İnsanlara hürriyət, millətlərə istiqlal!

5 ilin qisası, “Dolma”nın qarşısında qətl - Dünya çempionunun CİNAYƏT İŞİ

CİNAYƏT İŞİ

Qısa arayış...

2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya küçəsində kosmetika mağazasının qarşısında Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Davud Ağayev qətlə yetirilib. Onu öldürən Yasin Həsənov 2022-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılıb.

Məlum olub ki, 2013-cü ildə D. Ağayev Y. Həsənova odlu silahdan atəş açaraq, onu yaralayıb. Y. Həsənov da bunun qisasını 5 ildən sonra alıb.

Faktla bağlı Kiyev şəhər prokurorluğunda Ukrayna Respublikası Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Y. Həsənov bu əməlinə görə 2018-ci ildə beynəlxalq axtarışa verilib. Bakıda saxlandıqdan sonra onun barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Yasin Həsənov 1987-ci ildə Qazaxıstan Respublikasının Karaqanda vilayətində anadan olub. Cüdo və sambo döyüşləri üzrə yığma komandaların üzvü olan Həsənov, Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunu, sambo üzrə Avropa çempionatının bürünc mükafatını qazanıb.
 
Ukraynada açılan cinayət işi 2020-ci il dekabrın 4-də Sabunçu rayon prokurorluğunda icraata qəbul edilib. Həmin tarixdə cinayət işi Ukrayna Respublikası CM-nin 115-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilib.

Lent.az qətlin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, 2013-cü il oktyabrın 17-də Kiyev şəhərində fəaliyyət göstərən “Karavan” restoranında aralarında baş vermiş mübahisə zamanı Davud Ağayev odlu silahdan atəş açaraq Yasin Həsənovu yaralayıb.

Qisas almaq qərarına gələn Həsənov tanışı, Şəmkir rayon sakini 1971-ci il təvəllüdlü Valeh Xəlilov və şəxsiyyətləri istintaqa məlum olmayan digərlərilə əlbir olaraq üzərində saxta dövlət nömrə nişanı olan, Serqey Lepexaya məxsus “Honda” markalı avtomobillə 2018-ci il iyulun 3-də Bolşaya Vasilkovskaya küçəsindəki, 122 saylı evin qarşısına gəlib. Maşından düşüb binanın həyətinə daxil olanda, Davud Ağayevin Əmlak agentliyinin ofisindən çıxdığını və restoran istiqamətində getdiyini görüb. Planlaşdırdıqları cinayəti həyata keçirmək üçün əlində tapança ilə küçədə Ağayevə çatıb və fasiləsiz 8 dəfə atəş açaraq onu qətlə yetirib. Daha sonra Nimetska küçəsi istiqamətində qaçıb və orda onu gözləyən avtomobilə oturaraq, hadisə yerindən uzaqlaşıb.

İş üzrə dindirilmiş Yasin Həsənov bildirib ki, uşaq ikən valideynləri ilə Qazaxıstandan Azərbaycana köçüb. Orta təhsilini Nizami rayonunda yerləşən 277 nömrəli orta məktəbdə aldıqdan sonra Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub, cüdo ixtisası üzrə ali təhsil alıb:

Yasin Həsənov

“Gözümdə və belimdə problem olması səbəbindən hərbi xidmətdə olmamışam. 2010-cu ildə Ukraynaya getmişəm. Orada Azərbaycan Respublikası diasporasının sədri işləyən, əslən Culfa rayonundan olan həmkəndlim İlqar Abbasovun yanında mühafizəçi işləməyə başladım. Kiyev şəhərində, Lvovskaya küçəsi, ev 1 mənzil 40-da valideynlərimlə birlikdə yaşayırdım. 2013-cü ildə metrostansiyasının yaxınlığında gül dükanı açdım və onu tək işlətdim. Bununla yanaşı idman karyeramı da davam etdirirdim. Ukrayna Respublikasının adından çıxış edərək bir neçə dəfə daxili və beynəlxalq yarışların cüdo-sambo üzrə mükafatçısı olmuşam. Evi özüm dolandırırdım, atam-anam heç yerdə işləmirdi. 

İlqar Abbasovun sədr seçilməsində Bakı şəhərində doğulub yaşamış, milliyətcə rus olan Oleq “Bakinski” ləqəbli Oleq Krapivin köməkliyi olub. İlqar Abbasovla Oleq “Bakinski”nin münasibəti 2011-ci ildən pozulub. Həmin dövrlərdə İlqar Abbasovun yanında mühafizəçi işlədiyim üçün Oleqin yaxın adamı olan Davud Ağayev tez-tez mağazama məni narahat etməyə gəlir və aylıq haqq tələb etməyə başlayırdı. Amma həmin şəxsə pul verməyəcəyimi bildirirdim. Davudun hərəkətləri barədə sədrə məlumat versəm də, nəticəsi olmadı. 2013-cü ilin axırlarında Davud zəng edib məni Kiyev şəhərinin yaxınlığında yerləşən restorana dəvət etdi. Ora tək gedib Davudun yanında Süleyman adlı şəxs oldum. Kabinetdə söhbət zamanı Davud ayda ona 5000 dollar verəcəyimi, əks halda məni öldürəcəyini bildirdi. Ona ümumiyyətlə pul verməyəcəyimi söyləyib ayağa qalxanda, Davud “Makarov” markalı tapança ilə sağ ayağıma 2 dəfə atəş açaraq, otaqdan çıxdı. Təcili Tibbi Yardım briqadası məni xəstəxanaya çatdırdı, əməliyyat olunduqdan sonra təxminən 6 ay orda müalicə olundum. Fakta görə Kiyev vilayət polisi tərəfindən araşdırma aparılsa da, polislərə Davudun adını vermədim. İfadəmdə, tanımadığım şəxslər tərəfindən güllələndiyimi deyib şikayətimin olmadığını göstərdim”.

Hadisənin baş verdiyi "Dolma" restoranının qarşısı

Bu müddət ərzində artıq İlqar Abbasovla Oleq “Bakinski” barışıblar. İlqar dəfələrlə onun özündən də Davudla barışmasını xahiş edib. Lakin o, bu təklifi rədd edib, onu Allaha tapşırdığını deyib:

“Sağalandan sonra 2014-cü ildə Bakıya qayıtdım. Burada yaşayaraq, tikinti mallarının satışı ilə məşğul oldum. Valideynlərim Ukraynada yaşadıqları üçün ildə 1-2 dəfə onlara baş çəkirdim. Davud Ağayevlə həmin hadisədən sonra əlaqəm olmadı. Eşitdiyimə görə Davudun məndən başqa digər şəxslərlə də mübahisəsi olub, onlardan 4-nü odlu silahdan atəş açaraq öldürüb, daha 7 nəfəri isə yaralayıb. 2018-ci il iyulun 3-də Davud Ağayevin qətli ilə bağlı bildirdim ki, baş vermiş hadisədə heç bir rolum və iştirakım olmayıb. Davuda odlu silahdan atəş açmamışam, ümumiyyətlə hadisə baş verən zaman Ukraynada deyildim. Türkiyədə ya da Belorusiyada idim. Cinayətin kimlər tərəfindən və hansı səbəbdən törədilməsi ilə bağlı məlumatım yoxdur. Hadisədən 6-7 ay keçdikdən sonra zəngləşərkən Ukraynadakı tanışlarım mənə dedilər ki, həmin cinayətin törədilməsinə görə istintaq məndən şübhələnir. Bu səbəbdən artıq Ukraynaya getmədim”. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Zöhrab Ağayev ifadəsində göstərib ki, qardaşı Davud 1986-cı ildə Bakı şəhərində anadan olub. Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbdə, sonra  isə gömrük eksperti ixtisası üzrə kollecdə təhsil alıb:

Z. Ağayev

“Xasiyyətcə sakit və təmkinli insan idi. Pis vərdişləri olmayıb, əlbəyaxa döyüş idman növü ilə məşğul olub. Atam getməsinə razı olmasa da, 2010-cu ildə Davud işləmək üçün Ukraynaya getdi. Kiyev şəhərində kirayə evdə yaşayırdı. Qardaşım həmyerliləri ilə birlikdə iri buynuzlu heyvanların Azərbaycana ixracı ilə, son zamanlar isə taxta satışı ilə məşğul olurdu.

Ailəmizə tez-tez pul göndərib maddi köməklik edirdi. Telefonla əlaqə saxlayanda, Davud işlərinin qaydasında olduğunu söyləyirdi. Kiminləsə ədavəti olması haqda heç nə deməyib. 2018-ci il iyulun 3-də atama qardaşımın avtomobil qəzasında öldüyünü xəbər veriblər. Növbəti gün, Bakıdan Kiyevə gedəndə tanışımdan qardaşımın güllələndiyini öyrəndim. Həmyerlilərimin sözlərinə görə, hadisədən bir qədər əvvəl Davud restoranda olub, sonra yaxınlıqda yerləşən əmlak ofisinə gedib. Geri qayıdanda Yasin Həsənov arxadan atəşlər açaraq qardaşımı güllələyib. Davudun hansı səbəbə görə öldürülməsindən məlumatım yoxdur. Səfirliyin köməkliyi ilə qardaşımın meyitini Bakıya gətirərək, burda dəfn etdik”.
 
Şahid Kamran Bağırov ifadəsində göstərib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2006-ci ildə Kiyev şəhəriində, Bolşaya Vasilkovskaya 122 ünvanında restoran açıb:

“Davud Ağayevlə 2017-ci ildə tanış olmuşuq. Müştərim olan Davud həftədə 2 dəfə restorana gəlirdi. Spirtli içki qəbul etməzdi. Yasin Həsənovu 2014-cü ildən tanıyıram. Hər ikisi ilə münasibətim yaxşı idi. 2018-ci il iyulun 3-ü saat 15:30-da Davud Ağayev, Teymur Qasımlı və Rövşən Rəsulovla restorana gəlib, yemək sifariş verdilər.

Davud məndən restoranın yanında yerləşən daşınmaz əmlak agentliyində tanışım olub-olmadığını soruşaraq, yaşadığı evi dəyişmək istədiyini və Peçersk rayonuna köçmək istədiyini bildirdi. Mən də Davuda problem olmadığını dedim. Bundan sonra birlikdə obyektən çıxaraq restoranın yaxınlığında, Tverskaya küçəsində yerləşən əmlak agentliyinə getdik. Orda Yelena adlı məsləhətçi ilə görüşdük. Söhbət zamanı həmin qadın Davuda bir neçə ev təklif etməyə başladı. İşimlə əlaqədar tanışım ilə sağollaşaraq həmin ofisdən çıxdım. Təxminən 20 dəqiqədən sonra əmlak agenti zəng vuraraq Davud Ağayevin küçədə güllələnməsi və təcili yardım işçilərinin onu xəstəxanaya aparması haqda məlumat verdi. Restorana qayıdandan sonra polis əməkdaşlarına izahat verdim”.
 
Şahid Teymur Qasımlı ifadəsində göstərib ki, 2017-ci ilin əvvəllərində meyvə-tərəvəz satışı ilə məşğul olmaqdan ötrü Kiyev şəhərinə gedib. Böyük Vasilkovskaya küçəsində yerləşən bazarda aylıq 300 dollar ödəmək şərti ilə icarəyə yer götürüb, alverlə məşğul olub:

“Davud Ağayevi Bakıda yaşadığı gənc vaxtlarından tanıyıram. 2018-ci il iyulun 3-də Rövşənlə restoranda olanda atəş səsi eşitmədik. Restoranın ofisiantı yaxınlaşıb Davudun güllələndiyini xəbər verən kimi dərhal çölə çıxdıq.

Restoranın giriş qapısından sağ tərəfdə səkinin üzərində Davudun qana bulaşmış halda üzü üstə yerdə uzandığını və ətrafında çoxlu sayda insanların toplaşdığını gördük. Davud xırıldasa da, huşu özündə deyildi. Köməkləşib, onu təcili yardım avtomaşınına qoyduq və xəstəxanaya apardıq. Yol boyu Davudun yanında oldum. 10-15 dəqiqə xəstəxananın qarşısında gözlədikdən sonra polis əməkdaşları gəlib, bizi şöbəyə apardılar. Şöbədə olanda bildik ki, Davud həkimlərin müdaxiləsinə baxmayaraq ölüb”.


 
Şahid Viktoriya Kramarenko iyulun 3-ü saat 16 radələrində B.Vasilkovskaya küçəsindəki 118 saylı evin həyətində, skamyada əsəbi vəziyyətdə oturan, telefonla digər dildə danışan, sonra isə Nimetska küçəsi istiqamətində gedən, Qafqaz görünüşlü, boyu 185 sm, başında tünd rəngli kepka olan kişini gördüyünü bildirib:

“Mənə təqdim olunmuş fotocədvəldə şahid Yasin Həsənovun şəkilini göstərərək, həmin gün gördüyüm şəxs olduğunu göstərdim. Onu üz cizgilərindən və gözlərindən tanıdım”.

Şahid qismində dindirilmiş Pavel Xlabıstin bildirib ki, iyulun 3-ü saat 16:45-də Tverskaya küçəsindən Bolşaya Vasilkovskaya küçəsinə dönəndə, kiminsə qışqırığını eşidib:

“Restoranın yanında təxminən 40-45 yaşlı, boyu 190 sm olan, orta bədən qurluşlu şəxsə, təxminən 30 yaşlı, boyu 175 sm, idman bədən quruluşlu bir nəfərin tapançadan ardıcıl atəşlər açdığını gördüm. Zərərçəkmiş üzü üstə yerə yıxıldı, cinayətkar isə yaxınlaşıb təkrarən daha 3 atəş açdı və sürətli şəkildə qaçaraq, evin həyətinə girdi. Yerdə uzanmış şəxsə yaxınlaşanda o, heç nə danışmır, yalnız xırıldayırdı”.
  
Şahid İlqar Abbasov ifadəsində göstərib ki, Yasin Həsənov 2013-cü ildə, təxminən 8 ay onun sürücüsü işləyib:

İlqar Abbasov

“Həmin il dəqiq xatırlamadığı tarixdə Yasin mənə zəng vuraraq Kiyev vilayətində yerləşən restoranda yaralandığını bildirərək, ora təcili yardım göndərməyimi xahiş etdi. Xəstəxanada ona baş çəkəndə yaxınları Yasinin Davud Ağayev tərəfindən güllələndiyini dedilər. Bunu eşidib əsəbiləşdim. Yasinə bildirdim ki, belə münaqişələrdə iştirak etdiyi üçün məni və ailəmi təhlükəyə atıb. Buna görə də, Yasini işdən çıxartdım və onunla əlaqə saxlamadım. Yasin Həsənovla Davud Ağayevin arasındakı mübahisənin səbəbi barədə məlumatım yoxdur”.
 
Dövlət Təhlükəsizlik Xidmətindən göndərilmiş məktuba əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 2018-ci il iyulun 3-də Kiyev şəhərində cinayət törətməmişdən əvvəl Yasin Həsənovun fevralın 23-də Bakı-Kiyev aviareysi ilə Ukraynaya getməsi, qətldən sonra Ukraynadan Türkiyəyə, ordan isə iyulun 31-də “Sədərək” sərhəd keçid məntəqəsindən Azərbaycana gəlməsi müəyyən edilib. Yasin Həsənovun Ukraynada istifadə etdiyi mobil telefon nömrələrini müəyyənləşdirmək mümkün olmayıb. Yasin Həsənov və Davud Ağayev Ukrayna arazisində fəaliyyət göstərən müxtəlif cinayətkar dəstələrin üzvləri olublar. Kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleqnı Andreayeviç Ukraynada müxtəlif biznes şəbəkələrinə rəhbərliyi həyata keçirir. İlqar Abbasov orda fəaliyyət göstərən “Polissya” şirkətinin sahibidir. Əməliyyat məlumatlarına görə, qeyd olunan şəxslər arasında 2013-cü ildə münaqişə yaranıb, “Oleq Bakinski”nin maraqlarını Davud Ağayev, İlqar Abbasovun maraqlarını isə Yasin Həsənov “müdafiə” ediblər. Mübahisə nəticəsində Davud Ağayev odlu silahdan atəş açaraq Yasin Həsənovu ayağından yaralayıb. Bundan sonra tərəflər arasında razılıq əldə olunsa da, Yasin Həsənovla Davud Ağayevin düşmənçiliyi davam edib. Sonradan Yasin Həsənovla Oleq Krapivin arasında yaxın münasibət yaranıb. 2018-ci il iyulun 3-də Yasin Həsənov bir qrup şəxslə Kiyev şəhərində yerləşən “Dolma” restoranının yaxınlığına gəlib və Davud Ağayevə tapançadan atəşlər açaraq, onu qətlə yetirib.


 
Məhkəmə iclasında Yasin Həsənov ittiham üzrə özünü təqsirli bilməyib. Əvvəllər aralarında narazılıq olduğu üçün istintaq, saxta şahid ifadələri əsasında, guya onun Davud Ağayevi odlu silahdan atəş açaraq öldürməsi qənaətinə gəlib. Y. Həsənov bildirib ki, baş vermiş hadisədə onun heç bir günahı yoxdur.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
 
Məhkəmədə təsdiq olunub ki, 2013-cü il oktyabrın 17-də Davud Ağayev “Makarov” markalı tapancadan atəş açaraq Yasin Həsənovu sağ ayağından yaralayıb. Habelə cinayət işinin materiallarından görünüb ki, 2014-cü il avqustun 21-də Davud Ağayev odlu silahdan atşə açmaqla Valeh Xəlilova xəsarət yetirib. Məhkəmə hesab edib ki, zərərçəkmişlər bu səbəblərdən Ağayevdən qisas almağı planlaşdırıb və həyata keçiriblər.
 
28.05.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Valeh Xəlilovun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barəsində qərar qəbul edilib. Ölüm şəhadətnaməsinə əsasən, Valeh Xəlilov 2020-ci il iyulun 4-də kəskin ürək çatışmazlığından vəfat edib.
 
Prokuror təqsirləndirilən şəxsə 15 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib.

Davud Ağayev
 
Məhkəmə Yasin Həsənovun Davud Ağayevi öldürmədiyi, həmin hadisədə iştirak etmədiyi və Valeh Xəlilovu axırıncı dəfə nə vaxt gördüyünü xatırlamadığı haqda ifadəsinə tənqidi yanaşır və onu inandırıcı hesab etmir. 
 
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Yasin Həsənovun əməli Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif olunub. O həmin maddə ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Həsənov 12 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR