İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakı ilə danışmanını dəyişir - Riker sonuncu amerikalı həmsədrmi olacaq?

Ağ Evdən növbəti görüş təşəbbüsü; Rusiyanın reaksiyası maraqlı olacaq; Vaşinqtonun təşəbbüsü ələ almaq cəhdi nəticə verəcəkmi? - rəylər

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Filip Riker təzə ildən öz postundan gedib. Hər halda maraqlı situasiya yaranıb və araşdırma yazısına ehtiyac var.

Bəllidir ki, keçən il avqustun sonunda dövlət katibi Entoni Blinken onu özünün baş müşaviri və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcısı təyin etmişdi. Riker həmçinin dövlət katibi Blinkenin Nyu-York (sentyabr) və Vaşinqtonda (noyabr) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşündə iştirak edib. Departamentin sözçüsü Ned Prays bildirib ki, Rikerin gedişi ABŞ-ın Güney Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə heç bir halda xələl gətirməyəcək. Maraqlıdır ki, Dövlət Departamentinin rəsmisi Rikerin gedişindən dərhal sonra Blinkenin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqları aparacağı haqda məlumat verib. “Bildiyiniz kimi, dövlət katibi Blinken bu prosesdə şəxsən iştirak edir, o, Ermənistandan və Azərbaycandan olan həmkarlarını bir araya gətirməklə, onlarla müntəzəm söhbət etməklə öz şəxsi töhfəsini nümayiş etdirib. Yaxın günlərdə onunla Ermənistan və Azərbaycandakı həmkarlarının daha bir telefon danışığının olacağını gözləyirəm”, - Prays əlavə edib.

Bununla belə, “Rikerin gedişindən sonra xüsusi nümayəndə postu qalacaqmı, yoxsa ləğv ediləcək” sualından yayınıb. “Rikerin istefası dekabrda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün təşkilinin uğursuzluğu ilə əlaqədardırmı” sualına isə Prays mənfi cavab verib.

Bəs ABŞ-ın Bakı ilə yeni danışmanı kim olacaq, ümumiyyətlə olacaqmı? Ən maraqlısı isə təqdimatın özü ola bilər.

Bu yerdə yada salaq ki, F.Riker həm də ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri kimi təqdim olunmuş, bu da İrəvanda məmnunluq, Bakıda sərt reaksiya doğurmuşdu. Maraqlıdır, Amerika nəhayət, rəsmən Minsk Qrupundan imtina edəcəkmi və Riker sonuncu həmsədr olacaqmı? Bu arada ABŞ-ın növbəti görüşə ev sahibliyi edəcəyi barədə yayılan xəbərlər də diqqət çəkirE

Yanvarın 5-də isə məlum olub ki, yaxın günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olacaq. Musavat.com Report-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. O bildirib ki, E.Blinken həmçinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da danışacaq.

Qeyd edək ki, tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin noyabrında Nyu-Yorkda keçirilib. Düzdür, Rusiya Vaşinqtonun vasitəçiliyini sinirə bilmir və bu, hətta dövlət başçısı səviyyəsində diqqətə çatdırılıb. Ötən ilin sonlarında prezident Putin eyhamla Ermənistanın diqqətinə Vaşinqtonun təkliflərini çatdırmışdı, hansı ki, Ağ Evin hər hansı həll planı ortada yoxdur. Rusiya hətta Brüsselin üçtərəfli görüşdəki moderatorluğuna da isti baxmır, nəinki Vaşinqtonun. Amma hər halda ABŞ-dan gələn müsbət mesajların havadan asılı qalmayacağına inanmaq istərdik.

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Filip Rikerin istefaya getməsi və yaxud da göndərilməsində bir rəmzilik var: “Düzdür, Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqlamasında öncədən onun qısa müddətdə, yəni ilin sonunadək həmin vəzifəni daşımasının nəzərdə tutulduğu vurğulanır. Amma Rikerin istefası həm də o deməkdir ki, ABŞ Dövlət Departamentinin bu təcrübəli diplomatı qabağa verməklə planlaşdırdıqları alınmayıb. Alınmamasının səbəbi isə heç də Qafqazda danışıqlar üzrə keçmiş baş məsləhətçinin bir diplomat kimi bacarıqsızlığından irəli gəlmir. ABŞ-ın bizim regionda yeritdiyi siyasət yanlışdır, o dəyişməli, çoxstandartlılığa son qoyulmalıdır”.

S.Alıyev hesab edir ki, rəsmi Vaşinqtonun özəlliklə də ikinci Qarabağ savaşından sonra Qafqazda atdığı və atmağı planlaşdırdığı addımlar ardıcıl olmadığı kimi, yaranmış reallığa da uyğun gəlmir: “Söhbət həm də o reallıqdan gedir ki, özündə beynəlxalq normaları əks etdirir. Yəni son zamanlar geosiyasi reallıqlar beynəlxalq hüquqa zidd olaraq dəyişdirildiyi, yaxud da ona cəhd edildiyi halda ikinci Qarabağ savaşında əksi baş verib”.

Deputatın sözlərinə görə, ABŞ-da da bunun çox yaxşı fərqindədirlər: “Fərqindədirlər, amma həmən ölkənin Ermənistana təyin etdiyi yeni səfiri Kvinin Senatdakı dinləmələrdə Azərbaycan əleyhinə sərsəmləmələrindən də göründüyü kimi, başqa şeylərə üstünlük verirlər. Belədə isə Filip Riker yox, kim olur-olsun, onun qarşısına qoyulan vəzifəni yerinə yetirəcəyi mümkünsüzdür. Çünki Azərbaycan öz milli maraqlarını qətiyyətlə qorumağı bacarır, yeritdiyi siyasət isə tam beynəlxalq normalara əsaslanır - biz sülh və öz torpaqlarımızın hər qarışı üzərində suverenliyimizin təmin olunmasını istəyirik. Və təkcə istəmirik, eyni zamanda buna gücümüz də çatır. ABŞ-ın bəzi təmsilçilərinin Tehran rejimi kimi, bu istəyin əleyhinə çıxış etməsi üzücüdür və ölkəmizdə təkcə təəssüf yox, həm də həmən hərəkətlərə tam adekvat reaksiya doğurur”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bu mövzudan bəhs edərkən xatırlatdı ki, uzun illər “Qadabağ məsələsi” həmsədrlərin ixtiyarında olub: “Hər biri ölkə də həmsədr kimi aşağı səviyyəli diplomatını təyin edirdi və haqlı olaraq belə bir rəy mövcud idi ki , bu səviyyəli diplomatlarla məsələnin həllinə mümkün deyil. Onlar həmsədrliyə məsələnin həll edilməsi üçün deyil, vaxtın uzadılması məqsədi ilə təyin edilirdilər. Bunu hamı başa düşürdü. Azərbaycanın qələbəsi ilə hər şey dəyişdi, ”Qarabağ məsələsi" bitdi, ortaya Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması məsələsi gəldi. Yeni şəraitdə həmsədrlərə ehtiyac qalmadı. Bu gün ermənilərin “həmsədr” kimi təqdim etmək istədikləri şəxslər arabanın beşinci təkəri rolundadırlar. Ona görə də məsələ ilə dövlət başçılarının özləri məşğuldur, həmsədrlik funksiyasını isə xarici siyasətə rəhbərlik edən şəxslər yerinə yetirir. Köhnə həmsədrlik institutu artıq mənasını itirib".

A.Nağı qeyd etdi ki, bu gün Riker və ya Xovayevə heç bir ehtiyac yoxdur: “Ermənistanda onlara ”həmsədr" deyib görüşməklə yalnız özlərini ovundurmaqla məşğuldurlar. Amerika və Rusiya bunu anlayır, ermənilərin xətrinə dəyməməyə çalışır, amma məsələləri Blinken-Lavrov səviyyəsində həll edirlər. Çox vaxt Fransanın xarici siyasət rəhbərini prosesə cəlb etməyə də lüzum görmürlər. Rikerin gülməli “baş müşavir” postunda başqası ilə əvəz olunub-olunmayacağının mənası yoxdur. Bu post da öz mənasını itirib. Ola bilər ki, ermənilərin könlünü almaq üçün formal olaraq kimisə təyin etsinlər. Amma əsas rolda yenə Blinken və onun sözçüləri olacaq".

Prezidentin çıxışı Azərbaycan hakimiyyətinin ölkəni idarəetməsində yeni  başlanğıc ola bilər” - Busaat.az

Məhəmməd Əsədullzadə

Politoloq Məhəmməd Əsədullzadə isə ABŞ-ın Ermənistanla sülh danışıqlarında vasitəçilik məsələsində ilin ilk günlərindən aktivlik etdiyinə diqqət çəkdi: “Azərbaycan Rikerin fəaliyyətini qəbul etmirdi və keçmiş Minsk Qrupunun formatı da artıq tənəzzülə uğrayıb. ABŞ da Azərbaycanın sülh təkliflərini danışıqlar prosesində əsas baza kimi qəbul edib. Belə olan təqdirdə hansısa xüsusi nümayəndəyə ehtiyac yoxdur. ABŞ dövlət katibi şəxsən vasitəçilik edir və bu, faktdır ki, Rikerin fəaliyyəti hər hansı bir müsbət irəliləyişlərə gətirib çıxarmayıb. Bundan sonra xüsusi nümayəndələrin fəaliyyətində hər hansı nəzərəçarpacaq prosesə töhfə verəcəyi də gözlənilmir”.

Ekspertin sözlərinə görə, ABŞ da çox yaxşı bilir ki, Minsk formatı bitib: “Münaqişə həll edilib və sülh sazişi üçün hər hansı bir formata ehtiyac yoxdur. Azərbaycan Vaşinqtonun vasitəçiliyinə etimad edir və ikitərəfli diplomatik əlaqələrdə inkişaf var. ABŞ regionda birmənalı şəkildə sülhün əldə edilməsinə çalışırsa, xüsusi nümayəndəlikdən imtina etməlidir. Ağ Ev rəsmi İrəvanı guya narazı salmamaq üçün nümayəndə təyin edirsə, bu, sülh prosesini əngəlləyir. Birmənalı olaraq ABŞ bu siyasətdən imtina etməlidir. Düşünürəm ki, Vaşinqton xüsusi nümayəndəliyi ləğv etməlidir”.

M.Əsədullazadə dedi ki, bəzən biz Vaşinqtonun qeyri-standart siyasətinin də şahidi oluruq: “Söhbət həm də xüsusi nümayəndəliyin təyin olunmasından gedir. Yalnız ikitərəfli danışıqlar prosesinə dövlət katibi şəxsən özü və prezident Bayden töhfə verə bilər. İki ölkə arasında əsas danışıqlar prosesi məhz bu formatda aparılmalıdır. Ermənistana xüsusi nümayəndəlik kimi məsələlər lazımdır ki, danışıqlarda manipulyasiya etsin. Düzdür, proses mürəkkəbdir. Amma ABŞ danışıqlar naminə danışıqlar aparmamalıdır. Manipulyasiya olacaqsa, Ermənistan ciddi cəzalanacaq. Ona görə də Vaşinqton aydın siyasət ortaya qoymalıdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR