Onlayn ictimai-siyasi qəzet
Myanmada cümə günü baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara və mindən çox insanın həyatını itirməsinə səbəb olub. Mütəxəssislər bu zəlzələnin sərbəst buraxdığı enerjinin yüzlərlə atom bombasına bərabər olduğunu bildirirlər.
Musavat.com xəbər verir ki, CNN-ə danışan geoloq Cess Foniksin sözlərinə görə, yeraltı təkanlar 334 atom bombasının partlayış gücünə bərabər enerji yayaraq geniş ərazilərdə ciddi dağıntılara yol açıb.
O, həmçinin xəbərdarlıq edib ki, Hindistan tektonik plitəsi Myanmanın altındakı Avrasiya plitəsinə təzyiq göstərməyə davam etdiyindən yeraltı təkanlar bir neçə ay ərzində davam edə bilər.
Foniks qeyd edib ki, onsuz da qeyri-sabit vəziyyətdə olan Myanmar üçün bu zəlzələ daha da böyük fəlakətlərə səbəb ola bilər. Ölkədə mövcud vətəndaş müharibəsi xilasetmə və yardım işlərini çətinləşdirir, bu da dağıntıların nəticələrini daha da ağırlaşdırır.
Rəsmi mənbələrə görə, təbii fəlakət nəticəsində indiyədək 1000-dən çox insan həyatını itirib. ABŞ Geoloji Xidməti isə ölənlərin sayının 10 mini keçə biləcəyini proqnozlaşdırır. Xilasetmə işləri davam etsə də, dağıntılar və əlverişsiz şərait işləri çətinləşdirir.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ