Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü böyük qürur, iftixar və milli birlik ruhu ilə qeyd edir.
34 il əvvəl 1991-ci ilin 18 oktyabrında Azərbaycan xalqı öz tarixi iradəsini ortaya qoyaraq müstəqillik yolunda qəti addım atdı. Həmin gün Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
O dövrün mürəkkəb ictimai-siyasi şəraiti, xarici təzyiqlər və daxili qeyri-sabitlik şəraitində belə Azərbaycan xalqı azadlıq yolundan dönmədi. Müstəqillik aktı oktyabrın 8-dən başlayan növbədənkənar sessiyada dörd gün müzakirə olundu və yalnız 18 oktyabrda qəbul edilərək tarixi və yeni bir səhifə açdı - Azərbaycanın azadlıq səhifəsi.
2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Bu qanuna əsasən, 28 may Müstəqillik Günü, 18 oktyabr Müstəqilliyin Bərpası Günü kimi təsbit olundu.
Millət vəkili Tənzilə Rüstəmxanlı Musavat.com-a açıqlamasında deyib ki, 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür:
"Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını dünyaya bəyan etdi. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi.
Amma ötən 70 il ərzində Azərbaycan xalqı heç zaman istiqlal ideyasından vaz keçmədi. 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsində ki, milli şüur daim yaşadı və 80-ci illərdə böyük bir axına çevrildi. Sabir Rüstəmxanlının liderliyi ilə başlayan Meydan hərəkatı müstəqilliyin bərpası uğrunda Milli Azadlıq mübarizəsinə çevrildi. Vətəndaş Həmrəyliyi Partiyası olaraq milli istiqlal tariximizdə sədrimizin imzasını qürurla qeyd edirik.
1991-ci il oktyabrın 18-də “İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. Məhz həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu. Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq Dövlət Müstəqilliyinin Bərpası gününü xüsusi sevinc və coşqu ilə qeyd edirik. Bu gün Azərbaycan istiqlalının və bu istiqlalı ötən əsrin əvvəlində elən edən böyüklərin ucaltdığı üçrəngli bayraq Şuşada, Xankəndində dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!"
Xalidə GƏRAY
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ