İnsanlara hürriyət, millətlərə istiqlal!

10 noyabr sənədi ilin sonunda qüvvədən düşə bilər - səbəblər

Üçtərəfli bəyanatdan çıxmaq təklifləri irəli sürüldü;  “Bu iddialar bir daha göstərir ki, ermənilərlə sənəd imzalayarkən son dərəcə diqqətli olmalıyıq”

İki il əvvəl 10 noyabr üçtərəfli bəyanatının mətni açıqlanandan sonra əksər ekspertlər Ermənistanın 9 maddəlik bu sənədi tam icra etməyəcəyini bildirirdilər.

Ekspertlərə görə, 10 noyabr bəyannaməsi  Azərbaycan və Ermənistan arasında sülhü təmin edə bilməz, zatən 9 bəndlik bu sənəddə sülh sazişi, ümumiyyətlə, nəzərdə tutulmayıb. Moskvanın isə son vaxtlar Xankəndidə Vardanyan kimi əlaltıları vasitəsilə separatçı cinayətkar rejimi möhkəmləndirmək cəhdləri üçtərəfli bəyannaməni riskə soxur. Sənədin əsas müddəaları yerinə yetirilməyib: Qarabağda erməni ordusu qalır və Paşinyan onların çıxarılmayacağını bildirir, Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirəcək maneəsiz əlaqə təmin edilməyib. Erməni tərəfi belə bir öhdəliyi olmadığını deyir. Azərbaycanlıların öz yerlərinə qayıtması, BMT qurumlarının bölgədə fəaliyyətinin təmin olunması isə söz olaraq qalıb. Rusiya bu situasiyanın qalmasında maraqlı olmaqla yanaşı separatçılara yeni milyarder rəhbər təyin edir, erməni əhalisini Bakıya qarşı etiraz aksiyalarına çıxarır, paralel olaraq oradakı qanunsuz silahlı birləşmələr Laçın dəhlizi vasitəsi ilə yenidən komplektləşdirilir və silahlandırılır.

Məsələn, Pressklub.az saytı öz təhlilində yazır: “Soçi görüşü göstərdi ki, Kreml bununla kifayətlənmək niyyətində deyil, Qarabağdakı ordusuna müddətsiz yerləşmə səlahiyyəti, üstəlik mandat tələb edir. Paşinyan hökuməti də bu tələbə açıq dəstək nümayiş etdirir. Bütün bunlar və qeyd olunmayan mənfi tendensiyalar 2 il əvvəl imzalanmış üçtərəfli bəyanatın 2 ay etibarlılıq müddətinin qalmasından xəbər verir. Azərbaycan rəhbərliyi ilin sonuna qədər Ermənistana vaxt verib, tələblərə əməl olunmasa, nə bəyanat qalacaq, nə də Qarabağdakı erməni ordusu. Rusiya sülhməramlıları üçün də vaxt limitini 10 noyabr bəyanatı yox, bölgədəki yeni reallıqlar müəyyən edəcək”.  Bəs siyasilər bu barədə hansı fikridədir?

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatı imzalanan gündən əslində çox ciddi narahatlıqlarımız var idi. Sadəcə olaraq, dekabrın 1-dək işğal altındakı üç rayonumuzun boşaldılması və Azərbaycana təhvil verilməsi ilə bağlı müddəalar göstərilmişdi və 1 dekabra qədər narahatlıqlarımızı ifadə eləmirdik: “Amma 2020-ci il dekabrın 1-dən sonra mütəmadi olaraq sülhməramlı adlandırılan Rusiya hərbçilərinin məsuliyyət dairəsi hesab olunan ərazilərdə baş verən hadisələrlə bağlı narahatlıqlarımızı və narazılıqlarımızı bildirmişik. Konkret olaraq ərazidə sülhməramlı missiya həyata keçirməyi öz üzərinə götürmüş rus hərbçilərinin vəzifələrinin öhdəsindən gəlmədiyi, hətta səlahiyyətlərini aşdıqları ilə bağlı mövqeyimiz olub. Rəsmi dairələrin də bu tipli narazılıqları olub. Üçtərəfli bəyanatın 4-cü bəndinin tələbi hələ də yerinə yetirilmir. Bu isə çox ciddi məsələdir. Bir sözlə, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirməyib. Rusiya sülhməramlıları isə ermənilərdə arxayınlıq yaratmaqla məşğuldur. Sülhməramlı adlanan qüvvələr erməni silahlılarını bölgədən çıxarmaq əvəzinə, əlavə quldur dəstələrinin bölgədə yerləşməsinə xidmət edən, ermənilərin silahlandırılmasına yönəlik addımlar atıblar və bu gün də atırlar. Şübhəsiz, bu, Rusiyanın hərbi və siyasi rəhbərliyinin bilavasitə tapşırığı ilə edilir. Odur ki, narahatlıqlarımız gün-gündən artır. Həmçinin üçtərəfli bəyanatın altında imzası olan Rusiya Prezidentinin imzasına belə nə Rusiya özü, nə də Ermənistan hörmət eləmir. Bu isə həmin bəyanatın perspektivini şübhə altına alır və bəyanatın qüvvədən düşməsi perspektivinin olduğunu yavaş-yavaş ortaya çıxarır. Rusiya belə olmasını istəmirsə, imzasına hörmət etməli, Ermənistana təsir etməlidir ki, bəyanatın tələblərini yerinə yetirsin. Əks təqdirdə, məsələlər olduqca ciddi mərhələyə qədəm qoymaqdadır. Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə qarşı tərəfdən əməl olunmaması, pozulması səbəbi ilə bu bəyanatın hüquqi qüvvəsinin itirilməsi ilə bağlı mövqeyini bildirməlidir. Əslində bu bəyannamə parlamentdə ratifikasiya olunmaması səbəbi ilə ciddi beynəlxalq hüquqi sənəd də hesab oluna bilməz. Amma eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdidlər getdikcə artmaqdadır. Bütün bu amilləri nəzərə alaraq üçtərəfli bəyanatdan birtərəfli qaydada çıxmaq da mümkündür. Azərbaycan öz ərazilərində tam nəzarəti öz əlinə götürməlidir və buna beynəlxalq hüquq da imkan verir”.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov "Yeni TV"-nin  canlı yayımında

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat təkcə atəşkəs sazişi sayıla bilməz. Çünki həmin sənəddə 3 rayonun təhvil verilməsi, erməni silahlılarının çıxarılması, kommunikasiyaların açılması və s. kimi xeyli mühüm məsələlər də öz əksini tapmışdır: "Bununla belə, imzalanan bəyanat sülh sazişi də deyil. Çünki sənəddə öz əksini tapmayan xeyli sayda məsələ mövcuddur. Məhz bu səbəbdən bəyanatın imzalanmasından dərhal sonra Azərbaycan rəhbərliyi sülh sazişinin imzalanması təklifi ilə çıxış etmiş və bu istiqamətdə ardıcıl  işləmək qərarlılığını ortaya qoymuşdu. Çox təəssüf ki, Prezident İlham Əliyevin göstərdiyi konstruktiv yanaşma erməni tərəfinin "səyləri" nəticəsində hələlik istənilən nəticəni verməyib. Ancaq bütün maneələrə baxmayaraq bu istiqamətdə ciddi irəliləyişin əldə olunduğunu hamı etiraf edir. Ən əsası Azərbaycan Prezidentinin tutduğu qətiyyətli mövqe danışıqlar prosesini əvvəlcə ATƏT-in Minsk Qrupunun, sonra isə Rusiyanın inhisarından çıxarmağa imkan verib və bu, son illərin ən mühüm hadisələrindən sayılmalıdır. Bu gün ABŞ sülh danışıqlarını təşkil etmək üçün həm təklikdə heç vaxt olmadığı qədər yüksək fəallıq nümayiş etdirir, həm də Avropa İttifaqının apardığı prosesə açıq dəstəyini nümayiş etdirir. Rusiya Prezidentinin “Valday” forumunda və Soçi görüşündə səsləndirdiyi təxribatçı bəyanatlardan sonra  “oyundan ənar” vəziyyətdə qalmaq üzrə olduğu göz qabağındadır. Bu şəraitdə yaxın gələcəkdə Vaşinqton və Avropa İttifaqı formatlarının birləşəcəyi və danışıqların Aİ-nin rəhbərlərindən olan Şarl Mişelin vasitəçiliyi altında davam edəcəyi tamamilə realdır".

A.Səmədov qeyd etdi ki, bəyanatda nəzərdə tutulan bir neçə mühüm müddəa icra olunsa da, erməni silahlıları hələ də ərazimizdən çıxarılmayıb. Bu barədə dəfələrlə səsləndirdiyimiz tələblərə cavab olaraq Paşinyan “and-aman” eləyib ki, qonşu dövlətin hərbçiləri imzalanan10 noyabr sənədinə uyğun olaraq çıxarılıblar və Azərbaycan ərazisində Ermənistan əsgəri qalmayıb. Bölgədə mövcud olan “Qarabağ ordusu”nun tərk-silah olunması barədə isə bəyanatda heç bir tələb yoxdur: “Bu iddialar bir daha göstərir ki, ermənilərlə sənəd imzalayarkən son dərəcə diqqətli olmalıyıq. Elə etməliyik ki, hər hansı "sərbəst yozuma" meydan verilməsin. Onu da deməliyik ki, köçkünlərin öz yerlərinə qaytarılması barədə bəyanatda yer alan müddəanın icra olunmamasının günahı da bizim üzərimizə atılır və  ermənilər  iddia edirlər ki, bu bənd guya Azərbaycan tərəfinin təqsiri ucbatından icra olunmayıb və guya biz BMT-nin Qaçqınlar üzrə Komissarlığını bölgəyə buraxmırıq. Bütün bu böhtanlara meydan verməmək, erməni yalanlarının yayılmasının qarşısını almaq üçün diplomatiya idarəmizin daha aktiv siyasət yeritməsinə, erməni yalanlarını vaxtında ifşa etməsinə ciddi ehtiyac var".

Partiya sədrinin sözlərinə görə, Soçi görüşü açıq şəkildə göstərdi ki, Rusiya uzun müddət öz əsgərlərini bölgədə saxlamağa çalışır və ermənilər də onun bu istəyinə dəstək verirlər. Ancaq Ukrayna müharibəsi bölgədəki reallıqları ciddi şəkildə dəyişdirib və əvvəlki gücündə olmayan Rusiyanın Azərbaycanın qəti mövqeyinə rəğmən bu istəyini reallaşdırması asan olmayacaq: “Ancaq onu da etiraf etməliyik ki, bölgəmizdə yaranmış durum Azərbaycanın daha kəskin addımlar atmasına, hətta bəyanatın qüvvədən düşməsini elan etməsinə imkan verəcək səviyyədə dəyişməyib. Bu səbəbdən çox diqqətli və ehtiyatlı davranmamıza və Rusiyanın bir az da zəifləməsini, Türkiyənin və ABŞ-ın bölgəyə daha çox nüfuz etməsini gözləməyimizə ciddi ehtiyac var”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR