İnsanlara hürriyət, millətlərə istiqlal!

2025-də qlobal iqtisadiyyatda nələr dəyişəcək - rəy

Ekspert deyir ki, bu il dünya iqtisadiyyatı iki böyük qeyri-müəyyənliyin təsirində olacaq 

2025-ci ilin ilk həftəsi başa çatsa da, onun qlobal iqtisadiyyatda hansı dəyişikliklərə gətirəcəyi ciddi müzakirələrə səbəb olmaqdadır. Xüsusilə ABŞ-da Donald Trampın yenidən prezident kürsüsündə oturmasının qlobal ticarətdə, geosiyasi səhnədə gətirəcəyi yeniliklər əksər analitik mərkəzlərin əsas müzakirə mövzularından biridir. İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, 2025-ci illə bağlı əmin olunan yeganə müəyyənlik elə qeyri-müəyyənlikdir. 

Ekspert bildirir ki, 2025-ci ildə bir neçə önəmli istiqamətdə hadisələrin necə cərəyan edəcəyi bütün dünyanı yaxından maraqlandırır: “İlk ən böyük qeyri-müəyyənlik 20 yanvardan sonra Trampın hansı siyasətləri yürüdəcəyi ilə bağlıdır. İlk prezidentliyi dövründə Tramp haqqında işlətdiyim və özünü doğruldan ifadələrdən biri onun sağı göstərib solu vurmaq bacarığıdır. İkinci ifadə isə Trampın birinci prezidentliyi dövründə istədiklərini həyata keçirməyə mane olan 2 qüvvənin mövcud olması idi. Birinci qüvvə öz komandasında praqmatik, daha balanslı siyasət tərəfdarlarının mövcudluğu idi ki, bu da bəzi siyasətlərin həyata keçirilməsi və icrasında müəyyən sədlərin formalaşmasında önəmli rol oynamışdı. İkinci qüvvə isə ABŞ dərin dövlətinin ikinci qanadı idi ki, bu qanadın baxış bucaqları və yanaşma tərzləri kəskin fərqlənir. Tramp birinci qüvvənin mane olma risklərini yeni seçdiyi komandası ilə xeyli yumşaltdı. Hətta yeni komandada Trampın özündən də radikal trampçılar var. İkinci qüvvənin müəyyən dərəcədə neytrallaşdırılmasında isə Elon Maskın (Elon Maskın özünə yeni seçdiyi adı: Kekius Maximus) üzərinə vəzifələr qoyulub. Tramp və arxasındakı böyük güclər bu dəfə daha hazırlıqlı və birinci prezidentlik dövründə ortaya çıxan riskləri yumşaltmaqla daha qərarlı bir şəkildə siyasətlərini yürüdəcəklərinin mesajlarını verirlər”.

Elman Sadıqov: “Hazırkı işçi qüvvəsi iqtisadi inkişaf baxımından ideal  hesab edilə bilər”

Elman Sadıqov

E.Sadıqovun sözlərinə görə, Trampın tarif siyasəti ABŞ-da inflyasiyanı ciddi şəkildə tətikləyəcək: “Tramp bunu aşağı enerji qiymətləri ilə müəyyən dərəcədə kompensasiya edəcəyini bildirir. Neft qiymətlərini endirməklə buna tam deyil, qismən nail olmaq olar. Tramp ABŞ-ın neft-qaz sənayesinə açıq mesaj verir ki, neft-qaz hasilatını maksimum artırın: neftin bir barelinin 50-60 dollar aralığında olacağını nəzərdə tuturuq və azalan neft qiymətlərinin gəlirlərinizə mənfi təsirlərini artıracağınız hasilatla kompensasiya edə bilərsiniz. Əsas ziddiyyət budur ki, şist neftin maya dəyəri ştatlara, süxurlara, hasilatın həcminə və sair amillərə görə 42-60 dollar arasında dəyişir (bu səbəbdən seçki kampaniyasının əvvəllərində səsləndirdiyi 40-50 dollar proqnozlarını son aylarda 50-60-a qədər artırdı). Hətta 50-60 dollar aralığı bəzi şist neft istehsalçıları üçün rentabelli olmayacaq. Bu ziddiyyətin həll yolu var? Bəli 2 yolu var. Birinci və daha real olanı, neft bazarından qismən (imkanlarından daha az neftin hasilatı və ixracı baxımından) kənarda qalan Venesuela, İran, İraq, Liviya kimi ölkələrdən neft ixracının artırılması yolu ilə təklifin artırılması. Burada bütün maraqların həm toqquşduğu, həm də üst-üstə düşdüyü ölkə İrandır. İkincisi isə tarif və ticarət müharibələri ilə Avropa, xüsusilə Çində iqtisadi inkişafın yavaşlamasına nail olmaqla tələbin azaldılması. Qlobal neft bazarında gündəlik ortalama tələbin sabit olaraq 1-1.5 milyon barel azalması neft qiymətlərinə ən azı 15 dollara qədər təsir göstərə bilər. Alternativ olaraq, əgər ABŞ şist neft istehsalçıları neft hasilatını artıraraq gündəlik 14-15 milyon barelə (hazırda bu göstərici gündəlik 13.57 milyon bareldir) çatdırsalar, bu halda neft-qazın ixracı üçün qlobal bazar payının artımı labüddür ki, burada da növbəti addım atıldı. 31 dekabr, 2024-cü il tarixdə Ukrayna üzərindən Rusiya qazının nəqlini nəzərdə tutan müqavilənin vaxtı bitdi və bu müqavilə uzadılmadı. Avropada qaz ehtiyatlarının qışda tələb olunan səviyyədən az olması (31 oktyabr 2024-cü ildə anbarlarının 95 faizi dolu olan Avropa Birliyində bu göstərici hazırda 70 faiz ətrafındadır) və yanvar-fevral aylarının soyuq keçəcəyi proqnozları qaz qiymətlərinə kifayət qədər ciddi təsir göstərməkdədir. İndiyə qədər Rusiyanın 40 faizdən 5-6 faizə qədər enən payını əvəzləyən ölkə ABŞ olmuşdur. Bu siyasətin davam edəcəyi ilə bağlı Tramp açıq siqnallar vermişdir. Burada ortaya ikinci ziddiyyətli məqam çıxır. Rusiya-Ukrayna müharibəsini 24 saata dayandıracağını bəyan edən Tramp Rusiya qazının Avropaya nəqlinin bərpasında nə dərəcədə maraqlıdır? Qlobal güclər bu məsələdə nə dərəcədə güzəştə gedər? 

Digər ziddiyyətli məqam dollarla bağlıdır. Tramp istehsal və ixracatı artırmaq məqsədilə daha ucuz dollara üstünlük verəcəyini bəyan edir. Lakin tarif siyasəti inflyasiya təzyiqi yaradacağı üçün FED-in faiz endirimlərinə daha zəif və aşağı sürətlə gedəcəyi halda, hətta faizlərin artırılacağı ilə bağlı ehtimallar da mövcuddur, dollar yenə bahalı valyuta olmaqda qalacaq. Çünki Avropa İttifaqında (Aİ) 2025-ci ildə iqtisadi artım 0.9 faiz gözlənilir. Lakin Trampın tarif tətbiqləri və ticarət müharibələrinin Aİ-nin iqtisadiyyatını 1 faiz kiçildəcəyi proqnozlaşdırılır. Bu zaman ən yaxşı halda Aİ-nin iqtisadiyyatı böyüməyəcək. Böyük ehtimalla isə 0.1 faiz kiçiləcək. Deməli, avro bir valyuta olaraq onsuz da zəifləyəcək. Britaniya funtu, Yaponiya yenasının da güclənmə ehtimalları aşağıdır. Çinin isə problemləri kifayət qədər olacaq. Deməli, dollar həm yüksək faizlər səbəbindən, həm də digər valyutaların mənsub olduqları iqtisadiyyatların kiçilməsi və zəifləməsi səbəbindən güclənəcək. Bu isə ABŞ-ın ixracına və istehsala mənfi təsirlərini göstərəcək. Tramp isə bunun əksini istəyir. Əsas ziddiyyət və qeyri-müəyyənlik yaradan bu dilemma necə həll olunacaq? Onu da qeyd edək ki, dünya iqtisadiyyatı üçün yüksək dollar faizləri ciddi problemlər formalaşdırmaqda, ayrı-ayrı ölkələrin öz xarici borcları üzrə əsas məbləğ və faizlərin ödənilməsində ciddi probemlərin davam etməsi ehtimalı yüksəkdir. 

Qısa arayış: Azərbaycan son illərdə xarici borcun daxili borcla əvəzlənməsi siyasəti nəticəsində bu vəziyyətə hazırlıqlı oldu və yüksək dollar faizləri ölkə büdcəsi üçün ciddi bir yük formalaşdırmır". 

Ekspert qeyd edir ki, 2025-ci ilin digər ən böyük risklərindən biri də Tramp və Elon Mask arasında fikir ayrılığının olacağı ilə bağlıdır: “Trampın Kanada, Qrenlandiya, Meksika, Çin, Yaxın Şərq, o cümlədən Suriya ilə bağlı yürüdəcəyi siyasətlər hələ tam aydın deyil. Kanada ilə bağlı mesajları Britaniya ilə Yaxın Şərqdə nüfuz dairələrinin bölgüsü ilə bağlı bazarlıq cəhdi də (unutmayaq ki, Tramp biznesmendir) ola bilər. 

Türkiyəni, bizi, bütün bölgəni, qonşularımızı yaxından maraqlandıran və 2025-ci ilin ən böyük 2 qeyri-müəyyənliyindən biri hesab edilən Suriya məsələsinə gəlincə, burada Tramp (o cümlədən ABŞ-ın müxtəlif güc mərkəzləri) sağı göstərib solu vurmaq xarakterini ortaya qoyacaq. Tramp bizim Suriyada nə işimiz var deyir. Doğru. Amma Suriyanı nəzarətsiz qoyacağıq demir. ABŞ Suriyanın neft-qazla zəngin bölgələrində PKK/PYD qruplarını yerləşdirib və dəstəkləməkdə davam edir. Bu ərazilərin nəzarət altında saxlanılması Suriyanın iqtisadiyyatının nəzarət altında saxlanılması deməkdir. Bu bölgənin Suriyadan ayrılması isə Yaxın Şərqdə yeni bir xəritənin yaranması demək olar. PKK/PYD-nin oradakı varlığını leqallaşdırmaq, ona don geyindirib əsaslandırmağın yeganə yolu isə PKK/PYD-nin İŞID-la “mübarizə aparan önəmli bir qrup” kimi təbliğatının davam etdirilməsidir. Deməli, ABŞ-da ilin ilk günlərində İŞID-la “bağlılığı” olan terror hadisələri təsadüfi deyil. İŞİD mövcuddur, dirçəlir, onunla mübarizədə bizə PKK/PYD lazımdır mesajı verilir. Suriya məsələsini mürəkkəbləşdirən məsələlərdən biri də budur ki, ABŞ Türkiyəni də narazı salmaq istəmir. Türkiyə ABŞ-a çox lazımdır. Türkiyə olmasa, ya ABŞ yenə milyardlarla dollar xərcləyərək Rusiya və İranın yenidən Suriyaya geri dönməməsini və radikal İslam dövlətinin yaranmamasını təmin etmək üçün Suriyada olmalıdır (Əfqanıstanda 20 il milyardlarla dollar xərclədikdən sonra mübarizə apardığı Talibana hakimiyyəti təhvil verib çıxmağa məcbur oldu. Eyni səhvi Suriyada etmək istəmir), ya da Türkiyə ilə sıx əməkdaşlıq etməlidir. Nəzərə alınmalıdır ki, Türkiyə ABŞ və Qərbin əlində partlayan Suriya məsələsində (milyonlarla qaçqınları da özündə saxlamaqla Avropanı qorumaq daxil olmaqla) əsas ölkə olduğunu və Suriyanın yenidən qurulmasında iştirak etməyə ən çox haqqı olan ölkə olduğunu sübut edib. Rusiya və İran isə məhz Suriyada öz mövqelərini, nüfuzlarını bərpa etmək məqsədilə pərdə arxasından da olsa strateji müttəfiqliklərini möhkəmələdəcək və genişləndirəcəklər. Bu amillər nəzərə alındıqda, Türkiyə, ABŞ və İsrailin maraqlarının Suriya məsələsində üst-üstə düşməsi vacibdir. Bu maraqların üst-üstə düşməsini əngəlləyəcək bir neçə amil vardır. Bunlardan biri də Suriyadakı yeni hakimiyyətin dünyəvi deyil, şəriət qanunlarına üstünlük verərək dini dövlət yaratmaq meyllərinin olub-olmayacağıdır. Suriyanı yaxından izləyən biri kimi qeyd edə bilərəm ki, artıq bu meyllər var və konkret olaraq orta məktəb dərsliklərindəki dəyişikliklər bu sahədə ciddi qayğılar formalaşdırır. Bütün qeyd olunanları nəzərə aldıqda demək olar ki, Suriya hökuməti diplomatik kanallarla əməkdaşlıq siqnalları versə də, bu siqnallar müəyyən dərəcədə nəzərə alınsa da, daxili siyasətində razılaşdırılmış kursdan kənara çıxaraq atacağı addımlar da dünya birliyi, xüsusilə Suriya məsələsində ən önəmli rola malik 3 dünyəvi qanunlarla idarə olunan ölkə - ABŞ, İsrail və Türkiyə (Türkiyə dini meyllər sahəsində həddindən artıq tolerantlıq göstərərsə bu onun Suriyadakı mövqelərinə ciddi zərbə vurar, Suriyanın ərazi bütövlüyü məsələsində fikir ayrılıqları dərinləşə bilər) tərəfindən izlənilir və nəzərə alınır. Burada ümidverici məsələ isə Suriyanın iqtisadi modelinin Türkiyə iqtisadi modelinə uyğun qurulacağı ilə bağlı ilkin razılıqların olmasıdır". 

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR