Belə ki, sertifikatı olmayan ginekoloq və tibb işçilərinin çalışdığı klinikada ictimai rəydə böyük əks-səda doğuran qalmaqallar davam edib. Məsələn, bir müddət əvvəl "German Hospital"da çalışan Ləman Əıiyeva adlı ginekoloqun 
əməliyyatı çəkib sosial şəbəkədə paylaşması ölkədə ciddi ajiotaj yaratmışdı.
 
2022-ci ilin aprelində isə Türkan Bayramova adlı şikayətçi yerli mətbuata bildirmişdi ki, “German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub. Belə ki, əməliyyat zamanı qadının sağlamlığına ciddi ziyan dəyib, üstəlik, o, ana olmaq imkanından məhrum olub.
 
 
Vüsal Zeynalov adlı şikayətçi isə 2023-cü ildə “German Hospital”ın qarşısında canlı yayım açaraq, həyat yoldaşının hospitalda göz görə-görə ölümə sürükləndiyini deyib.
 
Qeyd edək ki, 2023-cü ilin məlumatına görə, “German Hospital”da təbii doğuşun qiyməti 900 manat, qeysəriyyə isə 1200 manat olub.
 
“German Hospital”dakı digər şöbələrdəki yarıtmazlıq ginekologiya və ya doğum xidmətindən geri qalmayıb. Məsələn, 2023-cü ildə müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda klinikadan şikayət etmişdi: “Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.
 
 
Onu da qeyd edək ki, əgər əvvəllər, daha dəqiqi, “German Hospital” “Astoriya” Tibb Mərkəzi adı altında fəaliyyət göstərdiyi illərdə klinikaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev öz adamları vasitəsilə nəzarət edirdisə, ad dəyişdikdən sonra o, klinikanın idarəçiliyini öz üzərinə götürüb.
 
Araşdırma zamanı o da aydın oldu ki, klinikanın külli miqdarda vergi və kommunal borcu var. Bir neçə il qabaq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Astoriya” Tibb Mərkəzinin 60 min manatdan çox vergi borcu yaranması ilə bağlı yaydığı məlumat da bunu təsdiq edir.
Bundan başqa, ötən ilin məlumatına görə, Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu olub. O, bu məbləğin bir hissəsini ödəsə də, hazırda yenə də böyük miqdarda vergi borcu qalmaqdadır.
 
Klinikaya yaxın şəxslərin bildirdiyinə görə, Ramiz Mehdiyev amilinə görə, uzun müddət dövlət qrumlarının nümayəndələri "German Hospital"a yaxın düşə bilməyiblər. Belə ki, İlham Əliyevin hətta klinikaya vergi borcuna görə gələn əməkdaşları döyüb klinikadan qovmaq kimi göstərişlər verdiyi bildirilir. Oxşar hadisələrin kommunal xidmət haqları tələbi ilə klinikaya müraciət edən dövlət qrumları əməkdaşlarının başına gəldiyi də bildirilir.
 
Qeyd edək ki, İ.Əliyevin hazırda “Qala-R.L” MTK, “NLT” MMC, “Premium Store” MMC, “Servis” Mənzil-Tikinti Kooperativi, “E&S” MMC, “Aqua Safe”, “Dry Tech”, “Aqua Safe H2O” MMC və digər adlı şirkətlərinin olduğu bildirilir.
 
Xatırladaq ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 2010-2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 2020-ci ilin avqustunda, pandemiya dönəmində qadağanı pozaraq, qızına toy etdiyinə görə 15 sutka həbs olunmuşdu.
 
ŞƏRHLƏRŞƏRH YAZ