İnsanlara hürriyət, millətlərə istiqlal!

“3+2" platformasında gözlənilən görüş: Tehran Bakı ilə əməkdaşlığı düşmənçiliyə çevirdi

İranın xarici işlər naziri azərbaycanlı həmkarını Tehrandakı tədbirə dəvət edib; Elxan Şahinoğlu: “Nazirlərin telefon söhbəti vəziyyəti normallaşdırmayacaq”

İranın xarici işlər naziri Hüseyn Əmir Adullahian və Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramov ötən gün baş tutan telefon danışığı zamanı “3+2" regional platformasına dair fikir mübadiləsi aparıblar. "Yeni Müsavat" bildirir ki, İran XİN rəhbəri azərbaycanlı həmkarını “3+2" platformasının Tehranda keçiriləcək toplantısına dəvət edib.

”3+2" platformasının ilk iclası ötən ilin dekabrında Moskvada keçirilib. İlk iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib. Qeyd edək ki, danışıqların “3+3" formatında keçirilməsi təklif olunurdu. Platforma Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran regional əməkdaşlığını ehtiva edirdi. Sonradan Gürcüstandan savayı digər ölkələr platformada təmsil olunacaqlarını bəyan ediblər. Rəsmi Tiflis isə ərazilərini işğal edən Rusiya ilə hansısa əməkdaşlıq platformasında yer almaq niyyətində olmadığını bəyan edib.

Həmin ərəfədə Gürcüstanda rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin Gürcüstanın qərarına dəstək vermişdi:  “Ərazisinin 20 faizini işğalda saxlayan Rusiya ilə  hər hansı bir əməkdaşlıq formatı barədə danışmazdan əvvəl 2008-ci ilin atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi daha yaxşı olardı”. Bəzi siyasi şərhçilər “3+2" formatını hətta anti-Qərb platforması hesab edirlər. Bu platformanın əsas məqsədinin Qərbi Cənubi Qafqaz bölgəsinə buraxmamaq olduğunu iddia edirlər. Platformaya daxil olan ölkələrin maraqlarının bir-birinə zidd olduğu da vurğulanır. Buna misal olaraq, platformaya daxil olan İran, Rusiya, eləcə də Ermənistanın Türkiyə və Azərbaycanın maraqlarına zidd mövqeyi qeyd edilir. Buna misal olaraq son aylar ərzində İran-Azərbaycan münasibətlərində baş verənləri də göstərmək olar.

O səbəbdən hələlik bu platformaya yalnız məşvərətçi birlik kimi baxmaq olar. Çünki doğrudan da adıçəkilən ölkələrin Azərbaycana və Türkiyəyə münasibəti (bəzi istisna Rusiyadır) tərəfdaşlıqdan daha çox düşmənçiliyə köklənib ki, Tehranın son davranışları bunu sübut edir. Bəs bu halda "3+2" regional platformasının perspektivi varmı? İran və Rusiya "3+2" formatını öz siyasi ambisiyalarını möhkəmlətmək və Qərbə qarşı platforma yaratmaq məqsədi güdürmü? İranla münasibətlər fonunda Tehranda keçiriləcək bu tədbirdə iştirak nə qədər zəruridir?

Analitik Elxan Şahinoğlunun bildirdiyinə görə, Azərbaycan və İran xarici işlər nazirlərinin telefon söhbəti münasibətlərdəki vəziyyəti normallaşdırmayacaq. Onun zənnincə, bu 30 ildə oxşar telefon danışıqlarının, qarşılıqlı səfərlərin, görüşlərin, “dost və qardaşlıq” fikirlərinin çox şahidi olmuşuq, hətta 1990-cı illərin sonlarında iki ölkənin təhlükəsizlik xidmətləri belə bir razılığa gəlmişdilər ki, bir-birinə qarşı kəşfiyyat işləri aparılmasın: “Nəticə bəllidir. İranla gərginlik istəmədiyimiz halda Tehran münasibətləri qırılma nöqtəsinə gətirib çıxardıb. Münasibətlərin gərginləşməsinə Tehran rəvac verib, münasibətlərin normallaşması üçün də birinci addımı qarşı tərəf atmalıdır. Birinci növbədə Zəngəzur dəhlizi əleyhinə daima səsləndirdikləri ”sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir" açıqlamalarına son verməli, Azərbaycan əleyhinə sərhəddə hərbi təlimlərdən imtina etməli, partlayışlarda “Azərbaycan izi” axtarmaqdan vaz keçməlidirlər. Bütün bunları edəcəklərmi? Çətin..." Onun fikrincə, İranda qərar verən və Azərbaycana düşmən gözü ilə baxan ali dini liderin ətrafı və SEPAH generallarıdır: “Prezident və xarici işlər naziri, sadəcə, verilən qərarların icraçılarıdır. Ona görə də İran xarici işlər naziri telefon söhbətində azərbaycanlı həmkarına verdiyi vədi yerinə yetirə bilməyəcək”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu

E.Şahinoğlu təklif edir ki, hazırkı gərgin vəziyyətdə Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinə ara verilməsinə ehtiyac var: “Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər. Təsadüfi deyil ki, İran Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycan səfiri Əli Əlizadəyə "bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı" etiraz notası təqdim edilib. Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün, Fransanın üst-üstə 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırkı şərtlər daxilində İrana səfər təhlükəlidir".

Politoloq hesab edir ki, Prezident İlham Əliyevin İranla və güney azərbaycanlılarla bağlı son açıqlamaları Tehran rejimini silkələyib: “İran parlamentində rejimə bağlı bir qrup millət vəkili İlham Əliyevi və Azərbaycanı hədəf alan açıqlamalar veriblər. İçərilərində bəziləri köhnə nağılı təkrarlayıblar. Guya Gülüstan müqaviləsinə görə Azərbaycan İrandan ayrılıb. Mitinq və küçə yürüşlərində həbs olunanlara ölüm cəzası təklif edən parlamentin Gülüstan müqaviləsi haqqında danışması gülüncdür. İran rejiminə qulluq edənlər inkarçıdırlar. İran Rusiyaya Ukraynanı bombalamaq üçün dronlar verir, yalandan deyirlər ki, “verməmişik”, İran maşınları Qarabağa qanunsuz yüklər daşıyırdılar, deyirdilər ki, “belə bir şey olmayıb”, imkanları olsa Urmiya gölünün qurumadığını da söyləyərlər".

Sülhəddin Əkbər: "Azərbaycan lazım bilsə, Rusiya sülhməramlılarını  Qarabağdan çıxarar'' - BBC News Azərbaycanca

Sülhəddin Əkbər 

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbər hesab edir ki, İran-Azərbaycan münasibətlərində gərginlik artacaq, münasibətlər zaman-zaman kəskinləşəcək: “Odur ki, Azərbaycan ilk olaraq öz daxili gücünü - hərbi, siyasi, iqtisadi, maliyyə, kəşfiyyat, sosial-siyasi, milli birlik baxımından gücünü artırmalıdır. İkincisi, onun Türkiyə ilə strateji müttəfiqliyi real məzmun kəsb etməlidir. Azərbaycan öz ərazisində Türkiyə bazalarını yerləşdirməlidir. Bu, ən təsirli güc ola bilər. Təkcə İran üçün deyil, digər güclər üçün də. Üçüncüsü, Azərbaycan Türk Dövlətləri Təşkilatında aktiv rol oynamalıdır və hazırda oynayır da. Bunu da müsbət qiymətləndirirəm. Həqiqətən, Bakı bu təşkilatda fəal rola malikdir. İranın Azərbaycana düşmən siyasəti, eləcə də Azərbaycanın gücünün artması, Türkiyə ilə strateji müttəfiqliyi, Türk Dövlətləri Təşkilatının yaranması, habelə Zəngəzur dəhlizi mövzusunda İsrail, Çin və Böyük Britaniyadan dəstək alması da rol oynayır. Həmçinin Azərbaycanın ABŞ-dan və enerji təhlükəsizliyi ilə əlaqədar Avropa Birliyindən dəstək alması da önəmli rola malikdir. Yəni bütün bu amillərin hamısı bir yerdə Azərbaycanın dövlət başçısına imkan verir ki, çəkinmədən belə bəyanatlarla çıxış etsin. Yəni bu, bir qədər gecikmiş olsa da, doğru istiqamətdə atılan addımdır. Bundan sonra İranla münasibətlərdə müvəqqəti fasilələr, siyasi-diplomatik "atəşkəs" yaşana bilər. Amma mahiyyət etibarı ilə ortadakı ziddiyyətlər barışmaz ziddiyyətlərdir. Bu dövlətlər təbiət etibarı ilə bir-birinə zidd dövlətlərdir. Ya İranda rejim dəyişməli, demokratik rejim qurulmalıdır, ya da İran aqressiv, militarist xarici siyasət yürütməkdə davam edəcəksə, bu, İslam Respublikasının dağılması ilə nəticələnəcək. Hər halda, İran SSRİ-dən güclü dövlət deyil".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR