İnsanlara hürriyət, millətlərə istiqlal!

10 il cəza tələb ediən prokuror dəyişdi, müttəhimə 3 ilə şərti cəza verildi – “Halqa işi” bitdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, Çingiz Mehdiyev Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə ittiham olunub. O, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) şöbə müdiri vəzifəsini tutub. Prosesdə hökm elan edilib. Hökmə əsasən, Çingiz Mehdiyev 3 il sınaq müddəti olmaqla, azadlıqdan məhrum edilib. Həmçinin hökmə əsasən, onun üzərinə həbs qoyulmuş əmlakları da həbsdən azad edilib.

Yada salaq ki, ötən prosesdə Çingiz Mehdiyevin vəkili Faiq Nəcəfov deyib ki, “Formula-1” yarışlarının təşkili zamanı alınan 621 min 671 manatlıq mallar gömrük orqanları tərəfindən yoxlanılıb və “Bakı şəhəri Halqası” şirkəti təhvil verilib. Vəkilin sözlərinə görə, malların qiymətləndirməsi ilə bağlı ekspertiza rəyi ilə razılaşmır, qiymətlər şişirdilib: "Biz məhkəmə tərəfindən gömrük bəyannaməsinin nəzərə alınmamasını xahiş edirik. Bundan başqa, şahid ifadələri ilə məlum oldu ki, marşal postlarını düzəldən şəxs 3-4 min pul alıb. Həmin şəxslər məhkəmədə verdiyi ifadələrində Çingiz Mehdiyevi tanımadıqlarını göstəriblər. Əlaqələrinin olmaması faktı ortaya çıxıb".

Vəkil həmiçin onu da əlavə edib ki, “Formula-1” yarışlarının təşkilində Çingiz Mehdiyevin rolu olub, təşkilatçılıqda mühüm rol oynayıb, müsbət işlər görüb. Vəkil deyib ki, bununla bağlı Çingiz Mehdiyev təltif olunub, uğurlu işləri dəyərləndirilib: "İşə nəzər yetirəndə məlum olur ki, vəziyyətin bu şəkil almasına səbəb ailə münaqişəsi olub. Keçmiş həyat yoldaşı övladının ona verilməsini istəyib, Çingiz isə 17 yaşlı bir uşağın heç nəyə məcbur edə bilməyəcəyini deyib. Bundan sonra Çingiz Mehdiyevin barəsində mənfi rəylər formalaşdırıb".

Vəkil ilk olaraq bəraət hökmünün çıxarılmasını istəyib. Onun sözlərinə görə, bu, mümkün olmasa, ziyanın ödənilməsi əsas gətirilərək, cinayət işinə xitam verilsin. Vəkil həmçinin deyib ki, elektron məhkəmə sisteminə Cinayət Məcəlləsinin 179-cü maddəsi üzrə ziyanın tam ödənilməsi barədə qəbz yerləşdiriblər, buna görə də həmin maddə üzrə cinayət təqibinə xitam verilməsini istəyirlər. Vəkil qeyd edib ki, Çingiz Mehdiyevin anasına məxsus şirkətlərin hesabına köçürülən pulların leqallaşdırılması kimi qəbul edilməsi düzgün deyil, çünki həmin pullar şirkətin özünə məxsus olub. Vəkil əlavə edib ki, Çingiz Mehdiyevin anasına məxsus olduğu şirkət tərəfindən heç bir zərər vurulmayıb, alınan mallar təhvil verilib. Bu səbəbdən pulun leqallaşırılması ittihamını qəbul etmirlər.

Beləliklə, Çingiz Mehdiyev 397 min 892 manat mənimsəmə və israf etmə ilə bağlı ziyan tam ödənilib. Çingiz Mehdiyevin digər vəkili də həmkarı ilə razı olduğunu deyib. Dövlət ittihamçısı Orxan Səmədov həmin sənədlərlə tanış olduğu deyib və bəzi məsələləri dəqiqləşdirmək üçün bir saat vaxt istəyib. Bu səbəbdən hakimlər prosesdə bir saat fasilə elan ediblər. Bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif etmişdi. Onun barəsində seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbirinin dəyişdirilməsinin, onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəmişdi. Dövlət ittihamçısı müttəhimin üzərinə həbs qoyulan əmlaklarının müsadirə məsələsinin də hökm çıxarılan zaman həll edilməsini istəmişdi. Sonrakı prosesdə dövlət ittihamçısı dəyişdi. Elan olundu ki, əvvəlki dövlət ittihamçısı Orxan Səmədov səhhəti ilə bağlı hazırda iclasda iştirak edə bilmir. Bu səbəbdən yeni dövlət ittihamçısı təqdim olunub. Tərəflər buna etiraz etməyiblər. İşə çıxan yeni dövlət ittihamçısı çıxışında bildirib ki, bundan əvvəl Çingiz Mehdiyevin barəsində 10 il azadlıqdan məhrumetmə cəzası tələb olunub.

Yenidən çıxış edən dövlət ittihamçısı Çingiz Mehdiyevə şərti cəza verilməsini təklif edib. O, Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini məhkəmədən xahiş edib. Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib. İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. İttihamda göstərilir ki, İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib. Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesablna 1milyon 436 min 735,18 manatı köçürməklə leqallaşdırıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR