İnsanlara hürriyət, millətlərə istiqlal!

"40 milyon güney azərbaycanlının İrandakı şəraiti dözülməzdir”-RƏY

 

“İsrail yaranan gündən İslam dünyasında ona qarşı təhdidlər var. İranda İsrailin dövlət kimi fəaliyyətini pisləyən, Fələstin-İsrail münasibətində fələstinlilərin mövqeyini müdafiə edən çoxsaylı bəyanat, çıxışlar olur”.

Bu fikri millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı Musavat.com-a açıqlamasında deyib. O, İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciətini şərh edərkən qeyd etdi ki, İranın apardığı siyasət insan haqlarına qarşıdır.

S.Rüstəmxanlı vurğuladı ki, İran müsəlman dövləti hesab olunsa da, terrorçu Ermənistanı müdafiə edir, amma nəzərə almır ki, ona qarşı da eyni münasibət göstərilə bilər: “İsrailin İranın mütəmadi hədələyici mövqeyinə reaksiya verməsi normaldır. Azərbaycanın İsraildə səfirlik açması qalmaqala səbəb oldu, halbuki İran özü Ermənistanda səfirlik açıb, əməkdaşlıq edir, üstəlik, konsulluq da açır. Bizə düşmən olan dövlətə yardım edir, amma İsraillə normal diplomatik əlaqələrimizin qurulmasına qısqanclıqla yanaşır. Bu mənada İsrailin Azərbaycanı dəstəkləməsinə müsbət yanaşıram. Bir sıra beynəlxalq təşkilatda İsrail Azərbaycanın yanındadır. İki dövlət arasında dostluq ildən-ilə möhkəmlənir. Azərbaycanda yəhudilər hər zaman rahat yaşayıblar. İsraildə də çox böyük azərbaycanlı diasporu var. Bundan başqa, 44 günlük Vətən müharibəsində İsrailin Azərbaycana diplomatik yardımı dəyərli idi. Ən əsası da hansı dövlətin müdafiə etməsindən asılı olmayaraq, 40 milyon güney azərbaycanlının İrandakı şəraiti dözülməzdir. Bu sayda vətəndaşın bütün hüquqlarının məhdudlaşdırılması, assimilyasiyaya məruz qoyulması və s. yolverilməzdir. Bu baxımdan İsrail deputatlarının müraciətini müsbət qarşılayıram”.

S.Rüstəmxanlı həmçinin, bildirdi ki, İranda demokratik rejim qurulsa, azərbaycanlılar da öz hüquqlarını bərpa edə bilsələr, müstəqil dövlət məsələsi bəlkə də müzakirə olunmaz, əks halda  Bütöv Azərbaycan məsələsi gündəmə gələ bilər.

Qeyd edək ki, İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Knessetin üzvləri Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib. Müraciətdə İran müxalifətinə və Tehranın Güney azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirilməsi xahiş olunub. İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi isə Tvitter hesabında paylaşım edərək müraciəti İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib:

“Bu mövqe İsrail liderləri və yüksək rütbəli rəsmilərlə keçirdiyim görüşlərdəki mövqe ilə tamamilə ziddir. Bu gün mən Qüdsdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Ümid edirəm ki, onlar məsələyə aydınlıq gətirəcək, İran və İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkətin qarşısını alacaqlar”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR