İnsanlara hürriyət, millətlərə istiqlal!

101 dövlət qulluqçusu necə haker qurbanı oldu? – Ekspert açıqladı

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının mövcud və yarana biləcək təhlükələrdən qorunması məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqlərini davam etdirir.

Musavat.com Azərbaycan Dövlət Xidmətinin yaydığı məlumata istinadən bildirir ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən "Kibergigiyena layihəsi"nə, "informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat"ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, birinci rüb ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevriliblər.

Bunlar aşağıdakılardır:

  1. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi – 63 nəfər
  2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 24 nəfər
  3. Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti – 5 nəfər
  4. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti – 2 nəfər
  5. Dənizkənarı Bulvar İdarəsi – 2 nəfər
  6. Sahibkarlığın İnkişafı Fondu – 1 nəfər
  7. Bakı Şəhər Təhsil İdarəsi – 1 nəfər
  8. Qax Rayon Məhkəməsi – 1 nəfər
  9. Xaçmaz Rayon İcra Hakimiyyəti – 1 nəfər
  10. Balakən Rayon İcra Hakimiyyəti – 1 nəfər

Cəmi – 101 dövlət qulluqçusu.

Həmçinin qeyd olunub ki, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşların ümumi statistikası haqqında məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikasını müəyyən etmək mümkün olub. Belə ki, birinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı aşağıdakı kimidir:

  1. Dövlət İmtaham Mərkəzi – 3052 nəfər
  2. İnnovasiya və Rəqəmsal İnkiaf Agentliyi – 1053 nəfər
  3. Dövlət Vergi Xidməti – 919 nəfər
  4. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – 508 nəfər
  5. Daxili İşlər Nazirliyi – 329 nəfər
  6. Dövlət Miqrasiya Xidməti – 62 nəfər
  7. Elm və Təhsil Nazirliyi – 44 nəfər
  8. Dövlət Gömrük Komitəsi – 42 nəfər
  9. Xarici İşlər Nazirliyi – 38 nəfər
  10. Ədliyyə Nazirliyi – 31 nəfər
  11. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 27 nəfər
  12. Səhiyyə Nazirliyi – 26 nəfər
  13. Maliyyə Nazirliyi – 25 nəfər
  14. Mərkəzi Bankı- Virtual Təhsil Platforması – 17 nəfər
  15. Domen Qeydiyyatı platformaları 299 nəfər

Cəmi – 6472 vətəndaş.

Bəs istifadəçilər nə zaman haker qurbanına çevrilirlər?

Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov Musavat.com-a danışıb:

“Göründüyü kimi burada məsələ iki hissəyə bölünür  - dövlət qurumlarında işləyən vətəndaşlar kiber hücumlarına məruz qalıb, onların məlumatları oğurlanıb, ikincisi isə vətəndaşların dövlət qurumları portallarındakı hesabları hakerlər tərəfindən ələ keçirilib.

Burada məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarında işləyən vətəndaşlar kibergigiyena qaydalarına əməl etmədikləri üçün onların məlumatları oğurlanıb. Bu o deməkdir ki,  onlar parollarını, şəxsi məlumatlarını hakerlərə necə isə oğurladıblar. 

Elə parollar yaradılmalıdır ki, onları tapmaq və ələ keçmək çətin olsun, brauzerlərdə hesab açdıqda orada əgər sizin öz şəxsi  kompyüteriniz və telefonunuz deyilsə, onu saxlamamalısınız, parollardan çıxış etməlisiniz. Əgər siz oradan çıxış etməsəniz və yaxud brauzer sizə təklif etsə ki, “yaddaşda  saxlanılsınmı?”, bu o deməkdir ki, hakerlər parolları həmin brazuerlərdən çıxara bilər. Bütün bunlar kibergigiyena başlığı altında saxlanılır. Bununla bağlı Azərbaycanda ardıcıl şəkildə təlimlər keçirilir.  Vətəndaşlar və dövlət qurumlarında işləyən məmurlar  bu təlimlərdə iştirak edib, kibergigiyena qaydalarına əməl etməlidirlər.

Həmçinin vətəndaşların dövlət portallarındakı hesablarının oğurlanması məsələsində də bu prinsiplər keçərlidir. Vətəndaşlar kompüterlərdən, telefondan istifadə edərkən,  dövlət qurumlarının portallarındakı elektron imzalarını bu və ya digər parollarını  digər üçüncü şəxsə verməməli, üçüncü şəxsin istifadəsinə açıq ola biləcək qaydalara əməl etməlidirlər ki, üçüncü şəxs onların  məlumatlarını oğurlamasın, görməsin”.

Ekspert qeyd edib ki, hakerlər vətəndaşların dövlət qurumlarındakı məlumatlarını bir neçə qaydada oğurlaya bilər:

“Bu fişinq hücumu və yaxud yenə də başqa kompüterdə saxlanılmış məlumatlar ola bilər. Və yaxud da digər hücum növləri var ki, vətəndaşlar hiss etmədən kompüterlərinə daxil ola, uzaqdan hesablarını nəzarətə alıb, görə bilərlər.

Əslində dövlət qurumları portallarındakı məlumatları oğurlatmaq qəliz məsələdir. Bunun üçün üçüncü şəxs elektron girişi əldə etməli, necə isə siz onu təsdiq etməlisiniz.   Əgər bu formada hesablar oğurlanıbsa, demək Azərbaycanda bütün vətəndaşlar kütləvi olaraq kibergigiyena qaydalarına əməl etməlidir. Bunun üçün də ilk növbədə bu səriştələrə yiyələnməli,  maariflənməli və təlimlərə qoşulmaq, qaydaları mənimsəmək lazımdır. Başqa yol yoxdur”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR