İnsanlara hürriyət, millətlərə istiqlal!

10-11-ci siniflərdə təhsil könüllü olsunmu - rəylər

Ekspert: “Tədris proqramında dərsliklər orta məktəb üçündür və ali məktəblərə qəbul olmağa imkan vermir”

“Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?”

“Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik”, - nazir vurğulayıb.

O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var. Nazir detalları açıqlamayıb:

“Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır”.

Qeyd edək ki, 10 və 11-ci siniflərdə təhsil alanların əksəri ali məktəbə daxil olmaq istəyən şagirdlərdir. O da gizli deyil və hətta problem kimi ortadadır ki, əgər şagirdlər 10-11-ci sinfi ancaq orta məktəbdə təhsil alsalar, ali məktəbə qəbul olmaq şansları 5-10 faiz olacaq. Buna görə də 10 və 11-ci sinif şagirdləri bütün ixtisaslar üzrə repetitor yanına gedir. Bunu ölkədə ən yuxarı səviyyədə də bilirlər. Nazirin dediyi çıxış yolu ilə bağlı təkliflər nədən ibarətdir?

Belə təkliflər də var ki, 10-11-ci siniflərdə təhsil könüllü olsun, yaxud şagirdlər ancaq imtahanlara gəlsinlər. Bəzi ölkələrdə 10-11-ci siniflərlə bağlı könüllük prinsipi var.

Digər bir təklif də 10-11-ci siniflərdə tədrisin ali məktəblərə hazırlıq formatında təşkil edilməsi və ciddi nəzarət altında ödənişli olması haqda da təkliflər var. Bunlardan hansı daha optimaldır?

Azərbaycanda böyük qalmaqala səbəb olan dərsliyin müəllifi danışdı -  09.10.2017, Sputnik Azərbaycan

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:

“Məlum məsələdir ki, ölkədə 10-11-ci sinif şagirdlərinin böyük əksəriyyəti repetitor yanına və ya hazırlıq kurslarına gedirlər. Etiraf edək ki, hər il orta ümumtəhsil məktəblərindən məzun olan şagirdlər məktəblərdə əldə etdikləri bilik və bacarıq sayəsində deyil, repetitor, kurslardan qazandıqları bilikləri sayəsində ali məktəblərə qəbul olunurlar. Bu gün hər kəs əminliklə bunu etiraf edə bilər.

Təhsil naziri Emin Əmrullayev də ona görə qeyd edir ki, orta ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində dəyişiklik edilməlidir. Bu həqiqətdir. Belə ki, günün istənilən saatında, istənilən məktəbə gedib, 10-11-ci siniflərdə monitorinq aparsaq görərik ki, şagirdlərin böyük əksəriyyəti məktəblərdə yoxdur. Onlar direktorla bu və digər formada razılaşaraq, hazırlıqlara gedirlər. Yəni, bu gün 10-11-ci sinif şagirdləri arasında davamiyyət çox aşağıdır. Baxmayaraq ki, dövlət həmin şagirdlərin müəllimlərinə sinifdə tam şagird varmış kimi əmək haqqı ödəyir, amma şagirdlər dərsə gəlmir. Şagirdlər küçələrdə əllərində test kitabları repetitor yanına, ya da kurslara tələsirlər. Buna görə də nazir qeyd edir ki, 10-11-ci siniflərin məzmununa dəyişiklik edilməlidir. Yəni, əgər məktəblərdə alınan bilik 10-11-ci sinif şagirdlərinin ali məktəblərə qəbul olunmasına kömək etmirsə, məzmun dəyişdirilməlidir. Beləliklə, nazir bu fikrində haqlıdır.

Emin Əmrullayev: “Keyfiyyətli təhsil istəyirsinizsə, uşağınızı Azərbaycan  məktəbində oxudun” - BBC News Azərbaycanca

Emin Əmrullayev

Dəyişikliyin mahiyyəti ondan ibarət olacaq ki, 10-11-ci siniflərin qəbul proqramına uyğunlaşdırılması üzərində iş gedəcək. Doğrudur, 2018-ci ildən sonra orta məktəblərdə təmayülləşmə həyata keçirilir. Yəni, orta ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarına, maraqlarına uyğun olaraq, müxtəlif təmayüllü sinifləri var. Məsələn, təbiət, texniki, humanitar, iqtisadi fənləri üzrə. Yəni, ali məktəblərə qəbul üçün ixtisas qrupları üzrə demək olar ki, təmayülləşmə var. Amma təmayülləşmə olsa belə material yoxdur. Yəni, yalnız orta məktəbin kitablarıdır. Buna görə də hesab edirəm ki, məzmunda dəyişiklik etməliyik.

Qeyd edim ki, təmayüllərdə mahiyyət ondan ibarətdir ki, şagirdlər daha çox getdikləri istiqamət üzrə təhsil alırlar. Yəni, daha çox hansı ali məktəbə qəbul olmaq istədikləri ixtisasın fənləri üzrə təhsil alırlar. Proqram və saat buna uyğundur, amma müşahidə edirik ki, məzmunda yanlışlıq var.

Tədris proqramında dərsliklər orta məktəb üçündür və ali məktəblərə qəbul olmağa imkan vermir. Hesab edirəm ki, müəyyən qədər dəyişiklik bunun üzərində olacaq ki, orta məktəblər ali məktəblərə hazırlığın müəyyən bir qismini, missiyasını həyata keçirəcək.

Əlbəttə ki, bu repetitorlara olan müraciətlərin sayına təsir göstərəcək, valideynlərin vəsait itkisinin qarşısını alacaq.

Digər tərəfdən, qeyd etdiyim ki, 10-11-ci sinif şagirdləri məktəblərə yalnız həftənin müəyyən günləri və yaxud KSQ, BSQ üçün gəlirlər. Ona görə də nazir təklif edir ki, bəlkə kimlər ki, dərsə gəlməyəcək, onlar üçün ödənişli əsaslarla xidmət göstərək və həmin pulu məktəbdə müəllimlər daha yaxşı dərs keçməyə sərf edə bilsin. Bu yaxşı haldır, yəni kimsə məktəbə gəlmək istəmir, amma yekunda təhsil sənədi almaq istəyir, ona imkan vermək olar ki, dövlət rüsumu, ödənişli əsaslarla bunu etsin, əldə olunan vəsait isə müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlsin. Yəni biz görürük ki, şagirdlər 9-cu sinifdən sonra adlarını rayon və yaxud məcburi köçkün məktəblərinə yazdırır, amma özləri məktəblərə getmirlər.

Beləliklə, bu məsələ təhsildə ciddi problemə çevrilib. Şagirdləri bu gün məktəblərə qaytarmaq lazımdır. Hesab edirəm ki, ediləcək dəyişikliklə buna nail ola biləcəyik".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR