üzrə müttəfiqləridir. İllərdir BMT sistemində islahat çağırışları var. Azərbaycan Prezidenti də BMT kürsüsündə konkret islahatların zəruriliyini bəyan edib. İslahat prosesinə real olaraq niyə start verilmir? Niyə TŞ qətnamələrinin taleyi 5 daimi üzv dövlətin əlində qalmalıdır? Daimi üzvlərin veto hüququ niyə də məhdudlaşdırılmasın? Veto hüququna malik ölkələrin sayı niyə Türk dünyasının və Qoşulmama Hərəkatının hesabına genişləndirilməsin? BMT qərarlarının icrasında ikili standartlara niyə son qoyulmasın? Məntiq və dünyadakı real vəziyyət tələb edir ki, bunlar baş versin. Ancaq Amerikaya sərf etmir, onun həlledici səs monopoliyasına başqa şərik çıxanlar olmasın deyə sərf etmir. Bütün bunlar o deməkdir ki, senatorların müraciəti BMT-nin dağıdılmasında ABŞ-ın məsuliyyətini gizlətmək cəhdindən başqa bir şey deyil".
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli bildirdi ki, hazırda beynəlxalq sistemdə - siyasi-iqtisadi sahələrdə dünyanın gələcək taleyi qeyri-müəyyən olan bir keçid dövrü yaşanır: “Bu dövrün BMT-nin 5 daimi üzvü tərəfindən müəyyən edilməsi isə problemləri daha da dərinləşdirir. Ona görə də Türkiyə lideri Ərdoğan hələ illər öncə dünyanın taleyini bu 5-liyin hökmünə buraxmağın yolverilməz olduğunu bəyan etmiş, Azərbaycan Prezidenti İlham Əliyev, BMT Baş katibi Quterreş və digər nüfuzlu siyasətçilər BMT-də ciddi islahatlara ehtiyac olduğunu bəyan eləyiblər. Bu gün fakt budur ki, BMT bir təşkilat kimi müxtəlif səbəblərə görə üzərinə düşənlərin öhdəsindən gələ bilmir. Dünyada tanınmış analitiklər dünyanın yeni geosiyasi nizamının yaranmaqda olduğunu vurğulayırlar”. Onun fikrincə, bu prosesi tənzimləyə biləcək səmərəli beynəlxalq təşkilat isə gözə dəymir: “Qlobal miqyasda problemlər getdikcə artır. Bəşəriyyət bu "ağır yükün" altında əzilməkdədir. Ona görə də BMT kimi böyük təşkilatda ciddi islahatlar aparılmalıdır və bundan sonra BMT-dən istənilən nəticəni gözləyə bilərik. Artıq dünya İkinci Dünya müharibəsinin şərtləri ilə yaşayan bir dünya mövcud deyil. Haqlının güclü olduğu bir dünya istəyiriksə, o halda, bu 5 ölkə dünyanın taleyinə hökm etməməlidir. Daimi və ya müşahidəçi üzv ayrı-seçkiliyi olmamalıdır. BMT-ni indiki vəziyyətə salan məhz Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ, Rusiya, Fransa kimi ölkələrdir. Onlar BMT kimi böyük təşkilatı öz maraqlarının əsirinə çevirdilər, nəticədə nüfuzdan saldılar, az qala iflic duruma gətirib çıxardılar. İndi ABŞ senatorları BMT-də ciddi islahatlar aparmaq çağırışı etmək əvəzinə ABŞ-ın oradan çıxması çağırışı edirlər. Bunun arxasında Trampın və ya yeni komandanın üzvlərinin olduğu ehtimalı böyükdür. Hər şeyə sırf biznesmen baxışı ilə yanaşma tərzi BMT-yə münasibətdə də özünü göstərəcəksə, bundan əslində ən çox zərər görən ABŞ-ın özü olacaq. Nəzəri cəhətdən hesab etsək ki, ABŞ BMT-dən çıxır, belə vəziyyətdə həmin təşkilatda Rusiyanın, Çinin mövqeləri daha da güclənəcək, BMT-nin baş qərargahı Amerikadan başqa ölkəyə köçürülməli olacaq. Bu zaman isə Çin və Rusiya baş qərargahın öz şəhərlərində qurulması iddiasına düşəcəklər. ABŞ-ın BMT-dən çıxması hətta bu təşkilatın dağılması ilə də yekunlaşa bilər. Ona görə də ABŞ Konqresi Amerikanın BMT-dən çıxması çağırışına müsbət cavab verməməlidir. Dünyada bir normal nizamın qurulması naminə BMT-də islahatların keçirilməsinin vacibliyini ABŞ-ın yeni hakimiyyətinin qarşısında qaldırmalıdır. Bu, dünya və ABŞ-ın özü üçün töhfə olar".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ