İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-a şok ittiham: Bayden Rusiyanın məğlubiyyətini istəmir?

“Belə bir kədərli təəssürat yaranır ki, Qərb Ukraynada müharibənin dayandırılmasında, rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasında, Rusiyanın Ukraynanın işlərinə qarışmamasına zəmanət verən sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Qərb hətta müvəqqəti atəşkəs olsa belə, müharibənin maksimum davam etdirilməsində maraqlıdır”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Minval.az-a ukraynalı hərbi ekspert və analitik İqor Dmitriyev deyib.

Onun sözlərinə görə, ABŞ hökumətinin mövqeyi onu deməyə əsas verir ki, Vaşinqton Rusiyanın məğlubiyyətində maraqlı deyil, çünki bundan sonra Rusiya labüd olaraq Çinin altına “yıxılacaq”, daha doğrusu, Pekinin vassalı olacaq, Çini gücləndirəcək: “Birləşmiş Ştatlar isə bunu arzulamır. Onlar üçün Rusiyanın indiki vəziyyətdə qalması vacibdir - zəifləmiş, amma yenə özünü nəsə hesab edən, nəinki sındırılmış və başqa bir güclü dövlətin peykinə çevrilən Rusiya. Məni kədərləndirən başqa bir fakt da var: cəmi bir neçə gün əvvəl ABŞ Polşaya MİQ-29 qırıcılarının Ukraynaya verilməsini qadağan etdi. Eyni səbəbdən Ukrayna onun səmasını yaxşı qoruya bilən hava hücumundan müdafiə sistemləri təmin edilmir. Mən hələ hücum texnikasından danışmıram. Qərb Ukraynaya o qədər silah verir ki, ölkə ancaq müqavimət göstərə bilsin, amma o qədər də yox ki, Ukrayna qalib gələ bilsin. Yuxarıda deyilənlərə əsasən, mənim proqnozlarım kifayət qədər bədbindir”.

Ukraynalı ekspert əslində siyasi kuluarlarda çoxdan dolaşan bir fikri dilə gətirib. Bunun da qayəsində o durur ki, Qərbə, daha dəqiqi, onun aparıcı dövləti ABŞ-a yalnız Rusiyanı zəiflədib sözəbaxan dövlətə çevirmək lazımdır, nəinki Çinin satelliti olması. Arada olan isə Ukraynaya olur.

Vaşinqton hədəfinə çata biləcəkmi? Bəs Rusiya və onun lideri Putin, Kreml nədən onun üçün hazırlanan tələni vaxtında görə bilmədi? Nəhayət, Ukrayna hökuməti olacaqları niyə hesablamayıb?

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “ABŞ Rusiyanın Ukraynada məğlub olmasını istəyir, amma...”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu bu cür yanaşmaları normal qarşılayır: “Ukraynalılar bu mövzuda həddən artıq emosional yanaşırlar. Və haqlıdırlar. Çünki ölkələri işğala məruz qalıb, hazırda müharibə gedir. Ukraynalı siyasətçinin, yaxud da ekspertin emosional yanaşması başa düşüləndir. Əlbəttə ki, ABŞ Rusiyanın məğlub olmasında maraqlıdır, bunun üçün artıq 1 ilə yaxındır ki, Ukraynaya, silah, texnika, maliyyə, eləcə də siyasi-diplomatik dəstək verir. Makron-Bayden görüşündən sonra verilən açıqlamada da deyildiyi kimi, bu dəstək davam edəcək. Amma siyasət hər zaman çoxvariantlıdır, belə olmağa məhkumdur.

ABŞ Rusiyanın Ukraynada məğlub olmasını istəyir, amma eyni zamanda Rusiyada xaotik vəziyyətin yaranmasını istəmir. Çünki dünyada ən böyük nüvə arsenalı olan iki dövlətdən biridir, orda proseslərin nəzarətdən çıxması ən ağılasığmaz hadisələrə səbəb ola bilər. Buna görə də Vaşinqton bir tərəfdən Kiyevə silah-sursat göndərir, o biri tərəfdən gizli kanallarla danışıqları davam etdirir. Müharibənin daha da amansızlaşması, təhlükəli ssenarilərin gündəmə gəlməsini arzulamır. Müharibənin də qaydaları var.

Çinə gəlincə, bu mövzu düşünürəm ki, daha çox spekulyasiya olunur. Çin indi də dünyanın ən güclü ölkələrindən biridir. Ən böyük istehsala malikdir, hərbi büdcəsi dünya ikincisidir. Əgər Çin bir təhlükə doğurursa, o təhlükə indi də var. Və yəqin ki, Vaşinqtonun Çinlə bağlı alternativləri mövcuddur. Çin və Rusiyanın daha yaxın müttəfiq olması üçün ən uyğun fürsət Ukrayna müharibəsi idi. Amma biz gördük ki, Çin qlobal cəbhələşməni deyil, dövlət maraqlarını seçdi, Qərblə düşmən cəbhəsinə keçmədi.

Ukraynadakı vəziyyətə gəlincə, baş verənlər göstərir ki, nə Rusiyanın ildırım sürətli müharibə planı baş tutdu, nə də Ukraynanın kəskin əks-hücumu uğurlu nəticə verdi. Hazırda havalar sürətlə soyuyur, müharibə yorucu mərhələyə keçir. Rusiya Ukraynanın infrastrukturunu məhv etməklə onu daha da zəiflətmək və təslim olmağa məcbur etmək istəyir. Çünki cəbhədə kəskin hücum əməliyyatı hazırda mövcud deyil. Ancaq mümkündür ki, ruslar qarşıdakı aylara səfərbərlik qüvvələrini cəmləməklə Ukraynada hücuma keçsinlər. Amma görünür ki, hücum əməliyyatına çox ehtiyatla yanaşırlar, hətta çəkinirlər. Çünki birinci dəfəki uğursuzluqdan sonra ikinci bir uğursuz əməliyyat riskini gözə alırlar. Bu səbəbdən də hazırkı mərhələ yorucudur, xüsusən də Ukrayna üçün, sadə xalq üçün müharibənin ən ağır mərhələsidir. İndiki mərhələdə müharibənin hansısa bir məqamda dayanması və tərəflərin sülh danışıqlarına oturması üçün gizli müzakirələrin olması barədə də xəbərlər var".

Donbas döyüşü Ukrayna və Rusiyanın son döyüşü ola bilər" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Ukrayna hökuməti prosesləri bilib, amma...”

Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə əsl niyyətlərdən söz açdı: “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi ilk növbədə geopolitik qarşıdurma və Kremlin postsovet məkanını öz təsir dairəsinə salmaq planının tərkib hissəsidir. Həmçinin burada ABŞ-la beynəlxalq müstəvidə rəqabət fonunda fövqəldövlət statusu əldə etməkdir. Təbii ki, Vaşinqton buna icazə verməyəcək. Məqsəd Rusiyanı Əfqanıstan müharibəsində olduğu kimi tələyə salmaq və resurslarını tükətməkdir.

ABŞ öz strateji planına çatacaq və Rusiyanı öz daxili problemləri ilə uğraşan bir ölkəyə çevirəcək. Ukraynanın burada hər hansı bir strateji səhvi yoxdur. Moskva Ukraynanı və Şərqi Avropanı öz təsir dairəsinə salmaq üçün bu müharibəyə başladı. Nəticələr isə Vladimir Putinin əleyhinə oldu. Bundan sonra davam edən müharibə Kremldə ciddi siyasi qarşıdurmaya yol açacaq və hakimiyyət dəyişikliyi mümkün ola bilər. Rusiya səhv hesabladı və ordusunun da şəxsi heyətinin müharibəyə hazır olmadığının fərqində olmalıdır. Bu müharibə dünyanın siyasi nizamını dəyişdirib və Rusiyanın iddialarına son qoyacaq. Rusiyanın itkiləri və regional-beynəlxalq müstəvidə mövqeləri kifayət qədər zəifləyəcək. Ukrayna hökuməti prosesləri bilib, amma təslim olmamaq üçün müharibəni seçdilər. Təslim olmaq Qərbin Rusiyaya təslim olması demək idi".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR