İnsanlara hürriyət, millətlərə istiqlal!

65 yaşlı həkimlərin işdən çıxarılmasına etiraz - təklif var

Adil Qeybulla: “65 yaş bitən kimi həkimlərin işdən kənarlaşdırılması diskriminasiyadan başqa bir şey deyil”

Zülfüqar Yusifov: “Həkimlər orta yaşda artıq peşəkar olaraq daha çox təcrübəli olur, onda da...”

Azərbaycanda 65 yaş həddinə çatan tibb işçilərinin əmək müqaviləsinin bir ilədək uzadılması təklif olunur".

“Yeni Müsavat” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva qurumun iclasında deyib.

IMG_7275.jpg (29 KB)

Onun sözlərinə görə, tibb işçiləri pensiya yaşına çatdıqda əmək müqaviləsinə xitam verilir: “Onların içərisində peşəkar və təcrübəsinə ehtiyac olan şəxslər də var. Əslində ehtiyac olduğu təqdirdə üç ay müqavilə uzadıla bilir. Amma bu müddət çox qısadır. Mən həmin müddətin altı ay və ya bir ilə qədər uzadılmasını təklif edirəm. Bu, tibb işçilərinin öz peşəsinə daha da bağlanmasına kömək edə bilər”.

Qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən işçilərin pensiya yaşı 65-dir. Yəni 65 yaşı tamam olan müəllimlər, həkimlər və digər işçilər avtomatik olaraq işdən kənarlaşdırılır. Lakin həmin yaşda olan şəxslərin yenidən əmək prosesinə cəlb olunması üçün müəyyən qaydalar var. Belə ki, onların əmək müqaviləsi bir ili keçməmək şərti ilə, 5 dəfə olmaqla artırıla bilər. Bu da onlara 70 yaşına qədər işləmək imkanı verir. Yenidən əmək fəaliyyətində iştirak etmələri üçün bu şəxslərin xüsusi xidmətlərinin olması vacibdir.

Həkimlərin 65 yaşda işdən kənarlaşdırılması isə cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, gənc kadrlar işə cəlb olunsalar da yaşlı kadrları əvəz edə bilmirlər. Bəzisi isə bunun onların psixologiyasına ciddi zərər verdiyini və yaşlı insanların təkcə pensiya ilə maddi təminatının mümkün olmadığını bildirirlər. Digər məsələ isə kadr çatışmazlığıdır.

Bölgələrdə yerləşən tibb müəssisələrində kadr çatışmazlığı var. Bunu müvafiq qurum səlahiyyətliləri də dəfələrlə vurğulayıb. Ona görə də yaşa görə işdən kənarlaşdırılan şəxslərin bölgələrə göndərilməsi və işlə təmin edilməsi ilə bağlı müxtəlif zamanlarda təkliflər səsləndirilib.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

ZULFUGAR-YUSIFOV-ABLOJKASEKILI-1-1.jpg (99 KB)

“Bu xeyli diqqətəlayiq bir təklifdir. Çünki doğrudan da həkim peşəsi olduqca çətin bir peşədir və burada peşəkarlıq əldə etmək üçün uzun zaman çalışmaq lazım olur. Hətta qeyd edim ki, dünyanın bir sıra ölkələrində normal həkim statusuna gəlib çatmaq və bir peşəyə yiyələnmək üçün ən azı 35-40 yaşa qədər çalışmaq lazım ola bilir. O cümlədən bizim ölkədə də rezidentura imkanlarının ortaya çıxması ilə təhsil müddətinin uzanması baş verir. Bu uzanma bəzən ilkin təhsillə rezidentura arasındakı fasilə böyük olanda daha çox ola bilir. Bundan sonra isə təbii ki, həkimlərin öz ixtisasını daha dərindən bilməsi üçün davamlı olaraq ixtisasartırma kurslarında iştirak etmələri, həmçinin mütəmadi olaraq müəyyən sertifikasiya imtahanlarından keçmələri tələb olunur.

Yəni onu demək istəyirəm, ki, həkimlər orta yaşda artıq peşəkar olaraq daha çox təcrübəli, daha çox fayda verəcək şəkildə cəmiyyətə təqdim olunurlar. Təbii ki, həkim illər boyu çalışaraq daha da özünü inkişaf etdirir. Hətta bugünkü standartlarımız da bəzən görürsünüz ki, müxtəlif həkimlərin təcrübələri sahəsində dərinləşməkdə davam edir, yenilənir. Bu baxımdan, əslində 60-65 yaşlı həkimlər daha yetkin həkimlər sayılır. Həm tibbi təcrübəsi, həm də pasiyentlərlə ünsiyyət təcrübəsi artıq onlardan daha çox faydalanmağa imkan verir.

Zamanında insanların avtomatik olaraq pensiyaya göndərilməsi və yaxud işdən kənarlaşdırılması onların əldə etdiyi bu dəyərli təcrübədən istifadə imkanını məhdudlaşdırır və yaxud tamamilə heçə endirir. Bu baxımdan, həmin insanların təcrübəsindən yararlanmaq məqsədilə belə bir qaydanın ortaya çıxması, belə bir qanunun qəbul olunması məqsədəuyğun olardı. Hətta bir sıra sahələr var ki, onların təcrübəsindən yetmiş yaşdan sonra da faydalanmanın yollarını düşünmək lazımdır. Çünki bu insanlar illərlə əldə etdiyi faydalı, çox dəyərli bilikləri nə şəkildəsə vətəndaşların sağlamlığı üçün sərf edə bilməlidirlər və yaxud onların bu imkanları sonrakı nəsil həkimlərin daha da təkmilləşməsi, püxtələşməsi üçün sərf olunmalıdır. Yəni bu bilgilərdən asanlıqla imtina etmək doğru deyildi və ən azından yetmiş yaşa qədər bu imkanlardan istifadə etmək şansımızın olması da bir üstünlük sayıla bilər".

QEYBULLA.jpg (22 KB)

Cərrah-həkim, professor Adil Qeybulla da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Əvvəla qeyd edim ki, bu qanunun birdən-birə tətbiq edilməsi ümumi işə xeyli ziyan vurdu. Xeyli təcrübəli həkimləri itirdik. 65 yaş həkimliyin xeyli müdrik bir dövrüdür və o səviyyəyə çatmaq üçün müəyyən bir təcrübə dövrü keçirlər. Əgər həkim əmək qabiliyyətini itirməyibsə, onun əqli fəaliyyəti yerindədirsə, ağır bir komorbid vəziyyət yoxdursa, bu həkim niyə işləməsin ki?! O, xalqa xidmət edir. Yəni icbari tibbi sığorta paketi ilə işə cəlb oluna bilər, ən azı yaxın rayonlarda çalışa bilərlər. Mütləq onların imkanları nəzərə alınmalıdır. Amma 65 yaş bitən kimi insanların işdən kənarlaşdırılması diskriminasiyadan başqa bir şey deyil”.

Professor əlavə edib ki, hazırda xeyli həkim bu məsələ ilə bağlı narazıdır və narahatdırlar: “Bu həkimlər iş axtarırlar, nə edəcəklərini bilmirlər. Biz mütəxəssisləri niyə yetirməliyik, mütəxəssislər tədricən yetişir. Bu, müəllimlərə də aiddir. Hesab edirəm ki, müəllim və həkimlərlə bağlı məsələdə bu işə çox diqqətlə yanaşmaq lazımdır. Xaricdə 80 yaşlı universitet professorları var, alimlər var, ali məktəbdə çalışırlar, dərs deyirlər, fəaliyyət göstərirlər, təcrübələri var. Bundan başqa, bəzi mütəxəssislər müəllim, həkim, alim - bunların içində xüsusi seçilmiş adamlar olur ki, bunlar həqiqətən təhsilə də, elmə də, həkimlik sahəsinə böyük töhfə verirlər. Bu cür adamları işdən kənarlaşdırmaq qətiyyən düzgün deyil. Bu məsələni yerli rəhbərliyin ixtiyarına buraxanda görürsən ki, baş həkimlər xoşuna gələn işçini saxlayır, xoşuna gəlməyən işçini çıxarır. Ona görə də bu məsələnin həllində ehtiyatlı olmaq lazımdır. Buna tədricən keçid olmalıdır. Pensiyaya gedən adamlar üçün sosial müdafiə kifayət qədər yüksək olmalıdır. Pensiyaya getməkdə bir könüllülük prinsipi də təmin edilməlidir. Bütün bunları bu cür birdən-birə bir qərarla həll etmək olmaz və bu da artıq acı nəticələrini verməkdədir. Fikrimcə, buna yenidən baxmağın zamanı gəlib çatır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR