Onlayn ictimai-siyasi qəzet
Adam xəbəri oxuyur, dəqiqləşdirə bilmir ki, bu iddiada olan adamların başı qaçıb, ya ciddi-ciddi bu cür düşünürlər.
Sözü uzatmadan mətləbə keçək: Dövlət Dumasının deputatı, Rusiyanın xalq artisti Nikolay Burlyayev Puşkin və Lermontovun 188-192 il əvvəl dueldə öldürülmələrini rusofobların işi adlandırıb, RF-nin İstintaq Komitəsinə müraciət edib. Komitənin sədri, Rusiyanın baş müstəntiqi Aleksandr Bastrıkin onu qəbul edib, maraqla dinləyib, bir saat söhbət ediblər, axırda İK sədri söz verib ki, Lermontovun ölümünü araşdıracaq.
Ancaq sanki bir az gec kimidir. Bunu kriminalistlər yox, bəlkə tarixçilər, ya da ədəbiyyatşünaslar araşdırsa, ortaya bir şey çıxarmaq olardı. Yazıq müstəntiqlər nə edəcəklər, kimi maşına basıb təcridxanaya aparacaq, dəyənəklə döyüb deyəcəklər: “Alçaq, Lermontovu necə öldürdüyünüzü təfərrüatı ilə danış”.
Zərərçəkmiş qismində kimi tanıyacaqlar, məhkəməyə kimi çəkəcəklər, kimi “xarici agent” elan edəcəklər – bilinmir. Çətin işdir. Ruslar özləri belə işlərə “qluxar” deyirlər.
Söz yox, bu, Lermontovun öldürülməsinə yeni yanaşma siyasi səciyyə daşıyıq, məqsəd 188-192 il öncə, Burlyayev demişkən, latent (öz aramızdır, “gizli” əvəzinə belə deyəndə daha gurultulu çıxır) şəkitdə mövcud olmuş “rusofob”ları damğalamaq, xalqa göstərməkdir ki, bu alçaqlar hələ 200 il öncədən parlaq ziyalılarımızı qırırmışlar.
Amma adı çəkilən parlaq şairlərin dueldə öldürüldüyü barədə çoxlu tarixi məxəzlər var. Ötən il araşdırıcılar detallı, günüylə, yeriylə yazmışdılar, oxuyurdun, fikirləşirdin ki, əcəba, Puşkinin günü duellərdə keçirmiş, bəs o qədər əsəri nə vaxt yazıb, necə macal-mafar eləyib.
Ciddi deyirəm. Heç demə, Aleksandr öz qısa (cəmi 38 il) həyatında 15 dəfə başqalarını duelə çağırıb, 6 dəfə də onun özünü duelə dəvət ediblər. Həmin duellərdən dördü baş tutub, qalanlarında araya girənlər, tərəfləri barışdıranlar olub. Amma atalar “su sənəyi suda sınar” deyiblər, şairin 21-ci dueli faciə ilə nəticələnib. İndiki terminlərlə desək, “xarici agent”, “rusofob” fransız baron Jorj Dantes böyük ədibi ağır yaralayıb və o, iki gündən sonra vəfat edib.
Mixail Lermontovu isə istefada olan mayor Nikolay Martınov 1841-ci ildə dueldə öldürüb.
Lermontovun dueli də Puşkininki kimi, indiki terminlərlə desək, qız üstündə olub. O vaxt poruçik Lermontov general Verzilinin evində qonaqlıqdaymış. Hərə bir tərəfdə söhbət edirmiş. Mişa da generalın qızı Emiliya ilə yanaşı divanda oturub danışırmış. Şair çox lağlağı və ona-buna sataşan adam olduğundan yaxınlığında oturmuş Martınovu qıza göstərib, deyib ki, belə qorxunc dağ adamı ilə ünsiyyətdə olanda diqqətli olsun. Bu anda pianoda mahnı ifa edən knyaz Trubetskoy əlini saxlayıb, şairin replikası zalda eşidilib, eşidənlər gülüşüblər. Heç demə, zalda Martınovun bişirmək istədiyi bir qadın da olub və onun yanında barəsində belə deyilməsi mayorun şəstinə toxunub. O, bərk qəzəblənib, deyib, bəsdir, Lermontovun istehzasına daha dözmək niyyətində deyil. Mixail Yuryeviç bu açıqlamanı ciddi qəbul etməyib, nəzakətsizliyinə görə üzr istəməyib, Martınov artıq-əskik söhbətlər edib və şairi duelə çağırıb.
Lermontov axıra qədər zarafatlaşırmış, deyirmiş, nə mən mayora atəş açacam, nə də o mənə. Doğrudan da duelçilər bir-birindən 15 qulaç (32 metr) məsafədə dayanıb tapançanı rahlayanda Lermontov tapançasını endirib, atəş açmaq istəmədiyini bildirib. Martınov deyib, atəş aç, yoxsa səni öldürəcəyəm. Lermontov ona deyib: "Mənim xırda şeylər üstündə atışmaq vərdişim yoxdur". Martınov ona belə cavab verib: "Ancaq mənim vərdişim var". Sonra o, şairi uzun müddət nişan alıb və düz ürəyindən vurub.
İndi buna “rusofob”lar nə etsin? Adam dilini dinc qoymayıb, qonaqlıqda dava salıb, adamı qız-gəlinin içində təhqir edib, o da o dövrün qayda-qanunları ilə cavab verib.
O vaxt beləymiş. O yan-bu yan olan kimi, elitar təbəqənin adamları deyirmişlər, filan günü gəl filan yerə, atışacağıq. (Rəiyyət isə gün-zad təyin etmirmiş, hirslənən kimi yabanı soxurmuş rəqibin qarnına).
İndi elə bir qayda olsa şair-yazıçılar, manıslar, siyasi fəallar və Feysbuk istifadəçiləri bir-birini qırarlar. Məsələn, o gün bir gənc yazıçı orta yaşlı həmkarının əleyhinə elə şeylər yazmışdı ki, o sözləri qoşa balon dolusu bal ilə yemək olmazdı. DİN-ə, DTX-yə müraciət etməli məsələ də deyildi. Ara qızışdırmaq kimi çıxmasın, vallahi, o münaqişəni ancaq duel çözə bilərdi.
İndi görək, Bastrıkin Martınova nə cəza kəsəcək. Hərçənd şairin fanatikləri 150 il əvvəl mayorun məzarını tapıb gorbagor ediblər, sür-sümüyünü çıxarıb gölə atıblar.
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ