İnsanlara hürriyət, millətlərə istiqlal!

26 illik atəşkəsi Zəfərlə sonlandıran qalib xalq - Bişkek protokolu tarixə necə gömüldü...

Bu gün Bişkek protokolunun imzalanmasından 28 il ötür. 1994-cü il mayın 12-də imzalanmış həmin sənəddə əfsus ki, Qarabağ separatçıları adından da imza atılmışdı. Erməni tərəfi uzun illər məhz həmin imzanı əsas götürərək iddia edirdi ki, guya Azərbaycan qondarma qurumu tərəf kimi tanıyıb. ATƏT-in üzdəniraq Minsk Qrupunun ermənipərəst həmsədrləri isə uzun illər həm də bu “fakta” istinad edərək, işğalı legitimləşdirməyə çalışdılar.

Azərbaycan ərazisində ikinci qondarma erməni “dövləti”ni qanuniləşdirmək üçün Bakıya pərdə arxasında ciddi siyasi-diplomatik təzyiqlər də göstərdilər, ta ki, 44 günlük Vətən müharibəsinədək... Azərbaycanın dövlət başçısı Qarabağla bağlı ciddi beynəlxalq təzyiqlərin olduğunu bir neçə dəfə açıq mətnlə bildirmiş, lakin qətiyyətli, prinsipial mövqedən heç zaman əl çəkilməyəcəyini də bəyan etmişdi. Postsovet məkanındakı separatçı rejimləri öz adı ilə çağıran  aparıcı paytaxtlar nədənsə erməni separatçılara hər zaman məhrəm münasibət sərgilədilər bu illər ərzində, hətta milyardlarla dollar yardım etdilər, terrorçu, işğalçı rejimi stimullaşdırdılar, ayaqda saxladılar. Məhz bu kimi dəstək qərarları və addımları torpaqlarımızın 30 il ərzində işğalda qalmasına kömək etdi. Lakin son nəticədə nəinki erməni işğalçıları, həm də onları himayə edən mərkəzlər məğlub oldular.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu və xalqının qazandığı möhtəşəm qələbə bu qəbildən kağız parçalarının hamısını, o cümlədən “Madrid prinsipləri”ni, “Kazan anlaşması”nı tarixin zibilliyinə atıb, Ermənistana 10 noyabr kapitulyasiya aktını imzalatdı, yeni və dəyişməz status-kvo yaratdı. Ermənistan və onun havadarlarına layiqli yerinə göstərdi.  Bu gündən 1994-cü ilin o, ağır günlərinə baxdıqda “Bişkek protokolu bizə toparlanmaq üçün həm də tarixi şans verdi” söyləyə bilərikmi? Yəni 1 addım geri atıb 2 addım qabağa getmək baxımından...

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Hikmət Babaoğlu: “Azərbaycan atəşkəsə nail olduqdan dərhal sonra bu günə, əldə etdiyimiz bu tarixi zəfərə hazırlaşmağa başladı və nəticə göz qabağındadır”

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan əldə etdiyi tarixi zəfərə gələnə qədər çətin və məşəqqətli bir yol keçib, ancaq heç vaxt öz məqsədlərindən və prinsipial mövqeyindən bircə addım da geri çəkilməyib: “30 illik münaqişə tarixi siyasətin və diplomatiyanın bütün imkanlarının səfərbər edildiyi, işğalçı Ermənistanın öz himayədarları tərəfindən daima dəstəkləndiyi, Azərbaycana görünməmiş təzyiqlərin edildiyi bir tarixdir. Həm ATƏT-in Minsk Qrupu, həm digər bəzi beynəlxalq təşkilat və güc mərkəzləri erməni işğalını leqallaşdırmaq, ya da heç olmasa status-kvonu əbədiləşdirmək üçü əllərindən gələni edirdilər. 1994-cü ildə imzalanan Bişkek protokolunu da elə bir sənədə çevirmək istəyirdilər ki, orada Azərbaycan məğlub ölkə kimi təqdim edilsin. Ancaq buna nail ola bilmədilər. Əslində 1994-cü il may atəşkəsinə razılaşma elə həmin ilin yanvarında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların nəticəsində ortaya çıxan reallıqla bağlı idi. Çünki ordumuz iyirmidən çox kənd və qəsəbəmizi azad etmişdi. Düşmən anlamışdı ki, belə davam etsə, Heydər Əliyevin Ali Baş Komandanlığı ilə vəziyyət tamamilə Azərbaycanın lehinə dəyişə bilər. Ona görə də atəşkəsin əldə olunmasına cəhd göstərirdilər. Nəhayət, bu cəhd Bişkek protokolu adlanan sənədin imzalanması ilə başa çatdı”. H.Babaoğlu qeyd etdi ki, bu protokol hüquqi qüvvəsi olmayan, heç bir öhdəçilik yaratmayan sənəd idi: “Protokol sülhə çağırışı və atəşkəsi özündə ehtiva edirdi. Ancaq işğalçı Ermənistan həmsədr ölkələrin də təzyiqi ilə bu protokola Qarabağ separatçılarının da nümayəndəsinin imza atmasına çalışırdılar. Düşünürdülər ki, belə olsa, separatçılar və terrorçular münaqişədə tərəf kimi tanınacaqlar. Ancaq Azərbaycan bu sənədi Bişkekdə imzalamadı. Sonralar o zaman rusiyalı həmsədr Vladimir Kazimirovun həmin protokolu Bakıya gətirməsi və Azərbaycanın da həmin sənədə Qarabağın Azərbaycan icmasının rəhbərinin də adını əlavə etməklə imzalaması ilə nəticələndi. Əslində həmin dövrdə Azərbaycana atəşkəs olduqca lazım idi və alınan qərar tamamilə doğru idi. Çünki ordu və iqtisadiyyat olmadan müharibəni davam etdirmək daha dərin məğlubiyyətə düçar olmaq demək idi”.

Deputat qeyd etdi ki, həmin sənədin imzalanması zəruri idi: “Azərbaycan atəşkəsə nail olduqdan dərhal sonra bax, bu günə, əldə etdiyimiz bu tarixi zəfərə hazırlaşmağa başladı və nəticə göz qabağındadır. İndi əldə etdiyimiz tarixi zəfərimizin, qalibiyyətimizin zirvəsindən dönüb bir də o günlərə baxdıqda ötən illərdə alınan qərarların hər birinin bizi addım - addım bu möhtəşəm qələbəyə yaxınlaşdırdığını görürük. Ancaq bizi məğlub görmək və bunun üçün əllərindən gələni edənləri də unutmuruq. Bu gün Bişkek protokolu da, ATƏT-in Minsk Qrupunun illərlə uydurduğu beynəlxalq hüquqa zidd olan ən müxtəlif prinsiplər də, Azərbaycanı fakt qarrşısında qoyaraq onun ərazi bütövlüyünün pozulması hesabına edilən sülh təklifləri də Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və onun qalib ordusu tərəfindən haqq etdiyi yerə gömülüb. Biz artıq qalib xalqıq. Güclü dövlətik və bunun əbədi olması üçün hər birimiz əlimizdən gələni etməliyik”.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzu Nağıyev: “Güclü ordu yarada bildik və qələbəmizi əldə etdik”

Deputat Arzu Nağıyev də protokolun tarixi əhəmiyyətindən bəhs etdi: “Bişkek protokolunun imzalanmasından 28 il ötür, təbii ki, bu müddət ərzində geosiyasi vəziyyət də dəyişib, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında bütün protokol və qətnamələri məhv edərək əsas qələbəsini əldə edib və torpaqlarımızı işğaldan qurtarıb. Bu gün Azərbaycan diqtə edən tərəf kimi hətta separatçıları da bir həmlə ilə qova və həbs də edə bilər. Zənnimcə, müvafiq nəticələr çıxarmayan qüvvələr bunun da şahidi olacaqlar. Baxmayaraq ki, atəşkəslə bağlı Bişkek protokolu var idi, düşmən bir gün də dinc dayanmadı və bütün cidd-cəhdlə təxribatlar törətdi. 2016-cı ilin aprel döyüşlərində isə layiqli cavabını aldı və bir daha gördük ki, bu saziş erməni tərəfindən əsasən siyasi xarakter daşıyan bir sənəd kimi ortaya atılır. Çünki vaxtilə Ermənistan XİN-in başçısı ”Ağdam bizim üçün təhlükəsizlik zolağıdır" kimi boş söhbətləri ortaya atmışdı və artıq məlum idi ki, bunun sonluğu məhz hərbi yoldur. 1994-cü ildə ermənilər Rusiyanın dəstəyi ilə ölkəmizə ciddi təhdidlər edirdilər. O dövrdə siyasi vəziyyət o qədər gərgin idi ki, atəşkəsin imzalanmasına ehtiyac var idi, atəşkəsin imzalanması Azərbaycan üçün vacib idi. Sadəcə olaraq, beynəlxalq qüvvələrin səriştəsizliyi atəşkəsin uzun müddət saxlanmasına gətirib çıxardı və ermənilər bununla bizə çox ciddi ziyanlar vurdular".

A.Nağıyev qeyd etdi ki, buna baxmayaraq, güclü ordu yarada bildik və qələbəmizi əldə etdik: “Bu gün isə artıq reallıq başqadır. İstənilən saxta sənədlərə istinad etməklərinə baxmayaraq, istər Ermənistan, istərsə də onların havadarları bilirlər ki, bu gün gündəmi biz formalaşdırırıq və hətta onların Qarabağ ərazisində girov saxladıqları milliyyətcə erməni olan Azərbaycan vətəndaşlarının da taleyi bizim verəcəyimiz qərarlardan asılıdır”.

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı

QAT sədri Akif Nağı hesab edir ki, o dövrdə Azərbaycan Bişkek protokolunu çətin vəziyyətlə üz-üzə olduğu, məcburiyyət qarşısında qaldığı üçün imzaladı: “Azərbaycana qarşı bu sənəddən istifadə edirdilər, xüsusən də qondarma Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəsinin imzası bizim üçün həmişə çətinlik yaradırdı. O problemlə bağlı hər zaman bizim müxtəlif diskussiyalarımız, müzakirələrimiz, mübahisələrimiz olurdu. Mən bildiyimə görə, o vaxt mərhum prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə Qarabağın azərbaycanlı icması adından Nizami Bəhmənovun da imzası ora əlavə edilmişdi. Kazimirov sonrakı müsahibələrində bunu qeyd etmişdi ki, biz Bakıya qayıdandan sonra Heydər Əliyevin təkidi ilə Nizami Bəhmənov da dəvət olundu və həmin sənədə imza atdı. Orada müəyyən şərtlər var idi. Yazılı olmasa da, şifahi şəkildə deyilənlərə görə, o vaxt Azərbaycan Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razılıq vermişdi. Pavel Qraçov bunun üzərində təkid edirdi ki, bəs söz verilmişdi, iki rus alayı təmas xəttində yerləşdirilməlidir. Ancaq Heydər Əliyev müxtəlif bəhanələrlə buna da imkan vermədi və Rusiya tədricən geri çəkilməli oldu. Sonrakı mərhələdə proseslər bunun üzərində gedirdi, Azərbaycan Ordusu əsas məsələni həll etdi. Əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi idi və bu, baş verdi”. A.Nağı qeyd etdi ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamə də Azərbaycana geniş imkanlar verir: “Amma indiki dövrdə də deməliyik ki, ermənilər o sənədin özündən yox, sənədin imzalanmasından sonra Rusiya prezidenti Vladimir Putinin açıqlamalarından sui-istifadə etməyə çalışır. Putin o vaxt demişdi ki, biz bu məsələləri razılaşdırırıq, amma (Dağlıq) Qarabağdakı status-kvo müəyyən bir vaxta kimi saxlanılır, sonra bu məsələyə qayıdarıq. Yəni iki ifadə var. Bu ifadəsindən ermənilər istifadə etmək istəyirlər, quldur Araik Arutyunyan da bu ifadəyə söykənib. Amma Putinin digər ifadəsi də var ki, o, açıq şəkildə bildirib: Dağlıq Qarabağ daxil olmaqla, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir. Ona görə də Azərbaycan rəhbərliyi, cəmiyyət və biz də bu istiqamətdə öz işlərimizi görürük. Bişkekdən başlayan o prosesin tam nöqtəsini qoymaq üçün bir dəfə də sıçrayış olmalı, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, öz haqqını bərpa etməlidir. Yəni yumşaq təzyiq formasında, yaxud lokal əməliyyatla Azərbaycan Xankəndində hakimiyyətini bərpa etməlidir. Onda Bişkekdə başlayan proseslər özünün məntiqi sonluğuna çatacaq”.   

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR