İnsanlara hürriyət, millətlərə istiqlal!

20 illik siyasətin göstəricisi: böyük quruculuq və qayıdış - ANALİZ

Ermənilər Cənubi Qafqaza gəlmədir. Onlar məskunlaşdırıldıqları ərazilərdə daima dağıdıcılıq ediblər. Özlərinə aid olmayan tarixi-mədəni abidələri ya özününküləşdirməyə çalışıb, ya da uçurub dağıdıblar. Sonra yer, coğrafi adları erməniləşdirməyə başlayıblar. Çünki tarixdə özlərinə aid heç vaxt heç nə olmayıb. Yalan və oğurluq onun milli göstəricisidir.

Azərbaycan torpaqlarını işğal altında tutduqları 30 ilə yaxın müddətdə onlar yuxarıda sadaladığımız və qeyd etmədiyimiz bütün mənfi keyfiyyətlərini göstərib, özlərini ifşa ediblər.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatına əsasən, altı əsas sahə - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilib. Bidirilib ki, işğal dövründə Azərbaycana 265 milyard 281 milyon 198 min 203 ABŞ dolları məbləğində ziyan dəyib.

Ermənilər havadarları ilə birlikdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanlarından hərbi məqsədlər üçün istifadə edərək qəsdən dağıdıblar. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və başqa tarixi milli abidələr məhv edilib.

5dbb63d7-c399-304a-8634-822a89cccab2.jpg (63 KB)

İşğal altında 13 (6 memarlıq və 7 arxeoloji), ölkə əhəmiyyətli 292 (119 memarlıq və 173 arxeoloji) və yerli əhəmiyyətli 330 (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdı. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmış, işğalçılar tərəfindən dağıdılıb.

Bundan başqa, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi Ermənistan və havadarlarının şəhəri bombardmanı zamanı yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb.

Şuşanın işğal edilməsi nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılaraq viran edilib.

5d38eeca-892e-333a-86ad-ea2c1d7d462a.jpg (119 KB)

Görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları erməni işğalçıları tərəfindən qarət olunub.

Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Bundan başqa, Ermənistan işğal müddətində minlərlə yaşayış binası, fərdi yaşayış evləri, sosial obyektlər, bağçalar, xəstəxanalar, inzibati binalar və s. yerlə-yeksan edib.

Bu siyahını genişləndirmək də olar. Torpaqlar onların olmadığı üçün orada bu vəhşilikləri törədiblər. Rayonların, qəsəbə və kəndlərin adlarını dəyişib, əraziyə qanunsuz köç təşkil ediblər. Özününkü olmayanı dağıtmaq ermənilərə və gəlmələrə xas əməldir.

e9dac4dd-dd79-3c42-9895-b1a1c1991f39.jpg (263 KB)

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bölgələrin minalardan təmizlənməsinə və quruculuq işlərinə başlayıb. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağ və ətraf rayonların yenidən qurulması davam edir. Azad olunmuş ərazilərin bərpası və yenidən qurulması çox geniş və əhatəli işdir. Ən əsası odur ki, Azərbaycan dövləti quruculuq işlərinin öz daxili resursları hesabına reallaşdırır. Bölgə sakinləri modern Qarabağa, yenidən qurulan yurdlarına köçürlər.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb. 2022-ci il iyulun 19-dan bu günədək 4 şəhərə (Şuşa, Laçın, Füzuli və Xocalı şəhərləri) və 4 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux və Sus kəndləri) ümumilikdə 2036 ailə olmaqla 7901 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

Azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilən orta məktəb 2023-cü il avqustun 23-də, Qazaxıstan tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə 2024-cü il martın 12-də istifadəyə verilib. Həmçinin Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır.

a8c0bc29-eaa1-3807-a4fd-da2f3de040bf.jpg (234 KB)

Bu günədək Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində, Laçın rayonunun Zabux kəndində və Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası istifadəyə verilib.

Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində, Kərkicahan qəsəbəsində, Laçın rayonunun Sus kəndində həmçinin əhalinin köçü planlaşdırılan başqa yaşayış məntəqələrində ümumilikdə 12 məktəbin tikintisi və ya əsaslı təmiri işləri davam edir. Bundan başqa, 13 körpələr evi-uşaq bağçasının tikintisi və ya əsaslı təmirinin yekunlaşması nəzərdə tutulub. 2024-cü ilin sentyabr ayında Xankəndi şəhərində ilkin mərhələdə 800-1000 tələbənin təhsil alacağı Qarabağ Universiteti istifadəyə veriləcək. Şuşa və Ağdam şəhərlərində iki xəstəxananın tikintisi davam edir.

Qarabağda həm də turizmin inkişafı nəzərdə tutulub. Bu məqsədlə həyata keçirilən infrastruktur layihələri çərçivəsində 8 (Şuşa - “Qarabağ”, “Xarı bülbül”, "Yasəmən" hotelləri, Şuşa Otel-Konqres Mərkəzi, Xankəndi - “Palace”, “Qarabağ” hotelləri, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi) hotel və konqres mərkəzləri bərpa və yenidən inşa olunaraq istifadəyə verilib.

Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir.

44e14386-52eb-3bb4-a5cd-23e26fdcbf7b.jpg (292 KB)

7 yolun tikintisi başa çatdırılaraq istismara verilib. 27 yol layihəsi üzrə işlər davam edir. Uzunluğu 47,1 km olan Bərdə-Ağdam və uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmir yolu xətləri tikilir. İndiyədək 330 kV-luq bir, 110 kV-luq 11 yarımstansiya və 30 su elektrik stansiyası istismara, uzunluğu 1000 km-dək 20-dən çox elektrik ötürücü xətti istifadəyə verilib. Xankəndidə 110 kV-luq yarımstansiyasının, 2 su elektrik stansiyasının tikintisi və ya yenidənqurulması davam edir.

Ümumi uzunluğu 314.45 km olan “Azadqaraqoyunlu-Ağdam”, “Böyükbəhmənli-Şuşa” və “Horadiz-Laçın” magistral qaz xətlərinin tikintisi yekunlaşıb.

Suqovuşan, Xaçınçay su anbarları və Köndələnçay su anbarları kompleksi təmir-bərpadan sonra istifadəyə verilmişdir, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaqdadır.

Sadalanalar Azərbaycan hakimiyyətinin dörd ildə gördüyü böyük quruculuq işlərinin bir qismidir.

İndiyədək işğaldan azad edilmiş ərazilərdə 152 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

Xarici İşlər Nazirliyindən bildirilib ki, 44 günlük müharibə bitəndən sonra ölkədə mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub.

Böyük quruculuq və qayıdış bir daha isbatlayır ki, Qarabağ və ətraf rayonlar Azərbaycanındır. Bu işləri yalnız torpağın əsl sahiblər görər. Qarabağın dirçəlməsi, canlanması da 20 illik ardıcıl siyasətin nəticəsidir. Bu yöndə böyük quruculuq işləri və qayıdış davam edir./Report.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR