Onlayn ictimai-siyasi qəzet
Prezident seçkisinin nəticələrini “tanımayan” partiyaların mövqeyi cəmiyyət üçün təsiredici deyil, hətta mənasızdır, heç özləri üçün də çətin ki, təskinlik olsun, amma gördülər hamı nəsə deyir, onlar da belə bəyanat verdilər. Bir neçə beynəlxalq təşkilatın seçki ilə bağlı hesabatı seçkiyə qoşulmayanlar kimi diqqətdən kənarda qoymaq olmaz, ən azı o səbəbdən ki, onlar seçki prosesini izləməyə çalışıblar. Bəzi tənqidlər də razılaşmaq olar, seçki geniş əhatəli prosesdir, bir gündə 5 milyon adam evindən çıxıb seçki məntəqələrinə gedir, hamının ağlı, hamının vətəndaş məsuliyyəti eyni səviyyədə deyil. ATƏT-in hesabatında ən ciddi tənqid seçkinin rəqabətsiz mühitində aparıldığı haqdadır.
Əgər iqtidar məsələn, müxalif partiya liderlərinin seçkiyə qoşulmasını əngəlləsəydi, qeydiyyat problemi və sairə yaratsaydı, bu tənqidlərə “eyvallah” da demək olardı. Amma müxalifət seçkiyə ən müxatəlif bəhanələrlə qoşulmursa, iqtidar bu rəqabət mühitini necə yaratsın? İkincisi, siyasi opponentləri İlham Əliyevin reytinqinin altında qalırlarsa, o rəqabət mühitini necə yaratmaq olar, bunun hazır resepti varmı? Səslərin sayılmasındakı xırda problemlərə gəlincə, səsləri sayan da insanlardır, robort deyil. Amerikadı son iki prezident seçkisində səslərin sayılması ilə bağlı problemləri yada salın, hələ də Tramp deyir ki, səslərini filan ştatda oğurlayıblar, nəticələri saxtalaşdırıblar. Amma heç kim Baydenin legitimliyini tanımadığını bəyan etmədi, hətta Tramp və tərəfdarları da taleləri ilə barışdılar...
Zaman bizə öyrətdi ki, Qərbin “üçüncü dünya ölkələrinə” ixrac etdiyi dəyərlər, xüsusilə demokratiya bir çox hallarda dövlət maraqlarına ziddir. Zamanla millət özü normal seçki keçirməyi də, obyektiv mövqe bildirmək kimi vərdişləri mənimsəyir. Başımız daşdan-daşa dəydikcə anladıq ki, məsələn, “bomba düzəldib erməniləri atacam” deyən prezidentliyə akademik namizədə deyil, Azərbaycan ordusuna güvənən, ölkınin müdafiə qabiliyyətini artıran namizədə səs vermək lazımdır. Zamanla başa düşəcək ki, öz problemlərini həllini xaricdəki dairələrdə, maliyyə fondlarında, meydanlarda yox, öz dövlətində axtarmaq, ona güvənmək lazımdır. Baxın, Avropada küçələr qaynayır, mitinqlər, tətillər olur, kim onları dinləyir ki? Fransada “sarı jiletlilər” aylarla aksiya keçirdilər, pensiya islahatlarına etirazlar oldu, nəticə “sıfır...” Qərbin yaxşı universitetləri, səhiyyəsi, yaşıllıqları, keyfiyyətli şərabları var. Amma ixrac edilən demokratiyaları və “dəyərləri” başlarına dəysin...Dünyanın heç bir yerinə bu dəyərlərlə, demokratiya ilə xoşbəxtlik gətirməyiblər. Biz özümüz bunun yolunu tapacağıq, seçkimiz də, idaərəçiliyimiz də, ölkəmiz də zamanla daha yaxşı olacaq.
Təhlillər onu göstərir ki, əgər yaxın 6 ayda Ukrayna müharibəsində hansısa təməlli həll yolları tapılmasa, dünyadakı gərginliklər daha da artacaq ki, bunun bizim regiona da təsirləri idikindən daha çox olacaq |
Növbəti 7 il üçün Azərbaycan Prezidenti məsuliyyətini üzərinə götürmüş İlham Əliyevi zənimcə, qarşıda daha ciddi sınaqları olacaq. Təhlillər onu göstərir ki, əgər yaxın 6 ayda Ukrayna müharibəsində hansısa təməlli həll yolları tapılmasa, dünyadakı gərginliklər daha da artacaq ki, bunun bizim regiona da təsirləri idikindən daha çox olacaq. Sülh müqaviləsi danışıqlarını stopladılar, zatən ilin əvvəlində yazmışdım ki, 2024-də sülh müqaviləsinin imzalanacağını gözləmirəm. İndi sülh gündəliyindən uzaqlaşma yoxdur, amma sülh sazişi də yoxdur. Bunu əngəllədilər ki, yaxın aylarda baş verəcək hadisələr konteksində qərar versinlər: Azərbaycanla sülh lazımdır, yoxsa başqa planlar işə düşsün. “Başqa planlar” dedikdə buraya Azərbaycanın qələbədən bir az “ayılıb” Ermənistanla danışıqlarda güzəştə meylləndirmək də daxildir, sərhəddə toqquşmalar yaratmaq da, hətta iqtisadi sanksiyalar da...
Bəzi əbləhlər düşünür ki, Azərbaycan prezidenti olmağa nə var ki, onlar da ölkəni idarə edə bilərlər və sair. Elə deyil. Bunun məsuliyyəti çox ağırdır və İlham Əliyev bu yükün altına girə biləcək yeganə liderdir.
Əlbəttə, 2018-ci il seçkisindən sonra Azərbaycanı hansı tarixi günlər gözləyəcəyini də proqnozlaşdırmaq mümkün deyildi. İndi Azərbaycan 2018-ci ildən xeyli üstün vəziyyətdədir, son üç il ərzində möcüzə kimi hadisələrə şahidlik edib, ərazi bütövlüyünü bərpa edib, separatizmi beşiyində boğub. Amma bizimlə gizli savaş hələ davam etməkdədir. Gizli savaşçılar əslində gizli sayılmaz da, hədəfləri də, niyyətləri də kifayət qədər açıqdır.
Azərbaycanı öz doğru bildiyi yoldan sapındırnaq, əngəllər yaratmaq. Azərbaycanın köksündəki separatizm şişini kəsib atdı, amma yeri tezliklə sağalmaz. Bu qüvvələr bizə bu ”xəstəliklə” mübarizə aparmaqda heç bir dəstək olmadılar, əksinə canımıza süni yeridilmiş bəla ilə yaşamağa məcbur etmək istəyirdilər. “Bu dərdin əlacı sizdə yoxdur” dedilər. İlham Əliyev isə dünyada baş verənləri gördü, dəqiq qiymətləndirmə apardı və hərbi yolu seçdi. Onlar Azərbaycanın buna risk etməyəcəyini düşünürdülər və yanıldılar. Sonra “biz bilməzdik, gözləməzdik” dedilər. Ətrafa baxırlar, Gürcüstan separatizm bəlası içində, Ermənistan zəlil gündə, Rusiya Ukrayna çöllərində, İsrail dövləti Qəzza bataqlığında, Amerika siyasi çıxılmazlıqda, Avropada böhran, tətillər, üsyanlar. Qafqazın bir balaca ölkəsinin də çətinlikləri var, həllini gözləyən sosial problemləri də həmçinin, amma quruculuq, yaratmaq, yenidən qalxınmaq yolunda davam da edir. Bunu qəbullana bilmirlər.
Sadə əhalinin seçki günü çıxışları xoşuma gəldi, dəyərləndirmələri dəqiqdir. Deyirlər ki, indiki dövrdə İlham Əliyevdən başqa kimsə bu işi bacarmaz. Bəzəksiz-düzəksiz və tam doğru dəyərləndirmədir...İndi dövlətin başında olmaq nağılardakı “7 nar çubuğunu qırmaqdan” da çətin işdir...Tanrı səbr və güc versin!
Nazim SABİROĞLU,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ