İnsanlara hürriyət, millətlərə istiqlal!

4 iyun qiyamından sonrakı 31 il - ölkə haradan hara gəldi...

Götürülən əsas dərs; deputat: “Tarixi zəfərimizin əsası məhz həmin dövrdən Heydər Əliyev tərəfindən qoyulub”

Bu gün Əbülfəz Elçibəy hakimiyyətinə qarşı Gəncədə başlanan hərbi qiyamdan 31 il keçir. 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi silahlı qüvvələr həmin gün qiyama qalxıblar, hakimiyyətin istefası tələbi qoyulub. 

Nəticədə hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Prezident Qvardiyasının komandiri Tahir Məmmədov başda olmaqla, 11 nəfər qvardiya əsgəri qiyamçılar tərəfindən qətlə yetirilib. Həmçinin baş prokuror daxil, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb.

Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Hərbi qiyama Milli Məclisdə də bir sıra deputatlar, siyasi partiyalar tərəfindən faktiki dəstək verilib. Qiyamı yatırmaq mümkün olmadığından gərginlik get-gedə yüksəlib. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıb.

Bu arada ölkə rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib. 9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. 

Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərar qəbul edib.

13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi və onlara dəstək verən bir sıra deputatlar tələb edirdi.

Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb.

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib. 17 iyun 1993-cü ildə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək doğulduğu Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Heydər Əliyev Ali Sovetin sədri olaraq respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

24 iyun 1993-cü ildə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

30 iyun 1993-cü ildə isə Milli Məclis Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Beləliklə, Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC iqtidarı Surət Hüseynovun başlatdığı qiyamın yekunu olaraq tamamilə süqut edib.

Azərbaycanın siyasi qüvvələrinin və cəmiyyətin 31 il öncəki hadisələrdən götürəcəyi əsas ibrət dərsi nədir, yaxud nə olmalıdır? Heydər Əliyev olmasaydı, bu qiyam ölkəmizi hansı istiqamətə aparacaqdı?

MƏMMƏDOV Hikmət Baba oğlu

 Hikmət Babaoğlu

Yeni Azərbaycan Partiyasının deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, 4 iyun 1993-cü ildə baş verən hadisələr təkcə Əbülfəz Elçibəy hakimiyyəti ilə Surət Hüseynov arasında olan qarşıdurma deyildi: “Bu, əslində başlamaqda olan vətəndaş müharibəsi idi. Çox təəssüf ki, bu hadisə baş verdi. Azərbaycanın tarixinə Surət Hüseynovun timsalında etnik separatçılıqdan başqa regional separatçılıq hadisəsi yazılmış oldu. Çünki Surət Hüseynov Gəncəbasarda özünün hakimiyyətini qurmaqla faktiki olaraq Azərbaycanda ikihakimiyyətlilik yaratmış oldu. Şübhəsiz ki, burada Azərbaycanı zəiflətməkdə maraqlı olan xarici qüvvələr var idi, ermənilərin bu və ya da digər şəkildə rolu, o dövr Boris Yeltsin Rusiyasının bu vəziyyətin yaranmasında əli var idi. Azərbaycanı zəiflətməkdə məqsəd o idi ki, bir daha Qarabağ haqqında düşünə bilməyək, Azərbaycanda etnik və regional separatçılığı ruhlandırmaqla bütövlükdə Azərbaycan dövlətinin mövcudluğu sual altına alınsın. Belə bir çətin vəziyyətdə Ulu öndər Heydər Əliyevin proseslərə müdaxiləsi Azərbaycanı formal dövlətçilikdən həqiqi müstəqil dövlətçiliyə qaytardı. Bu, dövlətçilik tariximizdə ən kritik mərhələlərdən biri idi. Düşünün ki, əgər Surət Hüseynovun rəhbərlik elədiyi regional separatçılıq, Ələkrəm Hümmətovun rəhbərlik etdiyi etnik separatçılıq, SADVAL-ın rəhbərlik etdiyi yenə etnik separatçılıq baş tutmuş olsaydı, onda biz Azərbaycanı indiki qüdrətli dövlət kimi görə və Qarabağı azad edə bilərdikmi? Əsla mümkün olmazdı. Ona görə düşünürəm ki, biz bir daha tariximizin ibrət səhifəsi olan o dövrə nəzər salmalı, onu dərindən təhlil etməli və Azərbaycan dövlətçiliyinin bu günə gəlib çatmasında böyük dövlət xadimi Heydər Əliyevin nə qədər uzaqgörən, dərin, strateji qərarlar qəbul etdiyini özümüz üçün izah etməli, gənc nəsilə çatdırmalıyıq. Tarixi zəfərimizin əsasları məhz həmin dövrdən Heydər Əliyev tərəfindən qurulub. Təsadüfi deyil ki, xalqımız Heydər Əliyev haqda danışanda onu Ulu öndər, Ümummilli lider adlandırır. Heydər Əliyev Azərbaycanı xilas etdi və dövlətçiliyini əbədi etdi. Bu gün çatdığımız zirvədən 1993-cü ilin iyununa qayıdıb baxanda bunu daha aydın görürük”.   

Əli Orucov: "Müxalifət düşərgəsində siyasi liderlər yetişə bilmir"

 Əli Orucov

AMİP funksioneri, siyasi şərhçi Əli Orucov isə bildirdi ki, 1993-cü ildə polkovnik Surət Hüseynovun Elçibəy iqtidarına qarşı qaldırdığı qiyam  aparılan uğursuz siyasətdən doğan nəticə idi. 1 ilə yaxın hakimiyyətdə olan AXC daxili və xarici siyasətində çox ciddi səhvlərə yol verdi, özünün prinsiplərinə və ideyalarına xəyanət etdi. İmperiyaya qarşı birgə mübarizə apardığı silahdaşlarına üz çevirdi: “31 il ərzində hər dəfə təkrarlanan ibarə və leksikondan istifadə etmədən qısaca deyərdim ki, 4 iyun hadisələrini öz təşkilatlarında müzakirə edib və ona siyasi qiymət verib ilk növbədə məsuliyyətlərini müəyyənləşdirsəydilər,  çox fərqli mənzərənin şahidi olardıq. Yeri gəlmişkən, təkcə AMİP bu hadisələrin siyasi qiymətini 1993-cü ildə verib. Həmin hadisələrə görə birbaşa həm hüquqi, həm mənəvi, həm də siyasi məsuliyyət daşıyan keçmiş hökumət üzvləri etirafda bulunmayaraq, xalqdan üzr istəməyiblər. Bunu ya özlərinə sığışdırmayıblar, ya da siyasi sonluqları kimi dərk ediblər. Halbuki səhvi etiraf etmək və üzr istəmək böyüklük sayılır. Qəribəsi odur ki, həmin hadisələrin günahını özlərində, öz yarıtmaz və liderlərinə xəyanətdə deyil, kənarda axtarmağa səy göstəriblər. 31 ildir eyni tendensiya davam edir və eyni simalar bu gün də Azərbaycan siyasətində inhisarçılıq edirlər. 4 iyun hadisələri bir daha sübut etdi ki, hər bir siyasətçi, siyasi qüvvə daşıya biləcəyi yükü üzərinə götürməlidir və atdığı addımların fərqində olmalıdır. Həmin hadisələr təkcə Elçibəy hakimiyyətini bitirmədi, ümumilikdə, Azərbaycanda demokratiyaya, demokratik qüvvələrə inam və etibarı sarsıtdı. Həqiqət hələ də xalqdan gizlədilir. Halbuki xalqa hesabat vermək həmin komandanın vəzifəsi idi. Xalq onlara dişlə-dırnaqla, qanı-canı bahasına müstəqilliyinə yenidən qovuşdurduğu dövlətini və özünün, övladlarının taleyini inanıb əmanət etmişdi. Edilən bu əmanətə xəyanət edildi.  

4 iyun qiyamı təkcə siyasilərə yox, həm də Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə heç unudulmayacaq ibrətamiz dərs verdi. Bu dərs pafosun, bəlağətin, avantüranın, demokratik pərdələnmənin dövlətə və dövlətçiliyə nə qədər böyük təhlükə olduğunu anlatdı. Siyasətlə siyasətbazlığın, konkret işlə işbazlığın və s. fərqini əyani izah etdi. Xalqdan istifadə edib, sonra ondan üz çevirmiş hakimiyyətlərin qısa zamanda iflasa məhkumluğunu göstərdi". 

Ə.Orucov hesab edir ki, 4 iyun qiyamından 31 il vaxt ötsə də, gərəkən dərslər çıxarılmayıb: “Hələ də siyasətdə özünü doğrultmayan, şəxsi maraqlarını güdən, intriqalara və konfrontasiyalara can atan şəxslər meydandadır, nə özləri, nə də ritorikaları dəyişməyib. Hökumətin idarəçiliyində də qüsurlar qalmaqdadır, hətta bəzi məmurlar xalqa üstdən aşağı baxmaqdadır. Yeniliklər və islahatlar vaxtında tətbiq olunmur. Demokratik dəyərlərə münasibət istənilən səviyyədə deyil və funksional idarəçilikdə köhnə metodologiya işlədilməkdədir. Düşünürəm ki, 4 iyun səhvləri, cağdaş Azərbaycan tarixinin ən ziddiyyətli və mürəkkəb dövrü bir daha təkrarlanmayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR